Tərci’ bənd


Zehtâbi

 

Hər zaman covr ilə cəfa gördü,

Dar-i dünyanı bivəfa gördü.

Sınadı dostu, düşməni, yâri,

Qaranı ağ, ağı qara gördü.

Canı qurbanlıq etdiyi dostu,

Qeyr ilə yar-ü aşina gördü.

Hər kimə yaxşılıq rəvâ bildi,

Özünə qarşı nârəva gördü.

Yarının xəstəsi, qəmə düşgün,

Yara can vermədə şəfâ gördü.

                Gözləri yaşlı qoydu əshabi,

                Tərk qıldı həyâtı Zehtâbi!

 

Qəlb, məzlumluğun duyar ağlar,

Xatirinə onu salar ağlar.

Firqətində onun dəmadəm, hey!

Ürəyim qavrular, yanar, ağlar.

Qəmimi aşkara çıxarmazsa,

Kövrəlib qəlb içində zar ağlar.

Qor salar cana atəş-i həsrət,

Yad gülər halımıza, yar ağlar,

Atamız dünyadan köçüb, deyərək,

Düzgün, Eldar, Səhənd, Yaşar ağlar.

                Gözləri yaşlı qoydu əshabi,

                Tərk qıldı həyâtı Zehtâbi!

 

Yurd yuvasını boş buraxmayaraq,

Ayaq üstündə ər-ərənlər oyaq.

Yoluna dostları dəvam edəcək,

Quracaqlar məzarı üstə ocaq.

Dedi onlara kim kitab oxuyun,

Elmdir əsləhə, bilikdi yaraq.

Qorxmayın birgə toplanıb yürüyün,

Mədəni toplu bir nəşidə quraq.

Növhəçi bir həzin səs ilə deyir,

Tökərək göz yaşın aman nə sayaq:

                Gözləri yaşlı qoydu əshabi,

                Tərk qıldı həyâtı Zehtâbi!