Şeirlər-Qoşmalar 6

Kəndimizə Məktəb

Kəndimizdə vardır on ildi məktəb,

Yarımasın görüm məktəb açanı.

Bu xarab abadda, yoxdur heç ədəb,

Yarçımasın görüm bina qoyanı.

 

 On ildir bir oğlum məktəbə gedir,

«Cavid şah» dan başqa birzad bilməyir!

Sadə insan dilin buraxıb tez-tez,

Yad ellilər kimi «qorbunet!» deyir.

  

Məktəbi iki il sonra bitirir,

Başıma kül olsun, sənəti yoxdur

Bacarmır cütçülük, nə başqa bir iş.

Ancaq yad sözləri dilində çoxdur.

  

Deyirsən: «Məktub yaz, iş istə Şahdan,»

Qırcanıb deyir ki: «Çi mifərmayin?»

Deyirsən qanmırıq sadəcə danış,

Deyir: «Bisavadin, nəbaşin qəmin!»

 

 Bilirəm məktəbi qurtaran zaman,

Qaçacaq Tehrana külüng vurmağa.

On il dərs oxuyan külüngçü olur,

Cavab olacaqmı bu bidadlara?

 

Şahinlər Ağlamaz

 Sən mənim şe´rimin xətabı oldun,

Hər nə his eylədim sənə söylədim.

İntihasız ağır məşəqqət çəkdim,

Sənə dönüb bütün bəyan eylədim.

 

Kim bilir burada nələr çəkirəm,

Ürəyimdə ağır qubar qalanıb.

Qüssədən, düyündən açılmır üzüm,

Gülüncüm, şadlığım necə talanıb.

 

Daha parçalanır qəmli ürəyim,

Dolubdur qap-qara bir bulud kimi.

Ağır mehnətimə fəlakətimə,

Şərik edim kimi? çağırım kimi?

 

Bax şe´rim olmasa daha dığlaram,

Yüz dolu ahımdır sətrə düzülür.

Yaş da çıxmır niyə gözümdən bilməm,

Könlüm parçalanır canım üzülür.

 

Sən indi neylirsən, xəzan çağıdır,

Bax mən boğuluram, düzün de gözəl.

Məni yadıva heç salırsan ya yox?

Dur gəl qulağıma özün de gözəl.

 

Oxuyub gülməyin mənim şe´rimi,

Yazmasam ürəyim parçalanacaq.

Hər sətri yazanda bir ah çəkirəm,

Həvəs üstə deyil bu şe´ri yazmaq.

 

 

Bu mənim halımın tutğun vaxtında,

Fəryadıma çatan göz yaşlarımdır.

 

 

Gəlin bu sözüdə məndən eşidin,

Rəzalət heç davam etməyəcəkdir.

Mən getsəm də əgər, ölsəmdə əgər,

Amalım heç zaman getməyəcəkdir.

 

Məni göylər ya ki fələk qavmadı,

Qanunu boğubdur İmperyalizmin.

Axırda bu günün intiqamına,

İnsanlar qalxacaq ayağa min-min.

 

Qəlbimdə dəniz var, dərya var mənim,

Tufanlar qalxızar, vəlakin sönməz!

Mən dönüb gedərəm bir gün dünyadan,

Məndən heç bir zaman həqiqət dönməz.

 

Mən çəkən dərdlərin mində birinə,

Siz gəlin tablaşın, kərdisi yoxun!

Quraşdırdığız siz bu qanunların,

Görəcəksiz axır sinəzdə oxun!

 

Siz ey Desputizmin qudurqanları!

Tarixin sayfası qara yazılmaz!

Qanların saldığı qırmızı izlər,

Heç zaman silinməz, heç vaxt pozulmaz.

 

Yenə də deyirəm eşitsin aləm,

Yaşayacaq mənim bütün amalım.

Kiçik imtahandır dünya üzündə,

Mənim ağır günüm acı əhvalım.

 

Kimsə inanmasın mən ağlamışam,

Şahinlər ağlamaz, aləmlər bilir.

Görmürsüz şəfəqlər içində qartal,

Necə möhkəm gedir, necə bərk gedir.

 

Ürəyimdən qopan bütün kəlmələr,

Sahələrdə qanlı iz salacaqdır.

Mən tənha qalmaram, tək yaşamaram,

Göylüm insanları tam alacaqdır.

 

Bu ağır kədərli yalqızlıq içrə,

Heç zaman özümü tənha bilmərəm.

Dünya var qədər mən yaşamalıyam,

Böyük eşqim ölməz, mən də ölmərəm.

 

Qoy könül verdiyim şux gözəlim də,

Məni istəməsin məni sevməsin.

Lakin mən bir onu, bir də həyatı,

Sevirəm, istirəm, siz bunu bilin!

 

Şe´rimi

 

 

Ey mənim şe´rimi dinləyən kimsə,

Könlümün sızısın anlayırsanmı?

Oduma yanmağa şərik olaraq,

Gizli dərtlərimi heç sorursanmı?

 

 

Onlar əfğanıdır qanlı könlümün,

Belə e′tinasız onlara baxma.

Qəmimdir, dərdimdir, qüssəmdir mənim,

Onlarla şad olub canımı yaxma.

 

 

Yazmadım onları şənliklər üçün,

Qəmli bir kimsə heç görərmi şadlıq?

Eyşizdə onları gülünc etməyin,

Aşnalar! şe´rimə qılmayın yadlıq.

 

 

Basılmış, əzilmiş, ellərim üçün,

Ağıtdırlar bunlar, deyin ağlayın.

Məhəbbət, şəfəqqət hərəmlərinə,

Tazə-tərlərindən dəstə bağlayın.

 

Şe´r Dünyası

Həbib Sâhirə məktub.

 

Ellərin baxtının gülü açanda,

Buralarda günəş işıq saçanda,

Səadət nəğməsi oxuyacağam,

Qaraqış ədmə sarı qaçanda.

 

Qırağa çəkilsin qoy xulyalılar,

Əbədi bir nifrət satqına nisar.

Məncə hörməti yox hər söz düzənin,

Deyildir ki şe´rin dünyası bazar.

 

Bizim sözlərimiz yada acıdır,

Çünkü el quvvəti, xalqın gücüdür.

Mən  yaxşı bilirəm sənin əlindən,

Kağızda daman hər şe´r inci dir.

 

Ən gözəldir mənim vətənim Sâhir,

Sən olan yerdə day nə qəmim Sâhir.

Arazın məsirin döndərəcəyik,

Bu sözümə quvvət ver mənim Sâhir.

 

Gələcək deyir ki tez gələcəyəm,

Düzü düz, pisi də pis biləcəyəm.

Xalqımın nifrəti olan kimsənin,

Adını tarixdən mən siləcəyəm.

 

Gözəlliklərimiz

 

A yadlar! mən ölüm bir insaf verin,

Bizim bu gözəllik tapılar harda?

Azərbaycanımın incəlikləri,

Deyilmi misilsiz məgər dünyada?

 

Bilur ayaq avı çöllərimizin,

Ağ buxaq gülləri düzlərimizin.

Şərəfi, şövkəti ellərimizin,

Mə′nası-şəkəri sözlərimizin.

 

A gədə sanma ki acizdir elim,

Törədir yenə də Səttarxan, bax ha!

Töhmətindən sənin uzaqdır dilim,

Ağzımda incəlir gör axa-axa.

 

Mənim arzum budur azad yaşayaq,

Şadca həyat verək birlikdə başa.

Yoxsa dəliləri haraylayaram,

Başıvı döyərlər min kərə daşa.

 

Vətənimi mənim udanmaz pəncən,

Iyidlərim səni basar geriyə.

Çox zalım görübdür qocaman tarix,

Güvənmə bu zülmə bu namərdliyə!

 

Ay Nuru

 

sərpirsə də nurunu ay hər yana,

Şeh daxmamız görməyiri bir işıq.

Qaralaraq günlərimiz gecəmiz,

Devrəmizi basqı qılıb qaranlıq.

 

Çürük vuqal, hisli pərdi damımız,

Hələ durub qabağında işığın.

Kəsginsə də nur, batmayır bunlara,

Gicəlibən itirəcək bildiyin.

 

Dərin-dərin qaranlıqda çarpacaq,

Bir dəlikdən nurun qısa quyruğu.

Dayanacaq bir maniə çataraq,

Keçənmədən döngələri-buruğu.

 

Haçana can çürüyəcək canımız,

Deşiksiz bir şeh daxmanın içində?

Doğacaqmı ayın qursu burada,

Çıxacağıq aydınlığa biz birdə?

 

Susacaqmı gecə devi bir yanlıq,

Açılacaq ayaqlardan kündələr?

Ayın nuru sərpiləcək evmizə?

Görəcəyik aydınlıqdan bir bəhər?

 

Turağayı Küsmə

Bir kolun dibində bir turağayı,

Bağlamışdır yuva ipək-hərirdən.

Qoymuşdur orda üç çil-çil yumurta,

Sanki almas, rəngi qızıl-gümüşdən.

 

Naxırdan ayrılmış bir qızğın inək,

Kəlləri qaçırtmış dalıca ora.

Yollamış naxırçı kiçik oğlunu,

Zəmilər içindən malı qaytara.

 

Oğlanın gözünə dəymiş bu yuva,

Həvəslə əlləmiş yumurtaları.

Ancaq qoymuş yenə öz yerlərinə,

Sonra malla qaçmış naxıra sarı.

 

Turağayı axşam gəlib seyrandan,

Oxuya-oxuya yuvaya çatdı.

Yaxınlaşcaq duydu təğyir isini,

Qıraqda duruban fikrətə batdı.

 

Dəyişib yerini kim yumurtamın?

Kim mənim yuvama əl uzadıbdır?

Kimdir ki yuvamın pərdəsin yırtıb,

Verib yumurtalar yerində təğyir?

 

 

Fikrətə dalandan bir müddət sonra,

Birdən qanad çalıb göyə qavzandı.

Turağayı küsüb yurdun boşladı,

Özü tikən evdən daha yanlandı.

 

Oraya basmadı bir daha ayaq,

Doğrusu bağlamış uzun bir küsü.

Başqa bir zəmidə evcik quruldu,

Başqa yerdə gedib yumurta qoydu.

 

Turağayı küsmə gəl öz yuvana,

Üç yumurtan burda yalqız qalıblar.

Ötən könülləri yoxsa yandırma,

Gəl yumurtaları özünlə apar.

 

Turağayı küsmə qoymarıq birdə,

Bir kimsə yuvana əlin apara.

Səsinə vurulan haq aşıqları

Səni arzulayır uç gəl buraya...

 

O Qızlar Ki

 

O qızlar ki, oyanardı yuxudan,

Səhər vaxtı nəğməsilə sazların.

Süzüşərdi lətafətlə hovuza,

Və çimərdi yanlarilə qazların.

 

O qızlar ki məhəbbətlə azadca,

Böyüyübən açmışdılar qol-qanat,

Gör nə zülüm, nə şəqavət gördülər,

Qıldı əsir onları gör necə Tat!

 

O qızlar ki eşitməzdi heşcə söz,

Güldən ağır yaşayışın boyunda.

Eşitdilər indi nələr, gör nələr,

Vurulub gör necə töhmət onlara.

 

O qızlar ki həmdəm idi güllərlə,

Yatışardı ağuşunda güllərin.

Məskən salıb görün necə yerlərdə,

İndi olub sürgün xarı ellərin.

 

O qızlar ki qucağında ananın,

Becəribən görürdülər naz-ne′mət,

Dilənirlər qapısında kimlərin,

Gör onları necə alıb zor zülmət.

 

O qızlar ki gözəllikdə-hüsnüdə,

Tapılmazdı misalları dünyada,

Görün necə atılıblar nəzərdən,

Kimsə indi rəğbət qılmır onlara...