Şeirlər-Qoşmalar 8

Ağ Yel

 Təbiəti canlat çiçəklər ilə,

Bahar bayramıdır, başla əs ağ yel.

Bir yanda qalxıbdır qızıl lalələr,

Sən əsmirsən burda niyə bəs ağ yel?

 

Yurdumdan getməyir sustlüyü qışın,

Qabağa aparır zülmət öz işin.

Olma batmayır bu zalimə dişin,

Ver bu ölmüş yerə bir nəfəs ağ yel.

 

Saçmayır günəşi day təbiətin,

Fərmanı ötgündür qara zülmətin.

Düşəndə yadıma sənin qudrətin,

Oyanır könlümdə min həvəs ağ yel.

 

Məhəbbətdən yoxdur burda heç nə iz,

Yaltaqlar-zalimlər olurlar əziz.

Qalmışam vətəndə yalqız kimsəsiz,

Sən mənim səsimə ver bir səs ağ yel.

 

Gəl başla vuruşu çirkin zülmətlə,

Çağır insanları saf məhəbbətlə.

İsti əsib yeri qurut həddətlə,

Qaraqış ürəyin dibdən kəs ağ yel.

 

Kor yuxudan oyalt yazıq sarvanı,

İzləsin dəvələr qoy biyabanı.

Peşvaza çağırsın minlər insanı,

Səslənəndə karvanda cərəs ağ yel.

 

Xeyli vaxtdır acı mehlər əsibdir,

Ağır-ağır şəpə yurdu basıbdır.

Sevgilimin yolun palçıq kəsibdir,

Düzgünün xətrinə gəl bir əs ağ yel.

 

Üsyan

 

Köksümdə çırpınan tufanlı ürək,

Yeni sıxı, yeni qurbət istəyir.

Yeni dərd, yeni söz, yeni hadisə,

Yeni işıq, yeni zülmət istəyir.

 

Qulağım təşnədir, yeni sözlərə,

Bulanlıq sulardan qoy nəcat tapım.

Burax vursun dəniz yeni dalğalar,

Qoy yeni köpüklər ağzımla qapım.

 

Daha qol qoymaram əski dəblərə,

Tazəlik acıdır vucudum bütün.

İstirəm bu mavi yaşıl səmaya,

Əməlimlə vuram yeni bir situn.

 

Yoxsa qaytar məni ən uzaq yerə,

Əski insanların çılpaq dövrünə.

Orda ki nə yaxşı, nə pis yox idi,

Qayıdım qoy dağı mən yenə-yenə!

 

Liqah

 

Bağça içrə qopub tərpəndi bir yel,

Eylədi şadyana minlər gül-sünbül.

Bağçanı oxşadı yel şirin-şirin,

Əylənib öpdülər güllər bir-birin.

 

Yel qalxıb yenərək saldı səs-səda,

Ləzzət əhvalatı qopdu baxçada.

Ləzzətlə kamlaşmaq vaxtı yetişəydi,

İntizar ayları daha bitişdi.

 

Erkək gül üstündən qopdu toxumlar,

Dişinin içində qalandı bar-bar.

Qalxdı minlər toxum bir erkək güldən,

Oyanda-buyanda oynadı yeldən.

 

Dəstə ilə dişi bağdan ötüşdü,

Yosma güllərilə xeyli öpüşdü.

Sevdikcə kam alıb kam bağışladı,

Burdan ora - ordan burda oynadı.

 

Yaşa Səttar Xan

 

Səndə canlanmışdır mənim amalım,

Qaradağlı gözəl iyid qəhrəman.

Qanadlandı yenə tərlan xəyalım,

Budur, qoşdum sənin şə′ninə dastan.

 

Tezarı-Qacarı sancırdı sözün,

Qəzəblə dolurdu hər iki gözün.

Zülmü – işkəncəni görmüşdün özün,

İrəli gedirdin heç dayanmadan.

 

Ellərlə birlikdə qiyama qalxdın,

Arzular göyündə ulduz tək axdın.

Şahların köksünə süngü də taxdın,

Səndən nur alırdı ölkəmiz İran.

 

Səsivə səs verdi Azər elləri,

Dalıya atırdı qara illəri.

Kəndlinin, fəhlənin polad əlləri,

Yaradmaq istirdi yeni bir dövran.

 

Sürüldün Tehrana çıraqlar söndü,

Riza xan dirçəldi, Qacarlar yendi.

Gün ötdü, il keçdi, zamana döndü,

Qırğınlara düşdü Azərbaycan.

 

Məhəmməd Riza Şah sanki dav oldu,

Anaları ağlar qoydu savuldu.

Bir gün də İrandan it tək qavuldu,

«Şah getdi» bayramı qalxdı buradan.

 

Qurub Cümhüriyyət indi bu ellər,

Kəsilməyib ancaq hələ sam yellər.

Yenə gözlənilir o daşqın sellər,

Axın-axın axsın dəniz tək insan.

 

İşçilə - əkinçi bayaram eyləsin,

Hər ağız hər dodaq nəğmə söyləsin...

Qanlı bayraq altda el belə desin:

Dönə - dönə sənə: «-Yaşa, Səttar Xan!»

 

Önümə Çıx Gilən!

 

Yeni daşlamanı mənim dalımca,

Acı – acı burda eşitdim hərif!

Qəm ilə yoğrulmuş mənim xəmirəm,

Bunu bilməyirsən, səd əfsus heyif!

 

Eşitdim bir yazıq şəbpərə kimi,

Günəşin üstünə hucum edirsən.

Mənə anlatdılar çaşıb cayıbsan,

Yenə əyri – üyri bir yol gedirsən.

 

Mənim pak adımı ləkələməkdə,

Təşəbbüs edirsən, zəfər çalmırsan.

«Bir şübhə salaram xəlq içrə» deyə,

Rəng – bə – rəng töhmətlər mənə vurursan.

 

Sən günəşi göydə danırsan belə,

Çalağan baxışım gözünü didib.

Aylardır dalımca hey vurnuxursan,

Bəlkə e′tibarım səni kör edib?

 

Sən şair dəyilsən, heçdə bilmirsən,

Quzğunlara şair xidmətçi olmaz.

Şəfəqləri sökən tərlan qanadlar,

Sarın yuvasında bükülüb qalmaz.

 

Mənim ayağıma qırbaç döyəndə,

Söylə görəm hərif hardaydın bəs sən?

Düşmən məni sıxıb «yazma!» deyəndə,

Düşünürdünmü heç nə olur vətən?

 

Çəkdiyim əzablar, işkəncələrdən,

Niyə huyuxursan mən danışanda,

Iyrənc həyatının çirkin üzünü,

Silməkmi istirsən mənə baxanda?

 

Sənə bax, ürəkdən mən acıyıram,

Darısqal fikrinə yazıqlar olsun!

Əzəldən elimin qanlısısan sən,

Yeni pisliyində yadında qalsın!

 

Budur seyr edirəm zaman axının,

Səni boğacaqdır qadir əllərim.

Ey yeni nökəri İmperyalizmin!

Masqanı yırtaxaq şanlı ellərim.

 

Mənim əllərimlə ha yalvarasan,

Yuva biləməzsən sən çirkin üzünü,

Mənim e´tibarım, mənim şöhrətim,

Geri qaytaracaq yanlış sözünü.

 

 

Yanıb qavrulursan, qıvrılırsan sən,

Könüllər mülkünü şe´rim alanda.

Səni didim-didim mən öldürmüşəm,

Hər zaman qələmim zəfər çalanda.

 

Bilirəm gözündə tikan tək durur,

Yeni «Azadlığım» yeni «Yoldaşım».

Sabah ürəyini parçalayacaq,

Ağızından od saçan hər vətəndaşım.

 

Şeirimin bayrağı səni yaxacaq,

Görünmiyəcəkdir külündə belə.

İstədikcə banla, kim qulaq verər:

Yel ilə gələn söz, verilir yelə.

 

Sənə çox yazıqlar, heyiflər olsun,

Məni alçaltmaqla ucalmırsan heç!

Hər an zəfər çalan, qələbə çalan,

Dühamın önündə day qalmırsan heç!

 

Dərdimi sözümü bəlkə duyardın,

Vətənsiz vətəndə şair olsaydın!

Güvənərdin zülal tək keçmişinə,

Həyatda insan tək sən də qalsaydın.

 

Önümə çıx gilən qaçma meydandan,

Üzümdən utanan namərd hərifsən.

Düzgünün həyatı ləkə bilməzdir,

Vaxtını cəhətsiz tələf edirsən.

 

Fars Qızı

 

Axıcı  ləhcəli gözəl Fars qızı,

Dinlə gör necə xoş sədalıyam mən.

Zərdüştün yurdunun odlu çiçəyi,

Təbiətin parlaq cəmalıyam mən.

 

Sənindir ürəyim, sənindir canım,

Əzəldən səninlə qaynayıb qanım.

Sənin dostluğundur izzətim şanım,

Mənə iltifat et, vəfalıyam mən.

 

Yoluna tikmişəm vurğun gözümü!

Sənə qurban verrəm inan özümü?

Məhəbbət  axtarsan, izlə sözümü,

Dostluğun başlıca məqalıyam mən.

 

 

Şirin-incə dilli gözəl Fars qızı!

Dilimdə söz vardır, könlümdə sızı.

Sevgi yurdunun bir parlaq ulduzu,

Məhəbbətin eşqi kəmalıyam mən.

 

 

Bilirsənmi kiməm? Köroğlu dölü,

Dodağı söz acı, ürəyı dolu,

Məhəbbət bağının dərdli bülbülü,

Sevgi dünyasının hilalıyam mən.

 

Elimə deyirlər Azəri eli,

Dilimə isə Azərbaycan dili.

Mübariz ellərin arxası beli,

Tarixin şövkət-ö cəlalıyam mən.

 

 

Hər axşam varanda laləli düzə,

Səni diləyirəm mən gəzə-gəzə.

Məhəbbət əlilə qonaq gəl bizə,

Nə vaxtdır səninlə aralıyam mən.

 

Aşiqəm o süzgün ala gözünə,

Könlümü oxşayan duzlu sözünə.

Başqa bir kəslə yox, deyim özünə,

Mənə zülm eyləmə yaralıyam mən.

 

 

 

Oddur burda bütün axış, düz, çimən,

Sevirsənsə məni bir kərə dillən,

Niyə gizləyirsən sirr sözün məndən,

Ürəyindən sənin ki halıyam mən!

 

Düzgün gəlib sənin cəfandan dilə,

Deyir sən təki bir işvəli gülə:

Həqarətlə niyə baxırsan belə,

Dərdlilərin qəmi-məlalıyam mən,

 

Yalan Götürməz

 

Təbiətin gözəl zinəti şair,

Əzilmiş kütlənin sən diləyisən.

Məzlum insanların kəsgin bir dili,

İşıq ürəklərin şən çiçəyisən.

 

Zülm tapdağının qəmli ahının,

Törəyən barısan, onlardan danış.

Sən cəmiyətin bir görər gözü tək,

Tarixin bəzəyi insandan danış.

 

Sənin Şahbanunda, Şahında eldir,

Zənginlərə gedib boş beyar olma.

Sən könül mülkünün Şəhryarısan,

Şahın ətəyində «Şəhryar» olma.

 

Gəl dəyişmə şe´rin mə´nasını sən,

Düzgün şairlərin adın batırma.

Niyə bəs işıqdan qurd tək qaçırsan,

Saraylara nədən «Şəfəq» saçırsan?

 

Tarix bil buraxmaz başın hər zaman,

Dutacaq boynunu daha ötürməz,

Zamanın gözgüsü yalan götürməz.

 

Yaşarım Mənim

 

Ümidlər yığnağı, arzu beşıyı,

Xoş gəldin dünyaya yaşarım mənim.

Vətənin bu ağır qanlı ayında,

Çatarsanmı haya yaşarım mənim?

 

Qoy bütün analar oğul doğanda,

Ümidlərlə dolu «Yaşar» söyləsin.

Qəhraman oğlunu unudmaz vətən,

Gələcək sənindir a Yaşar sənin.

 

Gələcəklə mənim uzun illərdir,

Varımdır bir qızıl əhd-ü-peymanım.

Qanımla yazmışam könlüm ucunda,

Nisgilim, amanım, könlüm, imanım.

 

Mən ölərsəm də, sən ayaq bas gilən,

Qanlı qızıl ayaq gözəl Təbrizə.

Qarış bə qarış gəz, dolan vətəni,

Gəl sən də aşiq ol əzəl Təbrizə.

 

Qoy qabarlı əllər, polad biləklər,

Səni salamlasın «eşq olsun!» deyə.

Tankıvın altında əzilsin Şahlar,

Tarixin önündə baş əyə-əyə.

 

Ey mənim fidayi arzulu oğlum,

Səndə Oxtayların inadın görüm.

Atan kor yaşayıb, Koroğlu balam,

Yaşasın illərlə bu adın görüm.

 

Sənin nəslin oğlum, gözün açanda,

Dərs də oxuyacaq ana dilində.

Bayrağımız Ərkdə havalananda,

Sitəm qalmayacaq vətən elində.

 

Nisgilli ürəklər arzusu oğlum!

Mənim şe´rim, mənim könlüm dadısan.

Bu günəş, bu hava, bu yer sənindir,

Atavın-anavın sən muradısan.