Sərbəst şeirlər 7

Dərd var, Qəm var, Kədər var

Aşiqanə şe′rdə yazdım sənə

Əlbətə yazdım!

Furmada həm möhtəvada,

Ən gözəl nəğmə yaratdım!

Amma sən məndən təranə gözləmə,

Gözlərimdə şo′lə, bir dərya qəzəb var!

Hardasan sən, hardasan yar!

Dərd var, qəm var, kədər var...

 

Gəl könül mülkümdə mehman olgilən,

Gör nə təhər var!

Mən ağır dövranların düzgün dili, düzgün əli,

Düzgün tüfəngi, həmdə düzgün şe′riyəm, bil!

Nəslimin göz yaşını sil!

Onlar odlardan çıxıblar,

Şahların boynun sıxıblar,

Səltənət qəsrin yıxıblar.

Mən bu nəslin şairi, düzgün dili,

Düzgün əli,

Düzgün tüfəngi,

Həmdə düzgün şe′riyəm, bil!

Mən fəzilət yaymağa gəlmiş ilahi qərzdaram!

Qərzimi qoy bir verim,

Ömrüm gödəlmiş, fürsətim yox!

Eşq haqqındır sənin,

Həmdə təranə.

Aşiqanə beytlər çox.

Gəl gözümdən bax cəhanə,

Gör bu dar-i dünyada çoxlu şəhər var.

Çox boyalar, rənglər, neyrənglər də,

Hər birində bir təhər var.

Hardasan sən, hardasan yar?

Dərd var, qəm var, kədər var...

 

 

Mavi Göz

 

Dünyanı mavi gözümlə seyr edən bir şairəm mən

Harda görsəm bir fəzilət,

Allam ətrafın,

Dolannam başına, pərvanə tək,

Yannam, kül ollam.

 

Şairəm mən,

Xeyrxahlıqdan danışsan,

Qeyrəti, təqvanı yaysan,

Qəddinə sözlər qoşaram,

Qamətin görəcək, coşaram!

 

Sən gözümdə çöb gəzəndə,

Alçalırsan, yan gedirsən!

 

Təbrizin mavi gözüylə dünyaları seyr edən bir şairəm mən

Hər nə seçsəm doğrudu,

Mavi gözüm, dərya gözüm var,

Damlalar onsuz yaşamaz.

Damlasan sən,

Alçalırsan, yan gedirsən.

 

 

Birlik

 

Dəniz ilə əgər bir yerdə olsan,

Damla bir dənizdir!

Deyilir Belə.

Qavutlar içindən qopan yel qavan,

Ayrı düşdüyüçün,

Verilir yelə.

Gəl söz birliyinə inanaq biz də,

İnsanlar qoparan tufana sarı-

Yönələk, qavuşaq bir yumruq olaq,

Gətirək bu yurda güllü baharı.

Bir say daha artdı bəhmən ayında,

Təbriz təqviminə, Təbriz adına.

Adlım bir say «oldu iyirmi doqquz»

Bu böyük dad imiş şah bidadına.

Tufanlardan qalxan xırda məş´əllər,

Qara zülmətlərin bağrın sökəcək,

Birgə atlanacaq, birgə qalxacaq,

Qara dumanları yerə tökəcək.

 

 

İnsanlıq bəzəyi

 

«Çehreye kərihe şahane xod ra beşnasid» adlı kitabın 1351-nci ildə gizlicə nəşri munasibətilə.

 

- 1 -

Qoy mənim nəslim bağırsın,

İmdada insan çağırsın.

Sən də şahlar şahının dərgahına çirkin üzün sürt,

«Kuruş» uydur,

Fəxr elə uydurma tarixə!

 

- 2 -

Bil, boğulmuş fəryadam mən,

Partlamış üsyan.

Mənim nəslim qəzəbdir, şo′lədir oddur.

Alavlanmış böyük bir e´tirazdır!

Söyləyir:

«İnsan!

Aman, son qoy fırıldaq almasın dünyanı,

Bəsdir,

Əbəsdir bu kələk qurma

Özün yorma

Mən insanlıq bəzəyi, Təbrizin bir qəhrəman gənci.

Budur, ardımca gəl, durma,

Damarımda mənim qan yox, axan atəş alavlanmış,

Bütün şahlar şahının qəsri də bu atəşə yanmış.

«Kərih üzlər» kitabın biz

Sənə yazdıq,

Oxu, hər bir şahın çirkin üzün tanı,

Mənim ardımca gəl durma,

Quraq bir başqa dünyanı.»

 

 

Son Nəfəsdə

 

Mən yaşda olanın gözü yoldadır

Qulağı səsdə,

Sanki dayanmışdır

Arxada uzanan

Şərəfli, şövkətl,

Uzun keçmişi

Uzaqlardan gələn xışıltılara

Bəşarət şafağın tökən səhərə -

Bağlaya, ölə...

 

Mən yaşda olanın gözü yoldadır,

Qulağı səsdə,

Şah babamın birdə

«Movla ya Əli» səsini duya!

Cənubdan şimala

Göylərdə uçan vertalyut görə,

Uçaqlar seyr edə,

İsmətli-namuslu ana-bacımı

Daşnakın cinayət caynaqlarından

Qurtara, ölə,

Bu son nəfəsdə.

 

Mən yaşda olanın gözü yoldadır,

Qulağı səsdə,

Yeni bir qiliqda «Sâhir»i tapsın.

Onun dirənişin muqavimətin,

Sâhiranə cəngi

Ürəyindən sızan zülal ahəngi,

Sübhün havasında, su pərdəsində,

Ağır-ağır ucan quşlar səsində,

Eşidə, ölə

bu son nəfəsdə.

 

Arzusuz-döyüşsüz qarğa deyiləm

Hər dona  girsəm də

Yenə qartalam.

Səni də qartal tək görmək istirəm

Bu son nəfəsdə.

 

Aman aman! mənim xurma tel oğlum!

Kot-şalvara, pula Allah söyləyən,

Dini əyləncə edən,

Elə dönük çıxan,

Əmanət tanımaz, sədaqət bilməz,

Adını da qoyan «əmin! sədaqət!»

Həyasızcasına qarşıma çıxır

Üzümdən utanmır

Minnətdar üzü.

Ülkərə xor baxır,

İki hiz gözü.

 

Mən yaşda olanın gözü yoldadır

Qulağı səsdə,

Onuda dinləyə

Bu son nəfəsdə.

 

 

İclas gedişi

 

Tehran Danişgahı Ulum İctimai Danişkədəsi salonunda «Teori Zəban Azəri» mozuunda danışdığım munasibətilə.

 

Dizə çökdü mənim qarşımda danişməndlər, Təbriz!

Mənə qarşı duran nakəs

Nə Turandır, nə İrandır,

Fırıldaq işlədən alim numadır, təkcə şeytandır.

Görəydin kaş necə susdu

O satqın nimçə alimlər!

«-Sual ver!»

Söylədim üç dəfə,

Lakin kimsədən cınqır da çıxmaz!

Sanki ölmüşlər hamı!

Lal oldular, Təbriz!

İnan qurdum qala yıxmaz onu tufan,

Əsasi çünkü imandır.

 

Zaman, azər ayının dördüdür,

Yer də danişgah-i Tehrandır.

Salonda toplanıblar yüzlər alimlər

Nə alim, satqın amillər

Özünə Kəsrəvi tək azğını rəhbər seçən dillər.

Dəlillərlə danışdım

Müstənəd mə′ruzə verdim mən.

Siyasi etməyə qalxışdılarsa bir necə növçə

Mənim elmim dayandırdı bütün rəngi,

Və neyrəngi!

«Qara Məcmuə»ni kəşf etmişəm gəl!

Ağlıvı yığ başıva, nadan!

«Apustaq» türkcəsində incəlik var,

«Sümərcə» türkcəsin dinlə,

Oxu «Qasan»,

Bu tarixlər, təməddünlər yaranmış Təbriz üstündən.

Dedim, sonra:

Sübut etdim qəzəblə, hirslə, fəryadilə, Təbriz!

Salonda toplanan alımnumalar susdular birdən,

Bütün başlar aşağı

Tər basıb alnında ovbaşın.

 

Dedim:

«- Tərpən! danış! söylə! sual ver!»

Susdular alim numalar

Dinmədən öldü özünə Kəsrəvi tək azğını rəhbər seçən hər kəs.

Belə iclas quruldu,

Oğlunun elmi bütün iclası sardı

Mat-i məbhut qoydu tarixi.

Sənin oğlundu Düzgün, söyləyir elmim fəravandır,

Mənə düşmən nə Turandır nə İrandır,

Fırıldaq işlədən alim numadır

Təkcə şeytandır.

Sənə iclas gedişin yazmadı kimsə,

«Gözariş» vermədi heçkəs!

Özüm yazdım.

Rapordur bu,

Oxu,

İmza elə Təbriz.

 

 

Zərdüşt

 

Əski türk peyəmbəri «Zərdüşt»ün «Qaslar»ının tərcüməsini qurtardığım zaman.

 

Vətən! dinlə məni

Azadələr çoxdur sənin övladın içrə,

Qoymazlar alçalsın başın-

Dik dut, yeri!

Vətən!

Durma! amandır!

Xəsmi naməhrəm gəlir qoynunda yurd salsın,

Xəyalı var ki qalsın,

Cəhənnəm eyləsin yurdu.

Naxələflər də′vət etmişlər.

 

Bəli!

Pisdir, yamandır, bu.

Böyük azadə bir şair

Mənə vaxtında söylərmiş:

«Mənim arzum budur dünya bütün cənnət bağı olsun!»

Bugün sözləri topraqda düyünlənmiş!

Görürsən nə zamandır bu?

Vətən!

Ey səbrli yurdum!

Mənəm,

«Təbriz sütü əmmiş» deyirlər adıma dünyada, hər yerdə

Bütün dünyaya bağ saldım,

Gedib cənnət qayırdım hər yeri, yurdu,

Bugün gəldim sənə sarı,

Dedim:

«İrandı, Turandı,

Bura yurdumdu

Məndən sarı virandı.

Bura şərq ölkəsi,

Şərqin həvəslə çırpınan qəlbi,

Bu Azərbaycandır!

Oddur amacı,

Savalan tacıdır,

Şərqə dərin savlar gətirmişdir.»

 

Vətən!

Dik dut başın!

Durma, yeri!

Zərdüşt gəlməkdə,

Onun «qas»ları qaslanmaqdadır,

Savları savlanmış,

«Manisə»ləri gallanmış,

Yazılmış «yaznə»ləri, həm

«Apustağı» cilalanmış!

Yəqin et,

Söyləmə rüyadı, rüyalı gümandır bu.

 

İnan Təbriz

 

Mənəm təqdiri tə′yin etməyə qadir,

İnan Təbriz!

Onu çallam daşa,

Bir şişə bardaq tək

Yaman Təbriz.

Sənə sarı gəlib

Yollar kəsərəm mən, səni görrəm,

Səninlə qol boyun ollam,

Aman, Təbriz!

Məni Təbrizə «məmnui vurud» etmiş dəni yağı!

Onun bir pısqırıq fərmanına bax,

Əmrini seyr et!

Odur təqdir əsiri,

Mən ki yox!

Bircə dayan, Təbriz!

Səhəndin zirvəsində od qalanmışdı,

Donun yığmış qara zülmət,

Qıraqda çulqalanmışdı,

Dünən bildim.

Budağlarda yatan əcdadımın qanı

Damarımda axıb,

Hər bir zaman, Təbriz.