Ğəzəllər 7

Qorxma

 

Xəyal əhlilə yarım əyləşib durma vo hal etmə,

Sənə bir hal verməzlər, məhal əmri xəyal etmə.

Bizi Türki dilindən mən´ edən nakəs həsud-i dun,

Deyir yə´ni ki cahil qal, həm kəsb-i kəmal etmə.

Özün xırdalayan namərd qorxur pak ruyimdən,

Mənə iyham ilə söylür: dadaş, ərz-i cəmal etmə!

Saqın kim o mühiylanə tələ qurmaqdadır dilbər,

Bizə gər «kuçikəm» söylərsə də doğru xəyal etmə.

Sənə əcdad-i pakından qalan mirasi hifz eylə,

Amandır, gəl ayaq altına salma, paymal etmə.

Yaşanmaz xəsm-i yüz çehrə, alanmaz yurdunu Düzgün,

Elin bidardır, qorxma, belə fikre məhal etmə.

 

Utan

 

Necə hiyləylə bizi verdi o əldən bu ələ,

Gözəl adlarımızı saldı bu dildən o dilə.

Çalxalandırdı bizi xəsm-i dəni-pərvər əli,

Çeynədi millətimiz bir-birini atdı çölə.

Birliyin pozdu, yıxıldı qocaman şanlı elim,

Vəhdətə uğramasa durmayacaqdır da belə.

 Utan indi babanın pak təmiz qanından,

Qeyrətə gəl öz əlinlə özünü salma ələ.

Gənclik günləri düşmənlə dolandın? Düzgün!

Neylədin tarixinə? Sən nə edibsən bu elə?

 

Bir can

 

Gəlin dostlar, gəlin min cismdə bir can olaq indi,

Həsudun qarşısında novgül-i xəndan olaq indi.

Bayaq biz birliyi pozduq, rəqibi şadiman etdik,

Əli Həbl-ol-mətin-ə atıban, şadan olaq indi.

Nifaq saldı sıramızda, dəni, imani püsgürtdü,

Durun anlı açıq bir Türk-i ba-iman olaq indi,

Həyat-i millimiz sədmə görüb əhzab-i şeytandan,

Gəlin biz baniy-i bir məhfil-i irfan olaq indi.

Əmir gəldi diyarımda, nizam-i bi-nizam qurdu,

Təzə qurqu üçün qalxın yeni fərman olaq indi.

Deyir Düzgün pərişan keçmişin bir baqi-əs-səyfi,

Gəlin dostlar, gəlin min cismdə bir can olaq indi.

 

Sözüm

 

Xainə verdin iki əlli yaşıl dağ daşını,

Qanla cari elədin sel tək axan göz yaşımı.

Yurdunun içrəmi sən düşməninə yol verdin?

Qanlar içində buraxdınmı əziz sırdaşını?

Nəyini tərcih edib əcnəbinin dutdun onu,

Niyə məzlum elədin bəs babanı, qardaşını?

Ananın hörmətini saxlamayırsan mı, əcəb,

Evdə mehman eləyirsənmi Əcəm obaşını?

Bənzədirsən mi özün bir bölük əğyarə bugün,

Yarı yolda buraxırsan mı əziz yoldaşını?

Qudsi amala düşün, qalx, ağartma dişini,

Buğdana arpa deyir, mərci sayırlar maşını.

Sâhirin oğlu deyirlər mənə, Düzgündür adım,

Tavlama, dinlə sözüm, dərdə salaram başını.

 

Möhtac

 

Səni həm-yerli dəni özgiyə möhtac elədi,

Dər-bə-dər saldı bütün ovladını ac elədi.

Güldü namuslu ağır ellərivin namusuna,

Yenə gəbri, məcusu başımıza tac elədi.

Sən də cumdun yuxuya mən o günə qaldım kim,

Kuruşun nəsli gəlib yurdumu tarac elədi.

Biz durutduq suyu hər bir işə verdik saman,

Bu bazardan dəni öz nəf´inə intac elədi.

Danışanda özünü gözləmədin, sadə oğul,

Səni vurmağa sənin ləfzini qırbac elədi.

Aşinayam yanıram halına Düzgün mən özüm,

Bilirəm, kim səni namərdlərə möhtac elədi.

 

Âsar

 

Saxla həddin dustum, əğyar etmə yarını,

Dünya beş günlükdü, əldə saxla həm-əsrarını.

Dustlarınla əzizim! Qət´i didar eyləmə,

Hər zəman oldu məcalın, tazələ didarını.

Vermə yol xanəndə ifsad əhlinə, na-məhrəmə,

Gər həqiqət əhlisən, gəl hifz elə kirdarını.

Dil yarası vurma heç bir dusta, diqqətli ol,

Söz danışanda gözətlə öz şirin göftarını.

Hörmətin hifz et, ağır tərpən, ağır otur, dur,

Yüngül işlərlə oğul əksiltmə öz miqdarını.

Yarlar cəm´ində olma kibrli, bil həddini,

Sən təvazo´ kanısan, alçaq götür divarını.

Sən həsudun tə´nəsindən dər əmansan Düzgünüm,

Oxusan yalnız səmimi yarlara asarını.

 

Mənzil

 

Oğluna öyrət özün öz dilini,

Qoyma əğyar apara sevgilini.

Demə ki «mədrədədə ləhcə tapar»,

Bir günə dəyməz eləmə ilini.

Dəvə etdi hərə öz eşşəyini,

Ağla gəl, fincan eləmə filini.

Zurna çalınmaz obaşdan balacan,

Oxuyursan, bəmə salma zilini.

Türk sancağıdı qaldır yerdən,

Uca bir dağ başına sanc milini.

Gəbrin âsarını sil yurdundan,

Duru saxla, saf elə öz lilini.

Qurbət âvarəsi Düzgün, söylə,

Tanımadın niyə öz mənzilini?

 

Qeyd-i xak

 

Yâr nârın qan edib âşiqini rəng etdi,

Qeyr ilə yarlıq edib, yarı ilə cəng etdi.

Eşq iksiri vücudum misin altın yapdı,

Kilkimi Mani qılıb, eşqimi Ərjəng etdi.

Laməkan vüs´ətinə basdı Həbib Sâhir, ayaq,

Qeyd-i xakə buraxıb Düzgünü diltəng etdi.

 

Kəndli

 

Səlam olsun sənə məndən səfalı rəncbər kəndli,

Ürəyi saf, sədaqətli, kələkdən bi-xəbər kəndli.

Təmədünli bu ə´yanlar, nijadi bərtər insanlar,

Mənim əhvalımı səndən də, etmişlər bətər kəndli.

Sənə tay sâdəlikdə, qəlbi sâflıqda tapanmadım,

Hədər etdim şəhərlər içrə ömrüm sər-bə-sər kəndli.

Xəyalına səfa vermək üçün kəndə gəlir oğlun,

Könül evin yıxıb virân edib zəngin şəhər kəndli.

Sən ey azğın, cəhâlət içrə çulqanmış uca rütbə,

Bunu bil görmədim bir sadə insan mən, məgər kəndli.

Əgər yüz aldanış altında virân eylisən yurdun,

Ayıq ol sâdəliklə zülm evin axir sökər kəndli.

Dilin məmnu´ edibdir xəsm, Düzgün! Ta ki zənniycə,

Qala dünya boyu elm-ü hünərdən bi-xəbər kəndli.

 

Zöhd

 

Qara toprağın altına əziz bir yârımız getdi,

Səfalı, ruh-pərvər, pâkdel dildârımız getdi.

İlâhi! Dərdini əhl-i səfânın zâhidə vergil,

Ki ol bi-dərd o bi-miqdârdan miqdârımız getdi.

Riyâkaran-i bi-iman xəlâyiq sırtına mindi,

Haray ey sidq əhli! Bir sədâqətkarımız getdi.

Sədâqət məhfilində başda açmış novgül-i xəndən,

Dəni çeşmində əyləşmiş böyük bir xarımız getdi.

Sənə Düzgün deyərdim mən riyâli zöhdə aldanma,

Nə hiylə etdi zâhid, bilməm, ancaq yârımız getdi.

 

Tay

 

Hay oyan! tânı dəni düşməni, hay!

Məni vurdu, sənə hər söz dedi, vay!

Bu elin ovladısan, düz tərpən,

əməyim eyləmə başdan-başa zay.

Məkrinə, hiyləsinə aldanma-

Əcəmin, o, sənə söylür lay-lay.

Gəzdim hər bir yeri mən İranda,

Tapmadım Sâhir-i Təbrizi-yə tay.

Sayacaqdır fələk öz sayısını,

Sən də öz saydığını say Düzgün, say!

 

İnsanlıq

 

Niyə, həmşəhri gəlib bir tanımadın çağını,

Yadlara verdin iki əlli bütün daş dağını.

Açmadın gözlərini bir baxasan ətrafına,

Görəsən hammı daşır milli şərəf bayrağını.

Kimsə öz ayranına turş demir dünyada,

Qaraların ağ edirlər, qara sənin ağını.

Baxça-baxça daşınır cür-bə-cürə miyvələrin,

Amma heç sən tanımırsan haradadır bağını!

Dayan ovladının indi bu qara günlərinə,

Özgənin lampalarına daşıyıbsan yağını.

Sənin əcdadına cok yazmış, ayıl, satma ona,

Sənə mirâs qalan candan əziz toprağını.

Babanın çiynini əzmiş ələmi atma yerə,

Hər kəs hər bir təpəyə sancdı qara sancağını.

Sənə insanlığa xidmət elə söylür Düzgün,

Amma o heç tanımır nə solunu nə sağını.

 

Əsrarını

 

Nâxələf ovlad bükdü Sâhirin asarını,

Yar sandı yarına ör yarinin əğyarını.

Xəsmimin nâ-cür rəftarın görüb, şərm eylədi,

Cur etdi çərx-i kəc-rəftar öz rəftarını.

Sən həqiqət əhlisən, namus həqqi hifz elə,

Yaddan ayrı dut niyazı, saxla öz kirdarını.

Açma razın, göylərin hifz-i əmanət tabı yox,

Yada sal yarım əzəl gün verdiyin iqrarını.

Üz-bə-üz mərdânə, küfr ilə durublar yarlar,

Sən də möhkəm eylə küfrüstanda istiqrârını.

Bir sipâhın qudrəri var bir sözündə şâirin,

Qat mənim güftârıma sən qudsi öz güftârını.

Yar qəlbimdən kənârə getmə, mehman olgilən,

Gəl inan kim hifz edər Düzgün sənin əsrârını.

 

Səttarımı

 

Qəlbimi incitdi, dövran aldı əldən yarımı,

Özümə əğyar qıldı özümün dildarımı.

Səslən ey dilbər sənin qurbani ollam sovtunun,

Şahə çək göylərdə səsləndir mənim əş´arımı.

Bir tükün dünyaya verməm dörd mə´sum oğlumun,

Mən dəyişməm min əcəmlə bir gözəl Səttarımı.

Bir yerə toplanmadan çəşmində xarıq düşmənin,

Çox zaman dərk etmədin Düzgün mənim didarımı.

 

Şə´nin

 

Heykəl-təraş kimi səni yondum hamarladım,

Hopdum vucuduna, gözünün içrə parladım.

Şe´rim üçün dedim yaradım bir gözəl pəri,

Qəlbim dərinliyi onun olsun axın yeri.

Aydan arı, sudan duru bir işvəli gözəl,

Öylə gözəl, yazım viqarına yeni ğəzəl.

Sən e´tinasız ol, mənə heç baxma ay kimin,

Saymazyana yanaş mənə, şə´nin budur sənin.