Sərbəst şeirlər 8

Xətmi Gülü

Hələ söylənməmiş şe′rim coşmaqda

Ürək sözlərini hansı bir şair,

Yaza bilmiş,

Ki mən də yazım?

Gülün yarpağında, ürək telində,

Çiçəyin ətrində,

Oxuya bilərsən

Bu şe′rimi sən.

Gecə atlısının qaranquluqda

Atının tozunu seyr edə bilsən,

Uca simşad qəddi

Yerə düşəndə,

Onun tərəfinə

Sən gedə bilsən,

Hələ yazılmamış şe′rimi onda,

Oxuya bilərsən,

Bəlkə, deyirəm.

Təbrizdə quylanmış

Hələ söylənməmiş şe′rlərim mənim.

Get gəz «Hüseyniyyə» məzarlığını,

Bircə gül bitəcək Ağa-Babamın

Başının üstündə.

Bir xətmi gülü.

O, mənim

Hələ söylənməmiş şe′rim olacaq!

 

 

Ölüm Yolu

 

Nə oldu yurdunu tərk eylədin gözəl serçəm?

Yuvan ki boş qaldı!

Bu köç düşüncəsinə serçə! kim səni saldı?

Ölüm yolun seçdin?

Ömür haraya gedir

Bilmədinmi sən bunu heç?

Kim öyrədib yola saldı qaranquş adlandın?

Deyirlər Təbrizi dandın!

Qaranquşun o dağa sarı uçmağı nə demək?

İnanmıram buna mən!

Dönər yuvasına bir gün,

Dağa köçən serçə.

Badam ağacları gülləndi serçələr gəldi -

Hayanda qaldı «qaranquş» adlanan serçə?

Muhacirət nə uzun sürdü

Dağ, nə uzaq imiş!

Bu köç düşüncəsinə serçə kim səni saldı?

Ölüm yolun seçdin?

 

 

Xatirə

 

İstirəm Təbrizə peyvənd vuram,

Qəlbimin nəzdində

Saxsı güldanda bitən,

Şəmdanlarımı,

Mən.

Gül açanda bürüsün

Həyəti,

Ətri, iyi.

Anamın çərşabı gülləndiyi gün,

Namazın ətri dolanda otağa,

Nilli ağ köynəyimi,

Rəsmidən asdığı an,

Şəmdanlarımı bir-bir gətirəm

Dəhlizə.

Şe′rimin bəlkə də bir gün yolu düşseydi bizə!

Əmqızım baxdıqca, gülümsəndikcə,

Mən həyətdə oturub,

Yenə peyvənd vurardım -

Bu gülü başqa gülə.

 

 

Gedirəm Evimizə Mən

 

Dün gecə dallarını silkələdim,

Nə səxavətlı imiş tut ağacım!

Qohumu qonşuları toplayaraq,

Altına çadra da tutmuşdu bacım.

Yuxu zənn etmə,

İnan gerçəkdir!

Küçədə çoxları toplanmış idi,

Qapımızda oturanlar çox idi.

Tağara «Şah Çələbi»dən su axırdı, pak su.

Fanısı əldə atam getmiş idi,

Gecə top meydanına,

Bizə su novbəsi gəlmişdi bugün.

 

Amma düşdüm yerə birdən,

Bir uşaq,

Hıçqırırdı küçədə,

Evmizin lap qapısında,

Deyərək:

Gedirəm evmizə mən...

 

 

Təbriz oğlu

 

Mənə deyirlər ki:

«- Biraz qısa gəl!

Yaşlanıbsan, savaş yaraşmaz sənə!»

Amma mən bilirəm Təbriz oğluyam,

Qınaram özümü evdə otursam!

Sənin hansı oğlun savaşdan qaldı?

Təbrizli dünyaya meydan oxudu,

Nə′şi də meydanda meydanlar aldı!

Mən meydan kişisi, meydan oğluyam,

Qınaram özümü yataqda ölsəm!

Sənin hansı oğlun yataqda ölmüş?

 

 

 

Ürəyinin Qan Damlası

 

«Səhənd» həftəlilyinin əməkdaşı «Fazil Mir Xani»nin ölümü munasibətilə.

 

Salxım-salxım üzümlər

Sallananda divardan,

Günəşin tutqun işıltısında,

Ürəyimə hicrindən bir damla hopdu;

Ürək ağrısının nə olduğun bildim.

Ürəyivin ağrısı,

Məni yerindən tərpətdi.

Dünyalarca duyğu yerləşirmiş ürəyində,

Bə´zən baxışlarınla sən danışırdın!

Biz heç huş eləmirdik,

Ürəyində nələr yer salmışdı...

Ah!

Ürək var dünya yerləşir onda,

Ürək var bir damla da içinə alanmaz,

Ürək var bir ufacıq daxmayada yerləşməz.

Ürək var daş kimi,

Ürək də var zülal su kimi!

Ürək var qardaşdır,

Ürək var  duru güzgü,

Saf bir aynadır.

 

Dedilər Fazilin saf ürəyinə

Bir qan damlası hopmuş.

Sənin gözlərin mənə güzgü olanda,

Mən yalnız özümü seyr edə bilirdim.

Kaşki ürəyini mənə güzgü edəydin,

Sənin ürəyinin qan damlasında,

Bütün varlığımı qurban edərdim.

 

Vay olsun mənə ki,

Sənin ürəyindən xəbər tutmadım!

Bəlkə də qəlbinə hopmuşam bir vaxt,

Amma qan damlasını nədən,

Nədən duymadım?

Niyə görmədim?

Zülal sabahında addım atsaydım,

Bütün varlığımı qurban edərdim.

 

Dərdinlə, qəminlə,

Aşina idim mən.

Amma heç zənd etməzdim

Bu qəm, bu kədər,

Sənin saf ürəyində

Bir qan damlasına çevriləcəkdir.

Bəlkə sənin

O bayğın baxışlarında da,

Damla var imiş,

Bir qan damlası.

Özümü şəmatət edirəm indi

Kaş bir də baxaydım bayğın gözünə.

Bir kərə baxsaydım, görərdim inan,

Gözündə oynayan qan damlasını.

Onda zülalındakı qan damlasına,

Bütün varlığımı qurban edərdım.

 

Sən düşdün qabağa,

Dolğun atifələrinlə!

Buraxdın bizi qarqalar kimi,

Özün şahin tək göylərə üçdün!

Göylərin o əngin dənizlərində,

Gözlərdən itdin.

Mən indi zülmətlər-

Çirkablar içindən,

Bu zəlil dünyadan,

Rəzalətlərlə dolu fırtına anbarından,

Rəzil sansorçu əlindən,

Yaxamı qurtarmağa can atıb

Səhənd zirvəsinə,

Təbrizin qulləsinə çıxmaq istərkən

Göylərə göz tikirəm, hey...

 

 

Son Günlər

 

Tehranda qurulan «Firdosi» konqrəsində çıxışımı ləğv edən nadanlar.

 

Bura Tehrandı,

Tarix 90-ncı il

Böyük bir təntənə ilə qurulmuş bu qurultayda

Ələsgər qoymayır qalxıb tribun arxasında səslənim ellər!

Deyir:

«- Tez susdurun ustadı qalxar inqilab eylər!»

Qurultaydan qıraqda

Topladım on beş nəfər azadə,

Orda söylədim böylə:

- Ahay!

Gəlib yetmiş yaşında,

Nagəhan birdən

Pəşiman oldu Firdovsi,

Bütün şairlərə üz tutdu üç yüz səksən altıncı il,

Dedi:

«Ağıl məndən qəbul etməz!

Otuz il inciyib zəhmət çəkib şahları vəsf etdim!

Niyə mən əyri yol getdim?

Cəhanı doldurub Rüstəm adilə,

Burda çoxlu macəra gətdim.

Pəşimanam day indi,

Bir avuc toprağa dəyməz

Yazdığım şahnamə, billahi!...»

Və sonra,

Təbrizin şairlərin

Qarşısına aldı,

Dedi «Firdovsi» illər arxasından:

«... Sizə elnamə yazmaq düşsə, şairlər!

Mənə Şahnamə» yazmaq,

Şahlara yaltaqlıq etmək,

Əyri yol getmək

Sifət olmuş!

Pəşimanam day indi mən,

Pəşimanlıq bütün ərkanıma dolmuş.

Mən alçaqları vəsf etdim,

Mənə alçaq havadar oldu,

Satqın kimsə yar oldu.

Mənə şeytan gəlib heykəl də qurdu

Ağzını yordu...

Necə tər tökməyim qarşızda mən, Təbrizli şairlər?...»

 

Bizə əhsən deyən Firdovsi dir, ellər!

Utansın qoy Ələsgər qarşımızda.

Susmasın dillər.

Bizə, Firdovsi «qardaş! afərin» söylər

Və mən yüz afərinlər söylərəm «Firdvosi»yə, çünki

Gəlib yetmiş yaşında

Nagəhan birdən,

Pəşiman oldu, dərdə doldu,

Yandı ellərin halına,

Son günlər...

 

 

Piyalə

 

Doldur piyaləni,

Məni sərməst qıl gözəl,

Ağlım uçub gedib daha birdə qayıtmasın!

Həsrətli canımı

Qoy eşq odlasın.

Tale çəkibsə başıma qapqara bir bulud,

Qəlbimdə var umud,

Ruhum işıqlı dünyaya yol axtarır, gedir.

Ulduzlu çöllərin küçə bağında seyr edir,

Sərhəd bilməyir.

Tanımır mərz, dağ, dərə,

Gəzir laləzarları.

Doldur piyaləni...

 

 

Laləzar

 

Hər lalə bir şəhid qanının damcısı kimi,

Çöllərdə yox,

Səhrada yox,

Qəlbimdə yer salıb,

Günəşə çevrilib ürək!

Yoxdur ölüm belə ürəyin laləzarına.