Beşliklər

 

 

 

Təranə

Məndə bu ürək,

Geniş göylər tək

Açıqdır, safdır.

Belə də gərək.

 

Elim öyünür,

Zamana dönür.

Xalq üçün mənim

Qəlbim döyünür.

 

Mən ağlamazdım,

Dərd çağlamazdım.

El qurtulsaydı,

Can dağlamazdım.

 

Mindi atına,

Getdi satına.

Aldandı yadın,

Təbliqatına.

 

Təranələr

 

Gəl aşıq sözə,

Gül çıxıb düzə.

Qallam axırda,

Həsrət o gözə.

 

Sallanıb salxım,

Bulanar arxım.

Çevriləcəkdir,

Axırda çarxım.

 

Məndən yan olar,

O sevdiyim yar.

Bilirəm  axir,

Günüm qaralar.

 

Duyğu qalacaq,

Könlüm oyacaq,

Məni vətəndən,

Sürgün salacaq.

 

Vermə day öpüş,

Yanımdan sürüş.

Birdən aşkarlar,

Bu xəlvət görüş.

 

Küçə sulanar,

Sular bulanar.

Qəm çəkmə könül,

Zaman dolanar.

 

Dolannam bağı,

Hər axşam çağı.

Neçün toxdamaz,

Ürəyim dağı?

 

Boz yel esibdir,

Yolu kəsibdir.

Yan-yürəmizi,

Zülmət basıbdır.

 

Səndə solarsan,

Yalqız qalarsan.

Aman danışma,

Kafər olarsan.

 

Zülmətdə sollam.

Ümidlə qallam.

Dünyada mən də,

Olar kam allam.