Şeirlər-Qoşmalar 11

Zibillik

 Şəhrin ortasından çaylaq axarsa,

Hər yerdə o şəhrə gözləllik verər.

Nədən bəs sinəndən axan «acı çay»,

Sənin cəmalını sağ-sola əyər?

 

Kim zibillik etdi gül tək sinəvi?

Dünyada təmizlik nişani, Təbriz?

Siləcəyəm tozu ay tək üzündən,

Gözlürəm mən gəlsin zamanı, Təbriz!

 

«Acı», zülal su tək axıb gedəcək,

Qayıqlar üstündə ləbələnəcək.

Zaman axır indi düşmən kamına,

Gələcək bizimdir, çox tez gələcək.

 

Üç Saat Əyləncə

 

Hər zaman gözünü yadlara tikdin,

Heç inanmadın sən özünə nakəs!

Ağzına gələn hər lafı danışdın,

Qiymət vermədin bir sözünə nakəs!

 

Köküm Təbrizdəndir, deyirsən amma,

Qahramanlıqdan heç nişanən yoxdur.

Qır verə-qır verə fars danışırsan,

Zənd etmə qırıva vurulan çoxdur!

 

Təbriz tribonun əlinə aldın,

Əriməyindənmi söz edəcəksən?

Qarşısında iti gözlərimizin,

Yolsuz yollardamı yol gedəcəksən?

 

Təbrizdən nə qalmış sənə yadigar,

Qeyrət, iffət, ismət, yolumu? təqvamı?

Sürübsən altmış il əxlaqsız həyat,

Burdan çıx get, səni tanıyır hamı!

 

İnanamazsan sən özünə, inan!

Mənim çin üç sahat oldun əyləncə.

Başqa cürəsini dəyərləndirməm,

Qabaqda işim var çox incə-incə...

 

Xeyrxahlıq

 

Xeyirxahlığı gəl tə′rif eyləyək,

Hamı «xeyirxahıq» deyirlər, Təbriz!

Hətta düşmənlərdə sənin qarşında,

Deyirlər: «xeyrivi istəyirik biz!»

 

Gözlüyünə hər kim bir boya yaxmış,

Baxır insanlığa, baxır dünyaya.

Hərə bir boyada görür cəhanı,

Boya hara amma Təbriz sən hara?

 

Böyütdün oğlunu rəngsiz, boyasız,

Qəlbimin saflığı yox demiş rəngə,

Türkə sayayam mən, başqa sayam yox,

Boyanaram yoxsa rəngə, neyrəngə!

 

Xeyirxahlıqlar da tə′rif olanda,

Hərəsi daşıyır bir rəng bir boya,

Bu xeyrin, o xeyrin deyənlər nədən?

Zərrəcə bir səni gəlmirlər saya?

 

Sənə xeyir bir gün düşünən nakəs,

Vaxtında əlindən toqat yemişdir.

Başqası da özün yormasın əbəs,

Oturub dalında hər söz demişdir.

 

Guya Tərizdə day kişi qalmayıb,

Məsəla şəhrimiz qəhtölrical dır!

Nakişilər bizə xeyr axtarırlar!

Ana Təbriz qalx bax, gör bir nə haldır!

 

Dünən şahənşaha zillöllah deyən,

Sənə bu gün gəlib «dostunam» deyir.

Demək nə lazım? sən özün bilirsən:

Yeni dona girmiş, yalan söyləyir.

 

Bəşəriyyət xeyri səndədir Təbriz!

Sən yaxşı bilirsən xeyrin tarixin.

Səndən öyrənsinlər xeyixahlığı,

Xeyirxah insanı bütün hər yerin.

 

Ay Ellər

 

Yetişdi yenə də Fəcr ongünlüyü,

İnqilab övladı eşq olsun sizə,

Çiçəklənir bir-bir gülnahallarım,

Qışda yaz gəlibdir vətənimizə.

 

Dinin dayağısan Azərbaycanım!

Əbədi odun var, sən heç vaxt sönmə.

Dilərsənsə dünya sənə vurulsun,

İslamdan ayrılma, Qur´andan dönmə.

 

Şovonist dünyası dağılacaqdır,

Polad pərdələrdən çıxacaq ellər.

Bütün düşmənlərin bəşəriyyətin,

Yandıran atəşə yaxacaq ellər.

 

Əziz günlər sizə mubarək olsun,

Təbrizin qəlbini duyan ay ellər.

Köpüklərə əlin atmaz mərd oğul,

Bizi qurtaracaq Quran, ay ellər.

 

Danışırdım

 

«ağayi Ələsgər» əmir vermişdir:

«Ustad danışmasın Füzûli üçün!»

Taleə bax, dünən şah yox deyirdi,

Tə′yid etməlidir Ələsgər bugün!

 

Xoş gəldin Tehrana Füzûli baba,

Sabah da Təbrizə yollanacaqsan.

Toplanıb hər yerdən səni sevənlər,

Dünyadan, baxtından kam alacaqsan.

 

Danışmasam da mən sənin haqında,

Danışmayanları danışdırıram.

Böyük qələbədir bu mənə, baba!

Sənin çün meydanı qızışdırıram.

 

Dağılan qapıva, məzlüm adıva,

«Ələsgər»i də biz möhtac eylədik.

Şahları ayırdıq tac-o-təxtindən,

Səni hər tac üçün bir tac eylədik.

 

Titrəməsin görmüş şahlar təxtinin,

Odur ki qorxuya düşmüş Ələsgər.

...

 

Əxlaq Norması

 

Tərbiyələndirmiş məni öz anam,

Uşaqlıqdan mənə namaz qıldırmış.

«Yalnız Allahıvın önündə əyil,

Kimsənin önündə əyilmə!» demiş.

 

Dəstnamaz alanda hər dəfə, anam,

Deyərdi: «nurani olubdur oğlum!»

Anam çəkmiş məni Qu´ran yoluna,

Bu olmuş məktəbim, bu olmuş yolum.

 

Yol demərəm sənin cığırına mən,

Yolsuzluğa çəkən bir cığırdır dar.

Bilmirəm ki kimdən sən əmr alırsan?

İlham verir mənə sevgili dildar.

 

Türkə Türk demərəm, əxlaq olmazsa,

Hər Türk ömür boyu əxlaq gəzmişdir.

Bəşərə bəxş etmiş əxlaq norması,

Buna görə nakəs, Türkü əzmişdir.

 

Özünə İnanır

 

Sənə bəsləyirəm əbədi nifrət,

Millətimi satan sən oldun yada!

Nökərlik eylədin şahlar şahına,

Təbrizi, Urmunu sən verdin bada.

 

Farslaşma təməlin möhkəmləndirdin,

Şahın hökümətin məşru eylədin,

Təbrizə tə′zim et, Urmuya əyil,

Ərdəbilə hər söz, yaman söylədin.

 

Mən inqilab etdim, quruluş qurdum,

Dəm vurursan indi millətçilikdən.

Otura bilmərəm sənlə bir yerdə,

Sənə oğul deməz nə el, nə vətən.

 

İnqilab önündə əyil, təslim ol,

Qudurtma üstümə Fars şovonistin.

Zaman dəyişibdir, dövran dönübdür,

Düşünmək lazımdır azacıq dərin.

 

Xəyanət eylədin o zaman bir cür,

Bu zaman da başqa bir yol gedirsən,

Bu elə obaya ağ saqqal çıxmaz,

Sən təki xaindən, nə fikr edirsən?

 

Yolun tapacaqdır gəncləri elin,

Quracaqlar yeni başqa bir dövran.

Səni qarşılamaz heç zaman Təbriz,

Özünə inanır day, buna inan!

 

Topraq Qoxusu

 

Bütün insanlarla keçinmək olar,

Sənlə bilməm nədən keçinənmirəm!

Güzəştə getsəm də hər kim ilə mən,

Sən ilə güzəştə heç gedənmirəm.

 

Yurduma elimə bağlı şairəm,

Köküm möhkəmlənib bu topraqlarda.

Kökü topraqlarda olan bir fidan,

Canlanar, böyüyər güllü baharda.

 

Topraqdan almışam bahar qoxusun,

Sən bunu əlimdən almaq istirsən.

Toprağıma mənim sən xor baxırsan,

Məni də didərgin salmaq istirsən.

 

A Kəndli Gözəl

 

Gecə el yatanda ayla birlikdə,

Gəlləm yatağına a kəndli gözəl.

İsti nəfəsimi züyüldədərəm,

Qızıl yanağına a kəndli gözəl.

 

Süzgün gözlərində qalıbdır gözüm,

O sədaqətinə qurbanam özüm.

Qulaq as varımdır gizli bir sözüm,

Deyim qulağına a kəndli gözəl.

 

Kəndlərdən də məni qavsalar belə,

Tamam varlığımı versələr yelə.

Alcaq bircə fürsət yenə də ələ,

Gəlləm sorağına a kəndli gözəl.

 

Bu gecə atlanıb mən gedəcəyəm,

Aydınlıqda gözündən itəcəyəm.

Xına yax, bu gecə qan edəcəyəm,

Sütül ayağına a kəndli güzəl.

 

Gecəyə oxşayır qara zülflərin,

Gecənin içində sirr yatar dərin.

Denə töksün yerə dolansın yeyin,

Odlu darağına a kəndli gözəl.

 

Quldurlar aldılar canın Düzgünün,

Qurdlara verdilər qanın Düzgünün.

Niyə tərk eylədin yanın Düzgünün,

Qurban dodağına a kəndli gözəl.

 

ux Maralım

 

Vardır sənə ihtiyacım çox ağır,

Qoyma burda qəmli qalım, ay gözəl!

Əgər məni istəyirsən, sevirsən,

Gəl yanıma səni alım, ay gözəl!

 

Xoşalam ki düşmənivi əzmişəm,

Saçlarına yuxuda gül düzmüşəm.

Səndən ötrü dağ dərələr gəzmişəm,

Dön bax mənə şux maralım, ay gözəl!

 

Səni məndən heç bir quvvə alanmaz,

Azərbaycan düşmanlara talanmaz.

Ağır günlər çox sürməz çox qalanmaz,

Gəl yanıma dönsün halım ay gözəl!

 

Mən demirəm sən özün bax, gəlsən, gəl,

Gözlərinə nə sürmə yax, gəlsən, gəl!

Döşün üstə nə də gül tax, gəlsən gəl,

Bircə sənsiz yox qəralım, ay gözəl!