Mənzumə-Səməd Behrəngi

 

 

 


Giriş

Günəş qızmar, hava durğun, nəfəs yox,

Küçələr büsbütün izdihamsız boş.

Ara-sıra neçə quru heykəllər,

Siz ilə biz ilə edəcək vuruş!

 

Budur 53-dur, böyük toplanış,

Deyirlər:«davamız davam edəcək!»

Bir yığın insanın arzılarında,

Çiçəklənir, gülür böyük gələcək.

 

Şəhəri bürüyür canlı izdiham,

Durğun havasına dumanlar çökür.

İnsanlar vəhşicə tapdaq olunur,

Neyzə ijdihanın sinəsin sökür!

 

Qaranlıq dünyanın qara hakimi,

Hükumət bağışlır soyğunçulara.

«Məlik Məhəmməd»im çeşmə dibində,

Bir köhül düzəldib gizlənir orda.

 

Axtarış başlayır, gəzinti olur,

Tapırlar axırda qəhrəmanımı.

Biçilir qəlbimin şah damarları,

Müddət buz edirlər isti qanımı.

 

Bir diblik yatmasın gərək ki qəlbim,

Gör neçə il keçir, gör neçə müddət.

İnsan oğlu qalxsın, inamla dursun,

Görməsin bir topraq bunca əziyyət.

 

Gəl sənə danışım 68-dən,

Nakam ölümündən qəhrəmanımın.

On beş bahar sonra, son baharımdan,

Davam etməsindən zimistanımın.

 

Gün orta çağıdır, od tökür hava,

Sakitcə odlanır yerində Tehran.

Sanki bir əjdəha batıb yuxuya,

Cəhənnəmdir, asfalt çəkir əl-əman.

 

Qara buğdayı bir Azərbaycanlı,

Bir ağac altında çökərək yerə.

Qoltuğunda kitab,gözündə eynək,

Dalır neçə ləhzə çılğın şəhərə.

 

Bir uzun keçmişin varisidir o,

Oxumuş «Vaqif»i ana dilində.

«Aşıq Ələsgər»i, «Füzuli»ni də,

Dinləmiş bir-bə-bir sazın telində.

 

Bir elin bölünməz zirvəsidir o,

Suvarılır kükü çox uzaqlardan.

Tanır öz dədəsi «Dədə Qurqud»u,

Mənliyi möhkəmdir uca dağlardan.

 

Doğmadır ellərə, şirindir ay,

Təbrizin vurğunu: «Səməd Behrəngi».

Böyük «Nəsimi»nin, «Babək»in oğlu,

Düşmənin önündə saralmaz rəngi.

 

Amana gəldim pəh! cəhənnəm şəhər!

Düşünür Behrəngi: «- ay Azərbaycan!

Nə sərin səfalı yaylaqların var,

Səmədin öz canı yurduna qurban!

 

Becərdim, boy atdım doğma qoynunda,

Min illik varlığa malik vətənim.

Hər kəsin anası şirindir ona,

Dünya – aləm bilir anamsan mənim.

 

Quru keçmişlərə fəxr edənlərə,

Əsirlər istiqlal sən almadınmı?

Bütün yaxın şərqə, bütün cənuba,

Azadlıq beşiyi sən olmadınmı?

 

Ən qədim mədəni abidən sənin,

Zərdüştün kitabı kimlərindirmi?

«Kor Oğlu»n, «Kərəm»in, «Səttarxan»ların,

Sonra «Firidun»un, iki mi bir mi?»

 

Sor oğullarından: - hansı bir məl′un,

Düşmən önündən qaç demiş ya əyil?

«Qurbanım, qurbanım, sər o çəşm-e ma!»

Bir acı tələ mi kələk mi deyil?

 

Yandım qapitalizm cəhənnəmində,

Misri qılınclı elivə qurban.

Cəhənnəmi məhv et, ey Hürmüzd yurdu!

60-larıva, 5-gülünə qurban.»

 

Səməd düşünərkən qalxır ayağa,

Yenə də yoluna davam eyləyir.

Asfalt elə titrir, sanki üstündə,

Bir dərya, bir dəniz, bir ümman gedir.

 

Körpülər altında yatan Lətiflər,

«Yaxşı yol, yaxşı yol, uğurlar!» deyir.

Təbrizin qəhrəman iyid oğluna,

Hər addım ağaclar səlam söyləyir.

 

Əzəmətli hündür imarətlərin,

Yenilməz vuqarla keçir önündən.

Kiçik balacalar boynu çiynində,

Görəndə, yerində dayanır birdən.

 

Mə′sum baxışından «Əhməd Həsən»in,

Tutulur kədərli bir ata kimi.

«Xətayi» həzmli sibillərinə,

Damlayır gözündən bir-iki damcı.

 

- Kürdsən mi, Farssan mı, Bəluç mu, Lor mu?

Azərbaycanlı mı ay «Əhməd Həsən»?

Yurdunu yuvanı haçan boşlayıb,

Bəs bu cəhənnəmə neçün gəlibsən?

 

Dağlar insanları ayıra bilməz?

Talein hər yanda qaradır sənin.

Mərmi oynatmağı dur gəl öyrənək,

Aydın gələcəyə əminəm, əmin.

 

-1-

Sədaqət deyilən bir dənizə mən,

İlk bahar çağımda girmişəm həmən.

Qonmayıb hər kola könlüm tərlanı,

Sevmişəm əzəldən Azərbaycanı.

 

Diri gözlərində oxudum sənin,

Kök salıb könlündə məhəbbət dərin.

Eşqinə vuruldum, sədaqətinə,

Dünya varca sürən rəfaqətinə.

 

Yadındamı axşam gülüstan bağı,

Bulud üstümüzə ağlayan çağı.

Gecənin önündə tutğun havası,

Dumanlı Təbrizin mavi səması?

 

Yadında mı birdə analar yası?

Əzimin gülürdü necə anası . . .

Deyirdi:

« - yad məni ağlada bilməz,

Ana qəlbim yeydir dağdan, əyilməz!

Oğlumu sevirdim artıq canımdan,

Həqiqət yolunda vermişəm qurban.

Çıxsın insan oğlu işıqlı günə,

Min oğul ver gilən! Söyləsin mənə.

Səadət qapısı tay ba tay olsun,

Xoşbəxt bir ölkəyə milyonlar dolsun,

Yeni yetmələrin boyuna baxım,

Düşmənin canını yandırım yaxım.

Uşaqlar önümdə, minlər on minlər,

Səadət nəğməsin bir-bir ötsünsələr.

Oğul dərdi nədir mən kədərlənim,

Oğullar dərdini necə itirim.

Milyonlar, qızlarım, oğullarımdır,

Öz qanadlarımdır, öz qullarımdır.

Babəkin anası deyirlər bir gün,»

Demişdi oğluna: «bir yaxşı düşün,

Südümlə mən sənə quvvət vermişəm,

Sözümlə sazımla qudrət vermişəm.

Öyüdümü hər vaxt nəzərində dut.

Milyonlar önündə, özünü unut!

Vətənin yolunda heç bir of demə,

Qanını vətəndən sən əsirgəmə.

Odlar yurdundansan, od oğlusan sən,

Əlbət qoyma çehrən saralsın birdən.

Çalış var quvvənlə vətən uğrunda,

İşğalçı qalmasın Azərbaycanda.

Aldanma düşmənin şirin dilinə,

Sədaqət bağlasın səni elinə.

Qorxma, yanılma heç neyzələr yağsa,

Geri dönüb qaçma, düşmənin dağsa.

Axir nəfəsə dək vətəni saxla,

Vətənsiz yaşadın, ondan nə fayda?

Vətənin ne′məti bərəkəti var,

Sənin anavın da bir milləti var,

Hiddətli bir xəlqi, şanlı bir eli,

Nağıllı-mellı şirin bir dili.

Bayatılarımı qoru düşməndən,

İşğalçı bağırır: «yanacaq vətən!

İtəcək Zərdüştün, Qorqudun izi!»

Ulu Tanrım aman! Unudma bizi.

Oğul çıx dağlara, odlar köməyin,

Düşmənin tök qanın, itməz əməyin.

Yurdundan xəlqindən yardım al gilən,

Bir ana ürəyim, birdə ki vətən,

Birdə ulu Hürmüzd, sənə yar olsun!

Yurdun başdan başa ilk bahar olsun!

Azad olmalıdır insan evladı,

Bu yolda ölənin itər mi adı?. . . »

 

- 2 -

Sən mənim şe′rimin baş varağısan,

Könül dünyasının baxça-bağısan.

Sən öz vuqarınla mənə yanaşdın,

Könül xəzinəmin qapısın açdın,

«Soyuq olmamalı əlimiz!» dedin,

«Vətən evladıyıq hamımız!» dedin.

«Qırılmaz tellərlə bağlıyıq elə,

Birliyimizi biz vermiyək ələ.»

 

Qoy eşitsin bunu bütün dünyalar.

Azərbaycanıma gələcək bahar.

Siz ey ovsun olmuş yazıq insanlar!

Yaradacağıq biz Azərbaycanlar.

Qanları qurumaz qəhrəmanların,

Rəngi dönməyəcək qızıl qanların.

Sözü bir, özü bir, mətləbi birdir,

Tam «Nəsimi»lərin hələbi birdir.

«Elin səbri çoxdur» atalar demiş,

«El gücü, sel gücü» yenə söyləmiş.

Siz ey əmperyalizm yırtıcıları!

Qazıbdır nəsillər sizə məzarı.

Saxtakar quduzlar, quldur ağalar!

Sizdən bütün ellər olublar bezar.

Sən ey xutkar! Sən ey quldurlar qulu!

Haraya yığırsan bir belə pulu?

«Nuh» ömrümü sənə verilib? söylə.

Tökdüyün qanlardan bir həya eylə.

Sürməyəcək davam bir yasa, bir tez,

Qalib gələcəkdir insanlar çox tez.

 

- 3 -

Yadındamı Səməd, birdə o dağlar,

Birdə o bəhərsiz miyvəsiz bağlar?

Yadındamı hər vaxt oxuyardın sən,

«Vurğun»un: «El bilir ki sən mənimsən,

Ayrılar mı könül candan» şe′rini,

Gözündə duyardıq bizdə sirrini.

Baxardın dağlara, ulu dağlara.

Ne´mətsiz çeşməli sala dağlara

Ötürərdin birdən içdən köksünü,

Tikərdin üfüqə diri gözünü.

Dağlar əyilərdi sənin önündə,

Dağlar şahı varmış ulu sinəndə.

Mənliyin-vuqarın tə′rifə gəlmir,

Mənim şe′rim səni vəsf edə bilmir.

Dibsiz bir dənizidin, bir Ümmanidin,

Neçə pılanetli kəhkəşanidin.

 

Bir məsəl söyləyib atalarımız,

Dinlə bunu məndən, ay qəlbi təmiz:

«Dənizə, bir qaya, yada bir daş at,

Əhvalı dəyişməz, unut ya yaşat.»

Sənə daş da dəydi qaya da dəydi,

Əllər oxlara da yaya da dəydi.

Amma sən heç yersiz dalğalanmadın,

Dil yaralarını heç nə sanmadın.

Yad ilə vuruşmaq məqsəddir bizə,

Yara əsərsizdir qəlbi təmizə.

Azəri oğlunun bütün, hiddəti,

Bütün əzəməti, bütün qudrəti,

El bilir ki Səməd səndə cəm′idir,

Eldaş da söyləyir, özgə də deyir.

Mənədn soruşsalar nədən bu? hardan?

Deyərəm vuqarla: «Azər Oğlu»ndan!

Döyüşkən ruhuna bu şe′rim qurban,

Ölməsin, əbədi yaşasın insan.

 

- 4 -

Yadındamı «Səməd» ilk bahar günü,

«Səttarxan» caddəsi, Hərbinin önü?

Yadındamı birdə göz bəyimiz,

Arzumuz, günümüz, şən diləyimiz,

Ana vətən, ana yurd, bu gözəl məskən,

Bağlanmısan bura bütünlüklə sən.

Çırpınırdı necə qəlbin ürəyin,

Çiçəklənəcəkdir axir diləyin.

Görürəm, gələcək gözüm önündə,

«Mədinə», gəlibdir məzarın üstə.

Sənə nəğmə yazır bütün ürəklə,

Sənə səlam verir güllə çiçəklə.

Sənə bağışlayır ana qəlbini,

Məzarına qoyur böyük əlini.

«Balaş» başın üstə ilhamla coşur,

«Əli», qudrətinə nəğmələr qoşur.

El, nağıllarından quvvət alaraq,

Yırtıcı önündə bağlayır yaraq.

Hər sözün, hər nəğmən bir şallaq kimi,

Düşmən üstə yenir, yarır bağrını.

Mənə ilham verir o gün, o saat,

Yaz deyir, dayanma, oturma rahat.

Kimdir ki coşmasın o gün yazmasın?

Vətənin eşqilə alovlanmasın?

Sən də qalxacaqsan o gün məzardan,

Qara topraqlarda yatmaz qəhrəman.

Ön sıralarda sən sanki Qızılbaş,

Nə′rə çəkəcəksən: «Ahay! Vətəndaş!

Səadətə doğru, xoş günə doğru . . . »

 

- 5 -

Səməd, könlüm quşu qanadlanıbdır,

Ayrılıqda canım yaman yanıbdır.

Canımla qəlbimlə yazıram sənə,

Qulaq ver həm yaşın şair «Müşfiq»ə:

«Yazmaram ürəyim səni anmasa,

Ürək döyünərmi alovlanmasa?»

Acı bir anılar düşür yadıma,

Tab gətirmir qələm daha burada.

Qoy deyim qalmasın söz ürəyimdə,

Söz gəlib dayanıb yanır dilimdə,

Getdiz Müşfiqdəsən, gənc yaşlarında,

Çiçəkli gəncliyin lap başlarında.

«Müşfiq»in ölümü çox oldu acı,

Sənin ölümün vah! nə can yaxıcı.

«Müşfiq», xəlqin gördü məhəbbətini,

Tərənnüm eylədi səadətini.

Elin qucağında əbədi yatdı.

Adın ölməzlərin adına qatdı.

Sən isə şəqavət, bir də əziyyət.

Həqarətlər gördün, çox çəkdin zillət.

Sonra da Arazın qoynunda yatdın,

Nə yazıq! haraya özünü atdın!

Bax iki insanın taleinə sən,

Müşfiq ilə Səməd, iki həm-vətən!

 

Acıram ürəkdən bu əhvalata,

Day qələm dayanır, tabı yox yaza.

 

Mənim əzəmətli nakam Müşfiqim!

Ürəyim dərdini kimlərə deyim?

Mənim Araz qəlbli can qəhrəmanım!

Qarabaşlıdır Azərbaycanım.

Mənim gələcəyim, mənim muradım,

Sənsiz vətən suyun mən necə dadım?

Baxa bilərəmmi birdə Araza?

Göstər kimdir ona mədihə yaza?

Arazlar qoy bütün qurusun, yansın.

Dursun cilovlasın, daha dayansın.

Qoy bunu düşünsün azğın düşənlər,

Araza qəmələr səd sala bilər.

Qoy qursun intiqam atəşin elim,

Atəşə çevrilsin qoy mənim dilim.

Qoy gəlsin ölümü vayi Arazın,

Qurusun çeşməsi çayı Arazın.

İntiqam dəhşəti göylərə qalxsın,

Hər dildən ağızdan atəşlər axsın.

 

- 6 -

Araz səni boğan günlər bilsənmi,

Necə hicqırtıdan boğuldu hamı.

Ürəkli Səhəndim ürək dağladı,

«Nə yazım mən sənə?» dedi ağladı.

«Alovlandı mənim dənli xərmənim,

O sərin su küzəm calandı, neylim?»

Göz yaşı durmadı ana vətənin,

Yaman yanığlıdı ölümün sənin.

El bir dəniz kimi dalğaya gəldi,

«Səməd» öldü sözü ürəklər dəldi.

Qanlı köynəyini saxladı anan,

Ürəkdən çəkirdi fəğan! əl-əman!

Dedi: «- bunu özüm bayraq edərəm,

Arazın önünə qədər gedərəm.

Dağlarda daşlarda səngər salaram,

Oğlumun öcünü yaddan alaram.

Müntəzəm dayannam qayalıqlarda,

Gecəni səhərə qataram orda.

Vətəndən vətənə geçər iyidlər,

Azadca yaşarlar hamı bərabər.

Düşmən xəlqimizdən bac ala bilməz,

Azərbaycanda yad yurd sala bilməz.

Çağrılmamış bura girən qonaqlar,

Qara bayquş kimi çəkərlər havar.

Cənuba axarlar, biz dallarınca,

Cənub elləri də qalxar ayağa.

Bayrağı sancaram Dəmavəndə mən,

Məni saxlayanmaz bir yerdə vətən.»

 

Mə′nası hər sözün, o gün sevməkdir,

İnsan evladına böyük vətən bir.

Düşündürür məni insan talei,

Nəzərdə dutmuşdun sən özün bunu.

Kimsə vətənindən qıraq düşməsin,

Vətən də kimsəni dustaq etməsin.

 

- 7 -

Dur Səməd ürəyim ilhamla coşur,

Gələcəyə baxıb, nəğmələr qoşur.

Könlümün şahını qanad çalaraq,

Istəyir qavzana daha da uzaq.

Lalə dəryaları dalğalanır, gəl,

Canım ayrılıqda yaman yanır, gəl.

İlk bahar gəlibdir, gül çiçək açıb,

Günəş burda qalxıb, özgiyə saçıb.

Gəl, turağayılar uçuşur çöldə,

Qoşa-qoşa çimir ördəklər göldə,

Gəl səni gözləyir ağ qağayılar,

Səni səlamlayır yurdumda bahar.

Gəl yenə gilavar əsir burada,

Gəl şəfəq, üfüqü kəsir burada.

Bahardır, kəndlilər palçığa batır,

Gəlinlər qara bir daxmada yatır.

Dur gəl, qara topraq yenə şumlanır,

Günəşin altında biçinçi yanır.

İlk səhər toplanır bir yığın fə′lə,

Hər döngə, hər buruq, hər bir küçədə.

Orda görəcəksən Aşıqları da,

Gəlirlər buraya çörək dalınca.

Bucağa çökürlər nahara qədər,

Kimsə dilləndirmir, durub gedirlər.

 

- 8 -

Güllərin üzündən nəm sürüşür, gəl,

Yumşaq yanaqları bax büzüşür, gəl!

Dağlarda hürküyür ceyranların, gəl!

Qəzəbdən qaynayır, coşur qanım, gəl!

Dur gəl ki quduzlar hələ ölməyib,

Tarix quldurluğun izin silməyib.

Dur gəl kəndlərimə, dağlarıma gəl,

«Sahib Əli» əkən bağlarıma gəl!

Dur gəl, dayanmayır qələm bir zaman,

İrəli yeriyir oğullar, inan!

«Yad görməsin» - deyə, buraya sürün,

İşçi alacaqdır həqqin büsbütün.

Göylərdə oynasın yalın qəmələr,

Qızılbaş bürüsün dağı sər-bə-sər.

Bilirsən ki elim cəsarətli dir,

«Günəş saçağını dağıtsın», deyir.

 

Bizə inam verdin, sənə eşq olsun!

Gələcəyi gördün, sənə eşq olsun!

Qatdın öz adını ölməzlərə sən,

Qəhrəman oğlunu unutmur vətən.

Dəhşətli intiqam gözləyir yadı,

Silinmir tarixdən yurdumun adı.

Ölkəm indi yoxsa xəritələrdə,

Yaşamışdı adı qərinələrdə,

Yenə göyüllərdə həddi-səddi var,

Ana yurdumun da öz sərhəddi var.

Bir zaman burada Şah İsmailim,

Dedi: «Od yurduna mən səcdə qılım!»

Söylədi: «Eşidin ey həqq sevənlər!

Həqqə - həqiqətə sicdə edənlər!

Həqiqət bayrağı göyə yüksəlsin,

Xâricilər bütün lə′nətə gəlsin.

Tamam ağaların kəsilsin başı,

Ğâzilər olsunlar həqqin sırdaşı.

«Nəsimi» cismimdə hulul edibdir,

Ay-günəş hökmümü qəbul edibdir.»:

«Eynüllahəm, eynüllahəm, eynüllah,

Gəl indi həqqi gör ey kor gümrah.

Mənəm ol fail-e mütləq ki derlər.

Mənim hökmümdədir xurşid ilə mah.»

 

«İnsan özü gərək sültan-i aləm,

Başqa hər bir sözü uydurma billəm.

İnsan ziynəti dir kayinatların,

Bunu söyləyirəm mən daha dərin.

Kəlamımı gümrah kor dinləməsin,

Ğazilər meydanda hiç inləməsin.

Yarlar Yaristana sâdiq qalsınlar,

Xaricini tutub yurdu alsınlar.

Qarşı gəlib Yarlar, novruz etsinlər,

Ğəza meydanında həqqə yetsinlər,

Mənim babam yazan «Qara Məcmuə»,

Gərək ki yol aça mədrəsələrə.

Ana dilim mənim müqəddəs olsun,

Kəlamlarım sizə dadrəs olsun.»

 

Mənim ulu babam «İmadiddin»in,

Hələbdə soydular bir gün dərisin,

Dedi:

«Həqq aşiqi dözər zillətə,

Son qoyar Qızılbaş bu şəqavətə.»

«Minarəsində» dedi: «Könlümün paşam,

Qiymətli bir gənci penhan bulmuşam.

Tək dabanımdan soy mənim dərimi,

Nahəqq piçaq kəsməz heç bir yerimi.»

Birdə «Nəimi»mi sirr-ullahimi,

Qaranqu gecədə şəm′e rahimi,

Nəxcuvanda kəsdi «Miranşah» başın,

Qari yad! Qoymaram qurusun yaşın.

Dəhşətli intiqam alaram səndən,

Ğazilər qanilə güllənsin vətən.

 

Təki sən yaşa ey qəhrəman vətən,

İstismarçıları sən əyəcəksən.

Gözəl toprağına qurbandır canım.

Yaşa dünya varca Azərbaycanım.

«Məqsədin boş şuar» deməsin mənə,

Düzməsin hər yetən bir tez vətənə.

Azəri oğluyam söylə ki: Ey yar!

Görmüşəm sınaqlar çox imtahanlar.

Seyr eylə tarixi, bir varaxla bax,

Yaddan qorumuşam yurdumu hər vax.

Min il qəhrəmanlıq etmişəm, inan!

Dağlara gəl deyim, nə lazim yalan!

Bilirəm ki sınaq hələ bitməyib,

Mənim də xislətim heçdə itməyib.

Həman «Kor Oğlu»yam, həman «Qurqud»am,

Var Səməd yaradan şanlı bir obam.

Sağalmaz yarası qəhrəmanımın,

Qəzəbi, rəngi var mənim qanımın.

 

Oxuyubsan Səməd sən özün bunu,

Yaxşıca tanırsan Azərbaycanı.

Tarixlər yazmısan, yaxşı bilirsən,

Əsirlər uzunu nə çəkmiş vətən.

Mənim diri gözlü Şah İsmailim,

Qoyma üzüm üstə birdən yıxılım.

Mənim ey müqəddəs kəlamlı babam!

Məş′əlləri qaldır, zülmətdir obam!

Ğazilər dalınca səf bağlayıblar,

Dayaq olsun gərək Yaristana yar!

Mənim qorxmaz baş ey ulu Nəsimim!

Diri-diri soydu dərini de kim.

Mənim əzəmətli «Şah Fəzlüllah»ım,

Düşmən əsir qıldı, nədir günahım?

 

«Ğazi Burhanəddin» nə oldu, ey yar!

Qanla qoruduğu hanı o diyar?

Hanı o döyüşkən Hurufilərim?

Namərədə satılır müqəddəs yerim.

Hani Bəktaşilər, hanı Goranlar,

Hanı o qəməli yurda qurbanlar?

Hanı qanlı izli o Qızıl Başlar?

Hanı o hücumlar? hanı savaşlar?

 

- 9 -

Qoy əfsanələşsin «Səməd Behrəngi»,

İnsanı yaşadar məslək çələngi.

Qoy aşıqlar qoşsun adına dastan,

Oğullar dinləsin səni hər zaman.

Eşqinlə ürəklər qoy alovlansın,

Adını çəkəndə düşmən odlansın.

Təmənnasız kçədi gözəl həyatın,

Sadə danışardın, sadə hər zadın.

Aldatmadı səni qızıl yaldızlar,

Sənəti qorudun əsil sənətkar.

İllərin dalından, mən «Vurğun»ların,

Sənə gətirirəm dərin səlamın.

Ey «Axundof»umun əsil varisi,

«Cəfər Cəbbarlı»mın böyük ənisi!

Ey «Hüseyn Mehdi»min qələm yoldaşı,

Bütün insanların böyük eldaşı.

Nəsillər üstünə səlam sərpəcək,

Dayanmır, çırpınır sinəmdə ürək.

Yarır dalğaları, dayanmaq bilmir,

Alışıb odlara usanmaq bilmir.

İstirəm adını şallaq eyləyəm,

Eşqinə ürəkdən nəğmə söyləyəm.

İstirəm özümü dağlara salam,

Sənin qisasına min qisas alam.

Önümü dutmasın qarı işğalçı,

Atları nallasın qəhrəman nalçı.

Ərgimə, qalama getmək istirəm,

İnsan axınında itmək istirəm.

Cana dayandırdız, dığlatdız bizi,

Vətənimdən çəkin məşöum əlizi . . .

Mənə sən ey zalim! qənim olma, get.

Zamanın önündən vaxtilə gəl it.

Hökmünü verəcək bu dəqiqələr.

Nələr gətiribsən başıma, nələr?

Aləm əhvalımdan xəbərsiz qalıb,

Kil bilir ki rəngim necə saralıb.

 

- 10 -

Qoy insan evladı yar-yoldaş olsun,

İnsan bir-birinə qoy sırdaş olsun.

Ağalar əyilsin ellər önündə,

Heç dil boylanmasın dillər önündə.

Vətənlər bir olsun, bahara dönsün,

Ürəklər bir olsun, bahara dönsün,

Ürəklər bir yerdə birgə döyünsün.

Eşq olsun büsbütün iyid mərdlərə,

İnsana alışan Səmədlərimə.

 

Səndən kim canını əsirgərdi, de!

Ürək kimisinə döyünərdi, de!

Qorxulu, dəhşətli, nə uğursüz gün,

Kim dedi sən o gün Araza sürün.

Demədin milyonlar intizardır?

Demədin ki dühan düha yaradır?

Demədin qatillər kəmində yatıb?

Demədin adamlar özlərin satıb?

Səni yad edirəm, ürəyim yanır,

Dilim şö′lə çəkir, şe′rim odlanır.

Qoy bunu düşünsün vətənsiz dayaz,

Ət dırnaqdan olmaz, ciyər ayrılmaz.

Göz önündə dutsun bunu o alçaq,

Həyat həqiqətdir, deyil oyuncaq.

Vətən ilə heç vaxt oynamaq olmaz,

Vətən dağlarında lalələr solmaz.

Görər gözlü lalə, od parçaları,

Ardınca gətirər böyük baharı.

Düşmənin ömrünə qor salar rəngi,

Məhəbbət doğurar çatğın çələngi.

Hər AzərOğlunun ürəyində pək,

Belə bir lalə var şir ürəyi tək.

Məhəbbət istəsən var məhəbbəti,

Dəyişməz heç zaman onun xisləti.

Vursan vuracaqdır, sevsən sevəcək,

Odlar əmanəti belə bir ürək . . .

 

Vətənimə mənim sən bir denə can,

Göz bəbəyim sənə edərəm qurban.

Vətənin uğrunda məqsəd birləşir,

Fərdi döyüşmələr yerində itir.

Borcdur anayurdu qorumaq bizə,

Od basacağıq biz əllərinizə.

Bir zaman qolumuz bağlıdırsa da,

Bir hal sürməyəcək bu qoca dünya.

Zəncirlər bir-bə-bir qırılacaqdır.

Düşmənin ürəyi yarılacaqdır.

Qanuna uyğundur təbiət, inan.

Andırıbdır bunu bizə hər zaman.

 

Biz əsil mə′nada vətən evladı,

Bizilə çəkilir vətənin adı.

Demişik əzəldən bunu biz hamı:

İyid ölər amma buraxmaz yağı!

Düşməni ötürməz, yaxalar, yıxar,

Ta ki azadlığa vətəni çıxar.

 

- 11 -

Oxucum bitməzdir vətənin sözü,

Gərək azad edə özünü özü.

Gəl sənə söyləyim son məqsədimi:

Heç zaman unudma gül Səmədimi.

Əzizliyək onun xatirəsini,

O vətən-pərvərin gözəl səsini,

Ölməz qəhrəmanın xoş nəğməsini,

Birlikdə dinləyək təranəsini:

 

Bir gün varmış,

Bir gün yoxmuş.

Mavi suyun qırağında,

Bir qızıl gül qalxmış,

İri,

Gözəl,

Dolu yapraq.

 

Bir yel əsdi,

Yağış yağdı,

Boran oldu, tufan oldu,

Qopdu qızıl məxməli gül,

Yapraqları dağıl-dağıl.

 

Necə oldular,

Başlarına nə gəlibdir,

Ölüblərmi,

Dirilərmi,

Kimsə bilmir.

 

Ah! nə gözəl məxməli gül!

Biz bu gülü tanıyırıq,

Hardan gəlir,

Hara gedir?

Kimsə bilmir.

 

- 12 -

Qızıl gülüm soldu, aman, ay ellər!

Eşitsinlər sonra gələn nəsillər.

Ürəyimə mənim bir dağ basdılar,

Sağaltmır nə nəğmə, nə saz, nə bahar.

Gözəl «Firidun»um bulaşdı qana,

Matəm yürütdülər Azərbaycana.

Vəhşicə dəldilər onun sinəsin,

Araza atdılar cansız cəsədin.

Ürəyim başını oydular mənim,

Neyləsin tökməsin yaşın vətənim?

Gözəl bir qonça mı biçdilər aman,

Qanımı tökdülər, içdilər aman.

Bir qısğı qoydular, görməsin ellər!

Qisasımı alsın iyid nəsillər.

Təpəmə vurdular aman nə qapaz,

Qapdı əllərimdən oğlumu Araz.

Köçümü çatdılar dalıma, gəlin!

Yığılın bir yerə, tədbir eyləyin.

Qalqanla döyüldüm, dişim çəkildi,

Yerimdə gör necə arpa əkildi.

Əlimi qolumu bütün çırtdılar,

Avadanlığımı vay! uçurtdular.

Kökümün üstündə od yandırdılar,

Buğumu yoldular, ay ellər! havar!

 

Bitiş

Oxucum! bu sözlər hamısı doğru,

Amma sən sanma heç mərsiyədir bu.

Ellər ağlasalar qəhrəmanlara,

Qan alarlar bütün gedən qanlara.

Göz yaşı axıtmaq yaraşmaz bizə,

Gərək qan tökülə gözəl Təbrizə.

Qana qan deyiblər əzəl atalar,

Eşitsin komalar, bilsin obalar.

Nəbzini dəyişib zaman əlbəttə,

Həqqə irmək sirri var şücaətdə.

Gərək qan tökülə vətən uğrunda,

Qəhrəmanlar qanın verməm ucuza.

Ey vətən! Dayanmır ürək bir anlıq,

Üstündən gedəcək bu şum qaranlıq.

Sən mənə veribsən Səməd tək insan,

Kim canın əsirgər belə di yardan.

Sənə alqış olsun ey böyük vətən!

Bir daha qoy deyim: «Sən mənimki sən!»

Ey Səmədlər doğan odlar məskəni!

Ellər alqışlayır hər ləhzə səni.

Mənim qəhrəmanım sənlə fəxr edib,

«- Şanlı Azərbaycan, azad ol!» deyib.

Səmədin anası, ey odlu diyar!

«Qurqud»lardan bizə gələn yadigar.

Ödərəm borcumu sənə, darıxma,

Yalqız ürəyimi bu qədər sıxma.

 

Mən kiməm? – bir qolu polad fə′ləyəm,

Ax vaxdan ürəyim bağlayıb vərəm.

Gündüz palçıqlarla, gecə daşlarla,

Vuruşuram, qarnım ac, gözüm yolda.

Mən kiməm? – bir yazıq, bir pozğun kəndli,

Ayağı kündəli əlləri bəndli,

Mən kiməm? – işçiyəm, bir məhrum insan,

Dünya ne′mətindən nəsibsiz qalan.

Mən kiməm? – milyonlar, milyonlar inan,

Sənin ardıncayam, de! nədir fərman?