Gəraylılar 2

 

 

 


Ana Vətən, Ana Vətən!

Qəhramanlar diriləcək,

Önündə yad əyiləcək,

Oğulların seviləcək,

Şən gələcək, tez gələcək,

Ana  vətən, ana vətən!

 

Ətirlidir qoynun sənin,

Güllənəcək dərələrin!

Gedəcəkdir dərdin-qəmin,

Diləklərim açar çiçək,

Ana  vətən, ana vətən!

 

Yad bağırır yalan-yalan,

Mənə deyir: bizə inan!

Etmir bunu asla güman,

Səndən olmaz heç əl çəkmək,

Ana  vətən, ana vətən!

 

Bulaqların sərin sənin,

Çəşmələrin dərin sənin,

Uca zirvə yerin sənin,

Ən gözəlsən bunu bilək,

Ana  vətən, ana vətən!

 

Sən mənimsən, mənimkisən,

Sən biridin, bəs ikisən?

Ürəyimdə sən, təki sən,

Yer dutubsan, belə gərək!

Ana  vətən, ana vətən!

 

Gözəlikdə bir dənəsən,

Məncə, dünya təki sənsən.

Ancaq sənə bağlıyam mən,

Sərf etmişəm burda əmək,

Ana  vətən, ana vətən!

 

Dağlarında gül açacaq,

Qızıl günəş nur saçacaq.

İşığından qurd qaçacaq,

O günə gəl könül verək,

Ana  vətən, ana vətən!

 

Qan rəngində bayrağın var,

Dünyalarca növrağın var,

Yaz nəfəsli min dağın var,

Mən qoymuşam burda ürək,

Ana  vətən, ana vətən!

 

Sarı bülbül

 

Qəmlər səni cana gətdi,

Rəngin oldu sarı bülbül,

Qəlbin zalım qış avladı,

Gəl ağlama barı bülbül.

 

Köksündə odlandı ürək,

Gülünc olur burda istək.

Hanı keçmiş zamanlar tək –

Baxçaların bari bülbül.

 

Niyə seçdin sən zülməti,

Qəbul eylədin zilləti?

Bilmirdin bu həqiqəti,

Qışın olmaz ari bülbül?

 

Qara bulud yan gedəcək,

Qəhramanlar qan edəcək.

Gün dağdan qalxıb gələcək.

Əridəcək qarı bülbül.

 

Aşıq tərpədəcək sazı,

Qaldıracaq xoş avazi.

Görəcəksən yayı yazı,

Öyəcəksən yarı bülbül.

 

Bilirəm axir yaz gələr,

Günəş yerə nur sərpələr.

Yenə güllər işvə eylər,

Eyləmə çox zarı bülbül.

 

Girrik qızıl gül bağına,

Bənövşələr oylağına.

Yetər yarın qulağına,

Sən sızıldat tarı bülbül.

 

Düzgün deyir dönəcək il,

Yanağından qan–yaşı sil.

Sazı götür aç gilən dil,

Oxu oxu sarı bülbül.

 

Məni Hara Atırsan Sən?

 

Şair dostum dayan hələ,

Əlim bilmir yorulmağı.

Məni dinlə, məni dinlə,

Bilirsən ki özün belə.

Çox acıdır bir şairin,

Tək olmağı, tək olmağı...

 

Dağ döşünün bulağı tək,

Mən gözlərdən atılmışam.

Sanılmayır burda əmək.

Ayaq üstə duram gərək.

İllərdir düşmən oxuna,

Dutulmuşam, dutulmuşam...

 

Mənim şe′rim, mənim sözüm,

Ellərimə çatmayıbdır.

İntizarda susub gözüm,

Qaralıbdır hər gündüzüm.

Yad ellinin yalanı da,

Ürəyimə yatmayıbdır...

 

Öz yurdumda, öz obamda,

Qərib gəzib danılmışam.

Qələmimdən kağızlara,

Yaş tökmüşəm damla-damla.

Budur Neron budur Firon–

Atəşində yanılmışam.

 

Eşqi muqəddəs şairəm,

Sinəmdə var qızıl ürək.

Bura mənə olub vətən,

Məni hara atırsan sən?

Necə yumum mən gözümü?

Bir dünya var burda dilək...

 

Könlüm evi olub bərbad,

Qulaq verin siz a dostlar:

Həddən aşıb zülm-o-bidad.

Yersiz mən çəkmirəm fəryad.

El nisgili bir şairi,

Bilirsiz nə hala salar?...

 

Kəlam

 

Gözü ala şamlu qızı,

Sinəndə narı istərəm.

Gələcəyi yetirməyə,

Sənin tək yarı istərəm.

 

Öz elimə can demişəm,

Düşmənə qan-qan demişəm.

Sevgilimə yan demişəm,

Yar-i bidari istərəm.

 

Gözəl səni mən atmaram,

Yanından heç də getmərəm.

Hələ-hələ mən ötmərəm,

«Bəndə suvarı» istərəm.

 

Mənim ürəyim bidardır,

Sənindir hər nə ki vardır.

Əvvəlim axirim yardır,

Köməyi, yarı istərəm.

 

Mənim tək əş′ar yazanı,

Haqq yolu, şərti mizanı.

Öz içimizdə gəzəni,

Gözəl dildarı istərəm.

 

Tat dəyiləm mən əyiləm,

Düzgünüm var, ac deyiləm,

Kimsəyə möhtac deyiləm,

Sahib didarı istərəm.

 

Arx

 

 

Dağ döşündən açılan arx,

Ta haracan gedəcəksən?

Bilirsənmi nə vaxt, necə,

Harada sən itəcəksən?

 

 

 

Heç xəbərin varmı sondan?

Aşnasanmı gələcəklə?

Yara-yara yosma yeri,

Uğranırsan hara belə?

 

Bilirsənmi çixacaqdır,

Qabağına yol kəsənlər?

Şuş qayalar boylanacaq?

Zor edəcək sənə nələr?

 

Belə yeniş yenməkdə, sən,

Məqsədivi tanırsanmı?

Axışları oya-oya,

Bağırırsan dəli-dəli!

 

Sarı köynək

 

 

Yan düşmüşdü, anasından,

Bir balaca sarı köynək.

Cəh-cəhindən duyulurdu,

Başına bəla gələcək.

 

Bir şərarət kənd uşağə,

Otladırdı quzu-qoyun.

Şapand-qaya tavlayaraq,

Çıxardırdı minlər oyun.

 

Köşənləri gəzə-gəzə,

Gəlib çatdı o çəmənə.

Gördüki bir sarı köynək,

Səs salıbdı cəh-cəhilə.

 

Qulaqların şaxlayaraq,

Dinlədi o quşun səsin.

Sanki deyir sözlərini,

Dali verdən öz nəfəsin.

 

Səs ardıca gəzdi-gəzdi,

Toxdadı ta bala quşa.

Bir sap çəkib şapandından,

Vurdu onun qıçın daşa.

 

Topladı bir baş quzunu,

Günəş dağda əyiləndə.

İplə quşu sallayaraq,

Sürü ilə gəldi kəndə.

 

Uşaq evdə sevinərək

Anasından qərbil aldı.

İçinə də səpib buğda,

Arasına quşu saldı.

 

Qərbil içrə, buğda üzrə,

Bir qab duru su da qoydu.

Bir şədərə qapaq edib,

Dövrəsini iplə hördü.

 

Gecə boyu sarı köynək,

Yatmadan səs-səda saldı.

Səhər onu dolu görüb,

Uşaq dərin fikrə daldı...

 

Kəndlilərin Oxumaları

 

Ay kəndlilər toplanın,

Mahnı deyib oxuyaq.

Bir-birizə saplanın,

Uzun zəncir toxuyaq.

 

Hər addımdan bir salaq,

Boynuna ağaların.

Acı qışa son qoyaq,

Üzün görək baharın!

 

Kəndliyik ay ağalar.

Dərtliyik ay ağalar!

 

Yayda qan-tər içərik.

Sünbülləri biçərik.

Aclığımızdan qışda,

Şəhərlərə köçərik!

 

Turağayı uçanda,

Şahlar şərab içəndə.

Hər yandan qavularıq,

Kəndimizdən köçəndə!

 

Biz qıllıyıq tüklüyük.

Ömür boyu yüklüyük.

Hər nə dediz inandıq,

Biz qulağı tüklüyük!

 

Məktəb açılır yengi,

Fars deyək dingi-dingi.

Bir kimsə heç söyləmir,

«Begu binəm çi miygi?»

 

Qapını yağış döyür,

Ürəyimiz döyürür.

Biz burda titrəşirik,

O orda özün öyür!

 

Sarayda pulu sellə,

Təbim var məni yellə,

Doqtorlar deyirlər ki:

Kəndlidir, canım, vellə!

 

Ay qız, gözləri ala,

Dur pincə odun qala.

Şahı basdıracağam,

Nalçı yaxşı bax nala!

 

Çaylar çeşmələr dolar,

Sünbülü oraq yolar.

Azadlığa çıxarıq,

Güman ki bir gün olar!

 

Bağda çiçək əkərik,

Dibinə su tökərik.

Zalimlərin gözünə,

Ox tək axir çökərik!

 

Yaşıllıqdır meşəmiz,

İşləməkdir peşəmiz.

Biçiləcək şah kökü,

İtiliri teşəmiz!

 

Kəndliyik ay ağalar,

Dərtliyik ay ağalar!...

 

Molla Quran oxuyar,

Kəndli xəli toxuyar.

Xəlini apararlar,

Saraylara salarlar.

Sarayda əyləşərlər,

Qızıl şarab içərlər.

Kəndli qapıdan baxar,

Məni yandırıb yaxar.

Barmağını qaldırar,

Qırmız qanı damcılar.

Düşər xəli üstünə,

Ağ naxışda iz salar.

Göz  elə orda qalar.

Göz baxmaqdan qaralar.

Qan saralar saralar...

 

Kəndliyik ay ağalar,

Dərtliyik ay ağalar...