|
Sərbəst şeirlər
Səninkidir
Ana
Körpə vaxtlarımda,
Beşiyimdə yatan zaman,
Layla çaldın həzin səslə,
Nəğmələrlə yuxu aldım,
Röyalarda seyran qıldım.
İməkliyə-iməkliyə,
Ta atışdım yeriməyə,
«Tatı-tatı bala»,
Deyə,
Nəğmə qoşdun, qoşma dedin.
Oxşamalar gülləndirdin.
Qışda ağır gecələrdə,
Tapmacayla şe´rlərlə,
Nağıllarla başım qatdın.
Qoşma dedin pərdə pərdə.
Məndə olan bu şəlalə,
Həyəcanı sən oyatdın,
Cür-bə-cürə söz öyrətdin.
Yağış yerə damlayanda,
Qış ötülüb yaz çatanda,
Ulduz süzüb ay batanda,
Qızaranda dağda batı,
Qəmlə hicum eyləyəndə,
Gözlərindən yaş damladın,
Könülündən söz, bayatı,
Məni qıldın dərdlə aşna.
Boy atdıqca, iftixarla,
Boyuma sən boy boyladın.
Mənə corab toxuyanda,
Kürsüdə bağrına basıb,
Əzizliklə soy soyladın.
Beləliklə boya çatdım.
Yenə sözdən əl üzmədin,
Cavan vaxtım çaşan zaman,
Sözlə mənə inam verdin,
İncitdimsə çoxda səni,
Dodağın heç vaxt büzmədin.
Ürəyimin zəmisində,
Ana, şe´rin toxmun səpdin.
Öz oğlunu şair qıldın,
İncə qəlbə sözə malik.
Ana şerim bəs deməli,
Səninkidir, səninkidir.
Ana, mənim söz dövlətim,
Səninkidir, səninkidir.
Qurban olsun şe´rim sana,
Ey hünərli bilgin ana.
Söz dövlətim qurban sana,
Özüm ana, gözüm ana...
Sözü
kəsgin
Həmədan
danişgahında «Türk mədəniyyəti»
Movzuunda
danışdığım munasibəti ilə.
Buəli mədfəninin nəzdində,
Həmədan şəhrinə bağlı «Biliyurd»!
Gəlmişəm, dinlə mənim sözlərimi:
«Səndə dörd yüz cəvanım dərs
oxuyur,
Tikmişəm onlara mən gözlərimi!
Qoyma Təbriz silinə beynindən,
Qoyma köksüz yaşasın övladım.
Birdə çeynətsən əgər tariximi,
Qalxacaq etirazım fəryadım,
Sinən üstə qoyaram dizlərimi!
Elm ocaqlarını təsxir etdim,
Mən, şərəf qaynağı, adım Təbriz,
Mədəniyyət yaradıb ad etdim,
Səndə tarix boyu çox saldım iz!
Burda axtarmalıyam izlərimi!
Təbrizəm, doğduğum hər bir fərdim,
Yeni hakim yaranır hökm eləyir,
Gördüyün dinlədiyin Düzgünə bax,
Elmi ötgün, sözü kəsgin danışır,
Tikmişəm mən ona öz gözlərimi.»
Bura «əl-Xəlil»dir
Bir dinlə Təbriz:
Burası «əl-Xəlil»dir!
Uzun əsrlər şəhəri,
Fələstin toprağının qaşdaşı,
Bilinməyir yaşı.
İbrahim hərəmini qucağında
saxlayan yurd
Buradır!
Ətrafını sarmış yırtıcı ayı, ac
qurd
Buradır!
Bəli, burasıdır.
Mən unudmamışam Kəfər Qasimi,
təl zətri
təl yasini
İndi təkrar olur o dəqiqələr,
Açılır qarşımda çox dəfinələr.
Şəhadət gənci var bu dəfinələrdə,
Qanlı qılınclar saxlanır bətnində
onun.
Zənn etmə cinayət elə bugünmüş!
Tarixin ən əski səhifələrini,
Qana boyamışdır Bəni-İsrayil
Ləenu
deyibdir Quran da ona
Əlləri zəncirə bağlanmış demiş.
İndi lakin bə´zən əllərin açmış
Özün üstün nəjaddan sayan şovunist
Musəlman qanına bələyir hər gün
Bura «əl-Xəlil» dir
Fələstin toprağının daş qaşı
Bilinməyir yaşı.
Qana bələndilər məzlum Ərəblər...
Onların da yaşları
Əl-Xəlil yaşı kimi heç
bilinməyir...
İnsanlıq yaşı qədər yaşları
vardır.
Ölməmiş burda öldürülənlər
Onların qanları
Mənim damarlarımda
Sənin damarlarında
Dolanır Təbriz.
Bura «əl-Xəlil»dir
Bosnada Serblər
Qarabağda Daşnaklar
Hamısı bilir ki
Bura «əl-Xəlil»dir...
Sultan Ərk
Mən yaramdan qan gedəndə,
Bivəfalar yan gedəndə,
Qorxmadım tərpənmədim heç,
Göylərə yüksəldi başım,
Canımı cananıma qurban edəndə.
Gün bə gün başım ucaldı,
«Ölməsin Düzgün» eşitdim.
Kölgəsində ərlərin ərlər yaşadı,
Ərki millət qəlbinə sultan edəndə.
İnqilab oldu,
Yuvasız qaldı düşmən,
Qorxdu düşmən...
Qaçdı düşmən
Qaçmağilə millətə yol açdı
düşmən...
Bir əmanət tək sənə tapşırdı
Düzgün:
«Ərk»dir bu,
Yıxma nadan! rişəsi çox bərkdir bu
Candı cananın evində
Millətin qəlbində,
«Sultan Ərk»dir, bu.
Naşad
Yuxlasın həştisində qoy qapıvın,
Yeri yoxdur, yuvası yoxdur onun.
Dar-dünyada sərvətin seyr et:
Döşəyi, yorqanı: iki qardun.
Sənin ol saxtakar cəlalına heç,
Dəyməz əsla inan onun ölümü.
Gündə onlarca insan öldürüsən,
Qorxmadan,
Heç çəkinmədən vurusan!
Gecədir indi,
Qoy yatıb yatsın
Balaca bu səfil sərgərdan
Gündüz öldürdüyünlərin oğlu...
Yeni kənddən gəlib o Təbrizə
Anası: «-Şəhrə get bala! iş tap
Qeyrətinlə çörək qazan da»
Demiş.
Sənə bir zəhməti ki yoxdur onun
Gir ev içrə, qazanda asmışlar
Həmdə, çoxlu yemiş.
Təbrizin neməti sənin olmuş!
Nə bilim kimlərin döliymişsən!
Buda təqdirdir ki şirazdan,
Gələsən burda şahlığa cəllad!
Qapıvın həştisində bürgələnə
Qarduna,
Yata naşad.
Həyat danışar
Təbrizim! qeyrətinmi cuşa gəlir?
Qarabağda kəsildi əmcəklər!
«Mığrı»da portaqal satan nakəs,
Sənəmi bağlayır özün? bilməm!
Son sözün deynə, susma, bəsdir,
bəs!
Mən ki insanlığa vurulmuş uşaq.
Erməni, Rus, Fars bilməz idim.
Demə uydurma bir fəsanə imiş!
Belə bir gerçəyi bu aldanışı,
Mənə dövran açıb, zəmanə demiş.
Bu həqiqətləri kitab yazmaz,
Yaşayış göstərər həyat danışar.
Dinə namusa küsməsə insan,
Hər yetən fikrə-zikrə aldanmaz,
Canını yurduna edər qurban.
Yada uyma
Qardaşım boşla bu boş sözlərivi,
Mənə Təbrizli deyirlər əlbət!
Ərdəbil şəhri də irfan yurdum,
Mə´bədim, qibləgahım, canımdır,
Nə təfavot edəcəkdir mən üçün?
Vətənim, Azərbaycanımdır!
Yada uyma sənə yanmaz ürəyi,
Səni təhqir eləyib alçaldar.
Təbrizin tarixinə xor baxmış,
Qayıdıb başıva çırpar qapazı.
Onun öz xasiyətin mən bilirəm,
Üstüvə döndərəcəkdir Arazı.
Yolunu əymə gözəl Təbrizdən,
Gün bə gün parlagilən göylərdə.
Qəlbimin mədfənisən, bidar ol!
Səndə Təbrizdi dəmadəm döyünür.
Yad sənə, Ərdəbilə fəxr etməz,
Sənilə Azərbaycan öyünür.
Hay
İnsan deməm sənə,
Heyvan da çox şərəflidi səndən
hamı deyir,
Məndə inanmışam.
Tarix boyu səni tanıya bilməyib,
azıb,
Qəflətdə yanmışam.
Dinin ki yox,
Şərəfin, namusun da yox.
Cəngəldə olsa da,
Heyvanlığın meşənin qanunu, aman,
O da heç yoxdu səndə, vay!
İnsan demək çətin,
Sənə,
Heyvan demək çətin!
Özünə ad nə qoymusan,
Hay Erməni?
A, hay!
Yada sal!
Sən ey dağ!
Səhənd, ey yüz min illər
qibləgahı, ey ulu mə´bəd!
Sinəndə lalələr bitmiş,
Sular axmış, sel atlanmış,
Buruqlarında ahular cilovlanmış,
Bir çoxu itmiş.
Analar yasa batmış, dərdə
qatlanmış,
Çadırlar, evlər odlanmış.
Yada sal gəl!
Səhəndim,
Ey ulu mə´bəd!
Füzulini görübsən sən,
Dədəm Qorqud ötüb səndən,
Və həm Zərdüşt peyqəmbər,
Nəbatini yada sal gəl!
Səhəndim!
Ey ulu mə´bəd,
Qaranlıqlarda atlanmağı görmüşsən,
Analar qəlbi içrə dağı görmüşsən.
Şəhidlər qanı axmış damənindən hər
gecə gündüz,
Nələr sən görmüsən dağım,
Nələr,
Bir yada sal,
Gəl bax!
Sinən hekmət bulağı,
Təcrübə qaynağı,
Tarixin diyarı,
Yurdumun dəftər-kitabı!
Yada sal, gəl!
Səhəndim,
Ey ulu mə´bəd!
Elin tarixini danmaq,
Nə pis işdir!
Kişidirmi elin çakər edən hər
naxələf?
Nə dövrandır ki yaltaqlar sənin
sinəndə at çapsın?
Səhənd, ey yüz min illər
qibləgahı!
Söylə tarixə,
Şəhadət vər ki: «pis işdir,
Elin hər nakəsə çakər nökər
sanmaq.»
Yada sal gəl, xələf övladı,
Həm də naxələf qarnın qadasın,
Yada sal gəl!
Başıvın yüzlər bəlasın.
Bugün sinəndə otlaqlar,
Sürü seyrangahı olmuş.
Çobanlar ney çalır burda.
Sərin yaylaqlarıva el oba dolmuş,
Cavanın yurd salır burda,
Qocan da zövq alır hər dəm.
Nədir qüssə, nədir qəm, heçdə mən
bilməm,
Elin qurbanlığı saysız hesabsız
dır sənə.
Qəbul eylə bu şən gündə,
Keçən günlərini,
Bir-bir,
Yada sal, gəl!
Səhəndim,
Ey ulu mə´bəd!
Uzaqdan bir çoban səslir məni də,
Deyir:
Şair!
Bu yurdun qəhrəmanı, söz bilən
insanı vardir, bil!
Vətən xali deyil asla,
Xələf övladı Düzgündən.
Məəllimlərim
Təbriz sözü qulağıma dəyəndə,
Canlanır gözümdə məəllimlərim.
«Hekmət mədrəsəsi», «Loqman»,
«Füyuzat»,
«Danişsəra» gəlir xəyal evinə,
Mənə qurur verir bu ad bu həyat,
Özümü Təbrizli kimi görəndə.
Kitabxanasında «Tərbiyət»in mən,
Görürəm oturub «Əmir Şəqaqi».
Onla oxuyarkən «Gülşən-i raz»i,
Ötürəm keçirəm bütün afaqı.
Mənə oxutduran «İqd-ülfərid»i
Burada öyrədən «Burhani» hanı?
Mə´nası Təbrizin «Meşkat»dir mənə,
Oxuyub sevdiyim «Me´racnamə»dir.
Gözlərim önündə o mərd kamil,
«Ağa Mirza Ümran», «Şərh-i
Lüm´ə»si,
«Məntiq-i Kubra»sı, birdə
«Əvamil».
Birdə üzdən iraq, elini danan,
Çörək-çıraq üçün bəzi aldadan,
Alim nümalara necə deyim mən:
Məəllim!
Bilirəm,
İzin verməzsən,
Sən, ana Təbriz!
Təbriz danişgahı hələdə sənin,
Xor baxır dilinə, olmaz ana can!
«Füzuli»siz, «Nasimi»siz yaşamaz,
«Möcüz»süz olanmaz ki Azərbaycan.
Hanı «Nəbati»nin «Raci»nin adı,
«Yusuf xas hacib»in ulu fəryadı?
Başım qala düşdü danişgahında,
Kaşkı getməz idim heçdə ora mən,
Tevrizə etdi elmin adiylə,
Bir sıra yalanı, fırıldaqları.
Dərdimi aparım burdan hara mən?
Sənlə danışmaq çin sözüm çoxdur
çox,
Şikayətim var bə´zi məəllimlərdən,
Taleimdən əsla küskün deyiləm,
Sənə dönəcəyəm bilirəm vətən!
Özümü Təbrizli hiss eyləyəndə,
Mənə qurur verir bu ad, bu
həyat...
Sən Zəngansan
Elimin başın uca tutan,
Qərinələr qəmin ürəyinə salıb
utan,
Cəbhə yaran şəhidlərin şəhərisən,
Ön xət qıran şəhidlərin şəhərisən.
Sən Zəngansan qəlbimə can,
Başı uca Azərbaycan diyarısan.
Şəhidərinin qarşısında,
Utanıram mən.
Utanacaq övladım da,
Nəvələrim də.
Gələcək nəsillər də,
Aylar da,
İllər də...
Qəlb Yarası
Təbrizin Ərkinin ayağı altında,
Ərdəbildən gələn gözəl bir cavan,
sərildi yerə.
iki ağ göyərçin,
Başı üstündə,
Qopdu Ərkin sökük-tökük böyrünə.
Biri dedi:
- Bacı!
Başqası söylədi:
- Bacı! can bacı!
Söylə sözün bacı, başımın tacı!
- Bilirsən Ərkimin, qoca Ərkimin,
Ayağı altında yıxılan kimdir?
Topraqlar üzərə sərilən cavan,
Bu iyid oğlan?
- Yox bunu bilmirəm!
Kimdir, sən söylə!
Ərdəbildən gəlmiş aşiq iyiddir.
Yaralanmış qəlbi, məcruh sinəsi,
Kəsilmiş nəfəsi, batmışdır səsi!
Dərmanı tapılmır, dərmansız
qalmış!
- Qanadımdan indi bir pər salaram,
Kaşkı oğlan onu götürə bilsin,
İşıqlı dünyaya üzünü tutsun,
Nəfəsin günəşə yetirə blsin,
Sinəsinin qanın pərimlə silsin...
Gözü Yaşlı Lövhə
Ana!
Geydin kəfən oğlunla birlikdə,
Gedib səngərdə yatdın qış günündə
şanlı Təbrizdə.
Dedin:
«– Getsin bütün şahlar,
Ədalət bayrağı göylərdə yüksəlsin.
İmam gəlsin!
İmam gəlsin!»
Düşəndə yerlərə şimşad qəddi
oğluvun, birdən
Dedin:
«- Cəllad vur mən də ölüm görsün
vətən!»
Vurdu, səni cəllad qarşından.
Yıxıldın oğluvun yanında can
verdin.
O dəmdə Ərdəbildə
Adaş oğlunla bir əsgər
Vurub saldı yerə fərmandehi,
Cəlladı bir anda
Özün də sonra öldürdü.
Səni öydü
Sənə fəxr eylədi
«Şəhr-i müqəddəs»də yatan əsgər.
Mənim göz yaşlarım durmur
Ana!
Ey «Burla Xatun» yadigarı!
Ey «Həcər» nəsli!
Yenə qarşında
Bir oğlun
Durub, amma utanır çox
Hanı şair
Hanı rəssam
Hanı xanəndələr gəlsin
Sənin şə´nində qalxıb göz yaşıyla
lövhələr versin?
Əlin at rişəvə
Sən Azərbaycansan düşmənə bir
parça odsan
Mənim qəlbimdə vulkansan
Əlimdə məş′əlim, nurum
Adın mə′na verir milyonlar insana.
Şəfəqlər, Kəsrəvilər, Rə′dilər,
Yahya Zükalar
Sümsünən Karənglər varsa,
Sənin milyonlar uğrunda əziz canın
qoyan vardır,
Uca dağlarda aslan tək
Xəbis gözlər oyan vardır.
Sayında addım-addım izzi-fərrin
saxlayan vardır,
Sayan vardır.
Sözüm qurtarmamış hala
Babam sultan Səfiəddin
Yatıbdır Ərdəbildə gözləyir oğlu
qiyam etsin,
Sənin uğrunda can versin,
Suvarsın rişəvi qanilə
Qan versin.
Sənə kökdür təməldir Ərdəbil,
Təbriz!
Sən Azərbaycansan, Düşmənə bir
parça odsan!
Əlin at rişəvə
At Ərdəbilə
Şah Xətayının qılıncın al ələ
Doğragilən sən naxələf evladıvı
Təbriz!
Dönük çıxdı sənin əhfadıva
Kətdi dedi, məşdi dedi,
Göydən durub baxdı bizə.
Allaha da üsyan edib, din gətdi
Qol çəkdi bütün alçaqlığa, Təbriz!
Dilin dandı, elin dandı,
Özün həmdə peyəmbər sandı ol
azğın!
İraq olsun qızıl başlar gözündən.
Sil
Üzündən ləkkəni Təbriz!
Sən Azərbaycansan, bir muqəddəs
məqbərən vardır –
Muqəddəs şəhrimizdə, Ərdəbildə,
Babam Sultan Səfiəddin yatıbdır!
Gözləyir oğlu qiyam etsin...
Xəyal Pilov
Könlümün macərası
Bir Qaşqayı insanının öz
keçmişidir:
Dodaqları tikilmiş,
Çiçəkləri solub tökülmüş,
Başı əkilmiş,
Dara çəkilmiş,
İyid el oğullarının macərasıdır.
Mən nədən qorxacağam?
Məni minlər dəfə güllələdi düşmən.
Qanım axdı yerə,
Yerdə qaynadı.
Diləyimi topraqlara tapşırdı
vətən.
Toprağın rəngi,
Aşura zöhri kimi,
Qip qırmızı oldu.
Mənim qanım coşanda
Sel olub aşıb daşdı,
Dağlar bir-birə yanaşdı,
Dəmirlər qaynaşdı,
Yerə lə´nət yağdırdı.
Mən Aşura oğluyam!
Əli Əsğər qanı damla-damla dilimə
axdı.
Dolu buludlarda,
- Heyranlıqla -
Göylərdən çağlayan elimə baxdı,
Ağlayan elimə baxdı.
Dünyanın ən məkkar tülküsü
- İngəlizləri -
Qavdım yurdumdan...
Qanım şəmşirə qələbə çalanda,
Düşmənin caynağından -
Toprağımı alanda,
Yad edirdim o günləri:
Altmış min qaşqayı atlısını,
Sovlət-ol-dovləni...
Mən boğdum vətənə girən düşməni,
Qurtardım itlərdən gözəl vətəni.
Sən nəyən ki boğa bilməyəm səni?
Gəmimin içində gəmiçiyəm mən
Yoxsa gözlərimi çıxardıran sən?
Yeyə bilməyəcəyən!
Bu,
Xəyal pilovdur!
Mənim islam dinim
Qaşqayı vardır,
Madam ki Türkcəsi vardır.
Türkcəsi yaşar,
Qaşqayı yaşayana kimi.
Türkcə elindir
El də Türkcənin.
Biri-birindən ayrılmaz gül-bülbül
kimi,
Buda bir dildir minlər dil kimi.
Elə yaşamaq haqqı vermiş,
El də onu yaşatmış.
Qaşqayı ilə birlikdə dili var,
Dili ilə birlikdə bir vətəni var,
İran adlı.
Buda bir vətəndir minlər vətən
kimi.
Elsiz vətən
Vətənsiz də el
Mə´nasız olar.
Çünkü vətən
Elə yaşamaq haqqı vermiş,
El də onu yaşatmış.
El ilə birlikdə Türkcəsi var,
Türkcə ilə birlikdə bir vətən var.
Vətən ilə birlikdə bir ulus var,
Uzun uzadı bir ulus.
Dünyanın harasından başlar
harasına qədər,
Altaylardan qıbçaqlara qədər
Bir ulus ki,
Elə yaşamaq haqqı vermiş,
El də onu yaşatmış.
El ilə birlikdə bir ulus var,
Ulus ilə birlikdə bir də dini var
Bir milyard insanın könülünü alan
din,
Elin, Türkcənin, vətənin, ulusun
dini.
Elə yaşamaq haqqı verən
Dilimi, elimi, vətənimi, ulusumu,
sevməyi öyrədan din
Kötüyümü, kökümü, rişəmi sevdirən
din.
Mədinədən, Məkkədən, Kərbəladan
gələn din.
Bu mənim kökümdür, kötüyümdür.
Dilimdir, vətənimdir.
Elimdir, ulusumdur.
Keçmişimdən gələn səsdir
Gələcəyimə verdiyim nəfəsdir.
Səssiz, nəfəssiz olmamış dinim,
Mənim İslam dinim.
Qoyma Getsin Zənganı
Bax!
Bəşər tarixi anlatmış mənə
Hansı xalqın kim dili ölmüş,
zavala uğramış,
Varlığı getmiş o xalqın, ibtihala
uğramış.
Dil ölərsə,
Aç gözün bax tarixə,
Xalq ölər, millət ölər.
Hidəcilər, Şah Xətayilər,
Nəsimilər ölüblər yüz kərə,
Düşməsin dildən dilin,
Ölməsin şanlı elin...
İnqilab oğlu, şucaət nəslisən,
Şahları cəlladları sən əzmisən,
Qoyma qalsın şahçılar məfkürəsi bu
molkdə.
Milli zülmün tozların sil
Milləti canlı cəsədli quylayanları
tanı
Qoyma getsin Zənganı
Sən Koroğlu nəslisən qəlbindəki
üsyan hanı?
Əymə ağzın, düşmənə qarşı ağartma
dişlərin.
Cəngi çal, cəngi oxu,
Vəlvələ sal düşmənin ərkanına
Türksən qeyrət kanı
Milləti canlı cəsədli
quylayanları tanı
Qoyma getsin Zənganı...
Deyirəm
Mənim dilim böyük bir-
Xəzinənin şah kilidi,
Keçmişdən gələn səs,
Gələcəyin ümidi.
Mədəni mirasların-
Qaynağıdır Türkümüz,
Hekmət fəzalarında-
Uçan çalağanların
Caynağıdır Türkümüz.
Göy Türk əlifbasıdır,
Uyğur yazıları.
Onun varlığındadır-
Sümərlərin açarı.
Odur ki mən dilimə: Ətiqilər
Xunəcilər deyirəm,
Himmətilər Hidəcilər deyirəm.
Dünyaya hekmət yayan
Söhrəvərdi, Miyanəci deyirəm.
Əsirəddin, İzzəddin,
Nizaməddin, Hillilər,
Avəcilər deyirəm.
Bayatılar, laylalar,
Qoşmacalar dilidir
Bu Qaraquşlu dilim.
Baylar, Bayatlar dili
Oğuzlar, Madlar dili,
Böyük adlar dilidir,
Mənim bu Türkü dilim.
Hər şəhərə, hər evə
Hər bir kəndə deyirəm,
Dilimə Sultaniyə, Xudabəndə
deyirəm.
Qurulan Kərbasiyə,
Xaqaniyə deyirəm.
Qərbə, şərqə səslənən Zənganiyə
deyirəm.
Sən nə desən de gilən
Mən bu dilə:
Nəsimilər, Vaqiflər, Füzulilər
deyirəm.
Elm ocağın yandıran,
Hülulilər deyirəm.
Bəstənigar, Heyratı,
Çargah, segah deyirəm,
Anaların qəlbində
Dərin bir ah deyirəm.
Hökümə Bilurilər,
Sübuti, Şəhidilər,
Münzəvilər deyirəm.
Pir Türkistan adlı,
Bayatlı Xacə Əhməd Yəsvilər
deyirəm.
Ey ucalardan uca,
Qurqudlardan da qoca!
On min illik tarixin,
Canlı şahidi dilim!
Folkolorum, təranəm,
Nəğməm, atasözlərim,
Eşqımın dəryasının
Təki, vahidi dilim!
Mənim Zənganlı dilim!
Azərbaycanlı dilim!
Böyük imanlı dilim!
Dili Qur´anı dilim!
Yada sən sinə gərdin,
Məni bu dinə çəkdin.
Ey mənim Allah ilə raz o niyazım
dilim
Dinimi dörd bucağa,
Sərən sərəfraz dilim!
Sən mənim vicdanımsan,
Damarımda qanımsan!
Bu dilə izzət, ismət, şərəf,
qeyrət deyirəm,
Öz dilimə ədalət, uca himmət
deyirəm.
Heysiyyətim dir mənim,
Elim, yurdum, vətənim.
Bu dildə danışanda
Əbhər, Xurrəmdərəli,
Sultaniyə, Qeydarlı
Hidəcli, Mayan şanlı
Zənganlı adlanıram.
Bu dil ilə gülürəm,
Alışıram yanıram,
Dərin məzmunlu sözü
Mən bu dildə qanıram.
İndi lap gözün çıxsın
Burada,
Türkü dildə
Oxuyuram yazıram.
İnsanlığa xor baxan
Məni dilsiz istəyən
Dinsiz şovonistlərin,
Məzarını qazıram.
Yalnız Allah önündə, həqq
qarşısında əyil
Vur oğlum qoy qalxmasın,
Şovonist, insan deyil.
Coklara mə´ruz qoyma,
Tarix adlanan dili,
Bada verərsən oyan
Yüz milyonluq bir eli.
Sənə elmin qapısın,
Açan açardır bu dil.
Zülmətli qış gecəsi,
Çiçəklənən, güllənən,
Sicillin kimliyindir,
Oğlunu əcdadına,
Bağlayan iliyindir,
Bu şirin türkü dilin.
Şərəf ünvanlı dilə
Sən güvən, qoy sənə də
Güvənsin şanlı elin.
Şe´irin Qartalı
Zərrə tək Allaha çatmaq arzusuyla
Şö′lə çəkdin,
«Zat-i Heydər» dən söz etdin,
Gördün ənvarın haqqın.
Sən ?ələstə? bağlanıb,
Qalu-bəla dən dəm
vurub,
Aldın iqrarın haqqın.
Arif-i ayati həqqsən,
Aşiq-i didar-i həqq,
Himməti! ey məhrəm-i əsrar-i həqq!
Kayinatə eylədin izhar
sirri
ləm yəzəl,
Mustafa və Murtəza övladına
Hər iki aləmdə, Allah
Yar etsin zatını.
«Arizin firdovs billəm
Gözlərin kövsər onun.»
Söyləyib, ol şah-i mərdan, Əli-yyi
Murtəza,
Mustafa dürdanəsi
Heydər-i kərrar, imam həl əta
Vəsfi ilə başladın divanının
başlanğıcın.
Eşq olsun, Himməti! Övladına,
Zikr-i xeyrin eyləyib,
Toplantı qurmuşlar sənə.
Sən şəhidlər mülkünün təqva yayan
məddahısan,
Hidəcilər, Söhrəvərdilər
diyarından gələn fəryadsan.
Baş əyir dünya sənin qarşında
minlər dəf´ə,
Bax!
Tapmadı qəbrin əgər müstəşrəq-i
yengi cahan,
Anmadı, zikr etmədi Edvard,
Ripka, səndən heç,
Gəl gör övladın bu gün,
Qur´anın bayrağı yüksəlmiş
diyarda,
Yad edir hörmətlə səndən
Baş əyirlər
Dünyalar təqva-fəzilətlə dolu,
İncilər ilə coşan
Dərya kimi divanına.
Mən də bir şair kimi
İftixar ilə adın çəkdim bu gün
Ey dərin məzmunlu şe′rin qartalı
Himməti!
Bu gün sahib çıxan varmış sənə.
Qeyrət eylə, eşq ilə
Yad edir övlad səni.
Himməti!
Sən də
əhsən söylə,
Övladın əcəb himmət edir...
Batı İti
Sən deyirsən qərbdə
-Avrupada, yengi dünyada-
Kimsə öldürmür
-Əqidə üstündə-
Kimsəni.
Bəs, bu fırtına nədir:
Bonada
Herskdə
Filistində
Şuşada
Kişmirdə
Yox qardaşım!
Yalandır.
Batı, yırtıcıdır
Qanlı şəfəqlər düşərgəsidir...
İnan buna.
Amma biz,
Tarix boyunca,
Hekmət dənizinə çevrildik.
Həkim Xuncilər,
Şəhabəddin Söhrəvərdilər
Hidəcilər yaratdıq.
«Cahan
çün xal o xət o çəşm o əbrust.»
Dedik.
«Ki
hər çizi be cayi xiş nikust.»
Söylədik.
Bir az dərin düşün
Atila, Teymur,
Mədəniyyət asarı miras qoyan
sərdarlar
Dünyanın dörd bucağına hekmət
yayan sərdarlar iydilər.
Amma sən gəl seyr et
Hitleri
Netanyahunu
Vasiluiçi
Quçaryani
Daha hər hansı bir batı itini.
Və
O itlər babaları dalınca sümsünən
köpəklər başçısı
Quldur
Rza xanı...
«Məmməd Nəfti»ni...
Oqul
Anam məni əllərilə
«Qızıl suya» velləyibdir,
«-Bura olsun vətən.»
Deyib.
Öz gümüşü tellərilə
Yay vaxtında yelləyibdir,
Ürəyimi sakit edib.
Qızmar odlu beşiyimdə layla deyib
nəğmə qoşub,
Alıb məni qucağına dəniz kimi
daşıb coşub.
Mən anamın ağır ağır
Günlərini qaraltmışam,
Gözlədiyi qoç olmuşam.
Ağ baş ana! olma fağır,
Yurdum üçün can atmışam,
Sanma hələ yorulmuşam.
Mən yenidən qaytararam sənin bahar
başlarını,
Qoymaram ki düyün vursun birdə
çatma qaşlarını.
Qırmız rənglə əzəl gündən
Qırılmayan ülfətim var.
Odur indi odlu günəm.
Danışmayın məhəbbətdən,
Namərd yada nifrətim var.
Haqlıyam ki mən öyünəm!
Əllərimdə göyə qalxan xırda-xırda
bu məş′əllər
İmperyalizmin bağrına sökə-sökə
edər səfər.
Denə yada agah olsun,
Ürəyimdən qalxan atəş
Ağca kölə dönməyəcək.
Qulağına denə alsın,
Burda olan parlaq günəş,
Sönməyəcək, sönməyəcək.
Donun yığıb gedəcəkdir od
yurdundan çirkin zülmət,
Ellər ona bəsləyəcək həmişəlik
dərin nifrət.
Aman Ərkim Sökülür
Ay ellər, ay obalar!
Deyim olun siz xəbərdar,
Ana Təbrizimdəki
Ucalan Ərkim
Ağlayır, yaş tökür,
Havar, havar,
Yoxdur qərar!
Ləhzə-ləhzə başından
Yeni-yeni daş kərpiçlər
Xarha xar tökülür
Aman! Ərkim sökülür!
Zamanlar olurdursa
Görmüş idi bu qoca dünya
Həm də səmada çıxan,
Qit´ələrdən qit´ələrə,
Aşıb varan
Ay ulduz,
Odlar ölkəsindən çaxan
Şüali sönməz günəş...
Həm qalxırdı göyə atəş!
Şanlı varlı cəlallı
Şənlik içrə qərq olmuş
Ərkimin dörd dovrəsindən,
İndi şahiddirlər həmən
Nurlu zirvə sahibi-
Olan Ərkin zavalına.
Yığmayırlar day yığva
İndi aşıqlar burada
Axmayırlar gözəllər
Onun şüayə qərq olmuş
Əfsanəvi unudulmaz
gözəl qəsirlərində.
Çalmayırlar aşıqlar saz,
Qopmayır day bülbülün
Boğazından əsla avaz.
Aman! aman! qurdu dut,
Ağır zülmət ağır sükut,
Bürüyübdür Ərk yurdun
Baxma belə məbhut-məbhut
Dayanma, qalx! axır xun!
Ölmiyəcəksən
Dinləyin:
Dinləyin çöllərdə qalan ağaclar.
Dinləyin siyrilmiş solmuş
yamaclar.
Dinləyin uğurlu yalçın qayalar.
Dinləyin bir məni.
Könlümü basıbdır acı yaralar...
Qızıl od içindən törəmişəm mən,
Alovlar göylərə qalxıb köksümdən
Uçqan ruhum belə, sığmayıb yerə.
Yaşayıb günlərdə,
Yaşayıb aylarda.
Yaşayıb illərdə
Deyibdir ucadan dünyaya:
Şair!
Ölmiyəcəksən...
Səsini illərdə dinləyəcəklər,
Adını dillərdə söyləyəcəklər,
Çəkmələr altında qanın sızacaq,
Yazacaqdır:
Şair!
Ölmiyəcəksən...
Zindanlar canını çürüdəcəkdir,
Sanma ki ölümə yürüdəcəkdir,
Kündələr bu sözü yeridəcəkdir,
Satqınlara nifrət,
Şair!
Ölmiyəcəksən...
Güllələr canını dəlib keçəcək
Boğazını kökdən bir ip biçəcək,
Başın üstə bulud belə yağacaq:
Rahatca yat,
Şair!
Ölmiyəcəksən...
Ərkə öz yiyəsi yiyə duracaq,
Pinəli barmaqlar qılınc vuracaq,
Satqının, yaltağın qanı axanda,
Deyəcək xalq:
Şair!
Ölmiyəcəksən...
Burax alçaqları, qoy bağırsınlar
Səni güllələrə qoy çağırsınlar...
Alqış olsun sənə, yenə də alqış,
Ey geniş kütlənin dili, keşiyi,
Milyonlar şairi!
Arzular, umudlar, həsrət beşiyi,
Milyonlar şairi!
Ölmiyəcəksən,
Ölmiyəcəksən!
Milyonlar şairi,
Milyonlar şairi!
Aydın Üfüq
Göyərçinlərimiz bir gün tapılar
Gözəllik, məhəbbət əlindən tutar.
Öpüşdür ən kiçik nəğmə o gün, bax!
İnsanlar
Bir – birə
Qardaşdır ancaq!
Daha bağlamazlar ev qapıların
Qıfıl nağıl olar
Könül isə bəsdir
Diriliyə o gün.
O gün mə′nası hər sözün sevməkdir,
Son sözün çin, sözlər dalı
gəzməzsən.
O gün ahəngi hər sözün həyatdır,
Son şe′rim çin mən də qafiyə
dərdini çəkmərəm asla.
Bir gözəl nəğmədir o gün hər
dodaq,
Ən kiçik nəğmə də öpüşdür ancaq!
Həmişəlik gəlsən sən o gün əgər,
Gözəlliklə bir olsa məhəbbət,
O gün ki bir də biz göyərçinlərə.
Yenə sərpək dənə...
Mənsə o gün üçün intizardayam
Hətta əgər belə daha olmayam...
Hotel
Bura gəlir hər cür adam
Səhər axşam.
Əhvazdan, Tehrandan
Oğlan gəlir, qız gəlir.
Zəncandan, İsfahandan,
Ağalar, xanımlar,
Müsafirxanaçıdan otaq alırlar,
Neçə gün qalırlar.
Mənim otağımın bax lap dibində.
Hər cürəsi görünür.
Fəhlə həyatından xəbəri yoxlar,
Kəndlinin dərdini heç bilməyənlər,
Mə′murlar, pullular, axmaqlar,
xollar,
Çoxlar, çoxlar.
Hələ xaricəli də buraya gəlir
Amrikanın Yankı qızı oğlanı,
Tüklü, yünlü, vəhşi,
Turistlik adilə
Vəhşilik edən, pul güdən.
Bura gəlir hər cür adam,
Səhər, axşam.
Acı
cəng
Bu acı cəng nədir?
Kimdi soxulmuş vətənə?
Kim izin verdi girə xəsm bu
dəşt-ö-dəmənə?
Sən, özün bir vətən oğlu sanaraq
Heçdə aldınmı önün böylə
təcavüzkarın?
Xırdala sözlərini, hər nə varın
söylə mənə!
Bəxtiyar indi Parisdə səni
alğışlayaraq,
Əməlin xatirinə dəyqədə çimdik
çalaraq,
Müjdə ərbablarına göndərərək padaş
alır.
Səni gündən günə İranda oyuncaq
kimi fırlandıraraq,
Millətin eşqinə amalına xor baxmaq
üçün
Meydana salır.
Önünə hər gələni öldürüsən
vicdansız
Partladırsan bizə bomba, Amerika
bağırır.
Savaki – şahçı bütün ziddi bəşər
ünsürlər
Meydana atdı səni boğmağa
fəryadımızı
Qaynayır qanımız indi sənə lə′nət
yağırır.
Maska vurdun üzünə, əldə əsarət
ipini,
Liberallar əli ilə salasan
boynumuza.
Odladın evləri bombayla
həyasızcasına,
Öylə dəhşətli ki yandırdı odun
qəlbimizi,
Adını qoyma bəşər sən, sənə yox
istixlas.
İnqilab eyləmişik, tac-i kiyan
qavzamışıq,
İrəli yüksəlirik biz iri addımlar
ilə.
Bu polad əzmimizin kimsə
dayandırmağını-
Bacaranmaz daha, sən
Kimdi göstər mənə o?
Sənə və′dəylə rəyasət verəcəkmi
Reyqan?
Sən əsil oğlu deyilsən vətənin, ey
şeytan!
Corc Bal sən kimi bir xayini
təşviq edərək,
Sevinir İrana birdə qayıda
istibdad.
Nə «zərurət» tanıyırsan, nə
«güzəştə» nə də «hal»,
Nə «siyasət» nə də ki «mərhələ» nə
«istiqbal»,
Sən kimi naxələf evladın əlindən
fəryad!
Bax gözəl yurdumuz ötrü yerə
düşmüş pasdar,
İnqilab oğludur o, qanmayacaqsan
bunu sən.
Öylə xudxah bəşərsən ki sənə yoxdu
vətən.
Səs səsə versən əgər min Amerikalı
ilə
Yenə də inqilabın öz təriqi, öz
yolu var,
Gedəcəkdi irəli, dutmayacaqdır ki
qərar...
Rəhbəriyyət səni aldatmış, öyünmə
özünə!
Rədd ol, it, get, daha bəsdir ki!
Yetər bunca xəyanət pişə!
Utan indi, belə qarşımda dayanma,
durma,
Boynuna taxma mubarizlərin armın,
azğın!
İnqilabın təməli gördü əlindən
tişə.
Qarpıza işləyən ol beynini satdın
beginə
Bomba verdi əlinə qan sorucu
İsrayil,
Səqfin altında qalıb öldülər
yüzlər insan,
Nə nubuğ əhli imiş sən! ölü qalxır
yerdən!
İşi sahmanladı bir ləhzədə də
İzrayil.
Sən eşitmək bacara bilməz idin,
Tinətin pis idi,
Heç dinləmədin İnqilabın
nəğməsini.
Amerikanı yıxan gur səsini.
Fırtına qaldıraraq qana boyadın
vətəni,
Mauistlər sənə «bəh bəh!» dedilər,
«can!» dedilər,
«Naxələf oğlun olubdur.»
Anana
«Yan!»
Dedilər.
Elə zənd etmə ki bombayla bizi
öldürsən,
Da qiyamət qopaçaq,
Güllər solacaq,
Günəşlər batacaq!
İnqilabın ağacı,
Bar gətirməz olacaq!
Bil ki şahlar şahının dərgahı od
püsgürmüş,
Sutunu sınmış ila-axirə
istismarın.
Bura İran deyilir
Qəhrəmanlar vətəni!
Gözün aç, yaxşıca bax,
Yaxşıca dinlə məni:
Azərilər qoruyubdar əbədi atəşini,
Daha bu ölkəyə dönməz yenədə
istismar...
Haqq deyib, haqq eşidib, haqq
yazaram,
Düzgünəm, bil, tanı sən!
Ağ dona tez düşəcəkdir ləkə,
əlbəttə ki mən
Sənə əhsən demərəm böylə
cinayətlər üçün.
Uçğun daxma
Tarixin iylənmiş səhifəsində,
Əsirik, ay aman!
Şeytan toru təki yan-yörəmizi,
Buruyubdur duman.
Əriyir uşaqlar bir parça buz tək,
Gəl bircə dayan!
Gülünc eyləyirlər istəyimizi,
Atəş aç! oyan!
Çək başıva elin qızıl meyini,
Aldanma Tatlara!
Unudma virana uçğun daxmavı,
Qoşulma yadlara.
Uğurlar!
Dur fışqırt əmcəklərini,
Yad yurda səpələ təmiz südünü,
Bitsin orda yenə odlu çiçəklər...
Yandı Urmu
Hicri
1335-nci ildə Urmunu daşnak ermənilər od çəkmişlər. Bu
munasəbətlə böyük inqilabçı şair «Təqi Rəfət» farsca
şeir yazmış «Təcəddüd» Gündəliyində nəşr etdi.
Aşağıdakı
sətirlər onun şeirindən ilham alınaraq yazılmışdır.
Yandı Urmu,
Yandı Urmu,
Xoşluq ümmidi var idi sinənsində,
İranın baxtı açılmışdı səsində.
Gün bə gün abad olurdu,
Şad olurdu.
Düşmənin hər hiyləsi bərbad
olurdu.
söylə Tanrı,
Hansı şeytan şərrinə tullandı
Urmu?
Yandı Urmu,
Yandı Urmu!
Zülm,
Köksün Urmunun etdi pərişan,
Eylədi cansız, qərarsız, qıldı
viran.
Qoymadı cəllad istibdadı əzsin,
Əzmini etsin nümayan.
Vah! ay
Qara baxt içrə
Allahım
Aman
Odlandı Urmu,
Yandı Urmu.
Öz ətəyində gəlib düşmən becərtdi,
Bu nə qəmdi, bu nə dərddi?
Düşmənin aldı qadasın
«-Sən qonaqsan!»
Söylədi:
«-Al, baldı, qənddi!»
Saxladı qoynunda
Vay Allah
Düşmənə aldandı Urmu,
Yandı Urmu,
Hər qaçaq namərd onun qoynunda
qaldı,
O sığınmaq çün gələn nakəslərə
Evlər də tikdi, yer də saldı,
Qəlbi dərya tək, güvəndi dağlara,
Lakin nə gördü?
Bir iki gün keçməmişdi, fikrə
daldı
Vay o güllü günləri ötdü, savuşdu.
Etimad etdi, inandı,
Yandı Urmu,
Yandı Urmu,
Amma mə′yus olma heç vaxt,
Allahın fəzlin dayaq et.
Ellərə ümmidi,
Sən,
Dərya qırağında mayaq et.
Qoy sənin əzmin, iradən sarsıda
düşmənləri,
Sən yə′si qav, əzmi mayaq et!
Qoy acı günlər fəna olsun, yox
olsun,
Ellərə vurğun olanlar yurda
dolsun.
Bax!
Bu dərdə, himmətin dərmandı Urmu,
Yandı Urmu...
Üfüq
Dəniz qarşımda durmuşdur
Nə durmuş,
Dalbadal tufan qopur ondan
Xəyalda kayinatı seyr edərkən
Bax dalır insan
Üfüqdə
Ən uzaqlarda nə var bilməm,
Nədənsə tufan ağlımdan çıxartdı
hər nəyi birdəm.
Sonu,
Rüyalı bir dünya,
Mənim eşqimdir amalım!
Dayan!
Qoy bir yada salım,
Qara tufan gedəndən sonra mavi bir
dəniz,
Əlbəttə mavi.
Həm də aydın bir səma,
Bir göy qalar ondan
Xəyalda kayinatı seyr edərkən – ,
Bax dalır insan!
Mənim şəhrim, mədinəm, arzu yatmış
üfüqlərdə
Onu görmək üçün qardaş
Qara tufana ol yoldaş
Mənə aydın üfüq lazım
Nə lazım can, nə lazım baş...
Bu sahillərdə qəm var, qüssə var,
Həsrət sürür fərman.
Dəniz qarşımda durmuşdur,
Nə durmuş,
Dalbadal tufan qopur ondan...
Mən insanam mən insan
Məndə «iman» var
Və həm iman dolu sevgi, məhəbbət,
mehribanlıq,
Şənlik, insanlıq, fəravanlıq,
Və hərzaddan daha yüksək
Ürək var,
Çırpınan bir qəlb var,
Həmdə dilək var!
Ən sonu
Aydın üfüqlərdən gələn rüyalı bir
dünya!
İcbarı İysar
Urmiyə
danişgahında qurulan «səbk Azərbaycanı» qurultayında
çıxısımı ləğv edən nadanlara.
Başım üstündə «Ələsgər» adlı bir
alçaq yenə durmuş
O,
Gizli pərdə ardından
Fəravan əmrlər vermiş!
Mənə mane´ olur nakəs,
Deyir ki:
«- Söyləyin ustada bəsdir bəs!
Danışma «Səbk-i Azərbaycanı»dan!
Bizimki bir nümayışdır,
Fırıldaqdır,
Ötür qoy oynayım, dinmə!»
Deyir:
«- Fəryad qalxar sən danışsan bu
qurultayda
Bütün Ellər.
Səni alqışlayar dillər.
Və məndən də alar nani, çirağı,
həmdə ki yağı...»
Deyir, qorxur,
Deyir, qorxur...
Gəlib yaltaqlanır:
«- Ustad! iysar et! danışma
Bayıs olma bir tikkə nanə! ...
Yoxsa verrik ... səni,
Onda nə eylərsən?»
Başqası söylür:
«- Denə icbarı iysar!...»
İntiqam
İntiqam almaq əgər istərsən,
Qoy uşaqlar atılıb düşsünlər
Gül çiçək dərsinlər
Haqların kimsə əlindən alsa
Qoy bağırsınlar olar
Haqqı fəryad eyləyib
Haqqı çağırsınlar olar
İntiqam almaq əgər istərsən
Qoy bütün yerləlrdə
Oxusunlar balalar dillərini
Yazsınlar
Qorxmadan
Urmu bərəsində də gül əkmək üçün
Sahili qazsınlar.
İntiqamım belədir.
Yaralı əllərimi
Sizə sarı uzadıb
Dənizə qarşı dayanıb
Sizə «sağ ol!» deyirəm,
«Şən yaşa!» söyləyirəm.
Himmət
Təbrizliyəm, damarımda Təbriz axır
qan yerinə.
Eynalı dan cəddim «Ağa Mir Əli»
dir
O, dağlardan durub gəlmiş baxır
mənə
Qızıl sular məhəllində yurd
salmışdır,
Orda məscid qayırmışdır.
Məşrutə inqilabında
Özün hər bir geriçidən ayırmışdır.
Mən, torunu o Seyidin
Özümü Təbriz bilmişəm.
Dünyanın hər bir yerində,
Özümdən kimsəni əsla
Heç yuxarı görməmişəm,
Buna «mubahat» demişəm.
Söz vermişəm, əzəl gündən
Fəzilətlər yayan elə,
Xidmət etmək şuarımdır,
Susmamışam, durmamışam,
Söz verdiyim fəzalara iz salmışam.
Xidmət üçün yol tapmağa,
Fikrə-xəyala dalmışam,
Buna «sədaqət» demişəm.
El düşməni, dil düşməni, təqva,
fəzilət düşməni,
Bir sözlə şah məfkurəsi qarşısında
dayanmışam.
Eşqim qalxıb səmalara,
Şö′lə içrə odlanmışam,
Buna da «qeyrət» demişəm.
Kök salmışam, iz salmışam
Qutsal Təbriz yollarında,
Qaragiləm sevməsə də,
Qurbətlərdə buruq-buruq cığırlara
düşsəm belə
Qopmamışam öz kökümdən,
Buna da «himmət» demişəm.
Vəhy
Səhər sabahının ulduzları
Üfüqdə axıb
İtəndə gözlərdən,
Mənim də köksümə bir söz qığılcımı
axdı
Səhər itib getdi.
- Nə idi?
Xatirəmin sandığı nə boş görünür?
Bir qaranquş idi,
Ya ki bir ulduz?
Və ya köpüklənən ağzın köpükləri
idi?
Və ya ki şö′lə çəkən atəşin
şərarələri?
Nə idi,
Söylə gilən!
- O bir qığılcım idi
Şəhid məzarına bənzər bir ayədən
qalxdı,
Gedib o göylərə bir vəhyə çevrilib
gəldi,
Mənim də köksümə axdı,
Səhər itib getdi...
İxtiyar
«-Atan harda ölüb?»
Sordum.
«Yataqda!»
Söylədi nakəs!
«- Baban harda ölüb?»
Sordum.
«- Otaqda»
Söylədi nakəş.
Yataqlarda, otaqlarda ölənlər
nəslinə söylə:
«- Da bəsdir, bəs!»
Denə:
«- Atlar belində, mən ölənlər
nəsliyəm
Ordan axır qanım
Orda bəslənib canım.»
Yataq sağda! otaq solda, ulu
meydan da qarşımda,
Onu seçməkdə «sahib ixtiyaram»
mən!
Və la cəbrən və la təfviz
Özün bil!
Burda bircə sən,
Və birdə biz.
Dalımda isə şanlı,
Həm də şövkətli ulu Təbriz.
Yuxu Tə′biri
Təbriz,
Mənim ey mə′bədim, ey qibləgahım!
Gördüm yoxumda dün gecə
Nura bürünmüş bir ilahi heykəlin
timsalı olmuşsan.
Bəh bəh, necə!
Xoş atrili bir camə dolmuşsan!
Sübhün əzan çağı
Təravət, mə′nəviyyət, yüksəliş,
billah!
Bürümüş, sarmış afaqı.
Söküldü dan yeri,
Gördüm Səhəndin damənin,
Ellər axarın.
Ya Əli İbni Əbitalib!
Əsanı birdə vur
qoy sinəsindən yeddi göz axsın
daha
görmüşəm mən sübühün ağın
yuxum tə′birimi bu?
Zirvə
On il qabaq,
bir gün, bir qış günüydü.
Əlimdə üç səfhə kağiz,
Girdim içəri
Otaq elə həman bu otaq.
Qarşıladı məni Kirmanlı bir seyid
Dedim:
«-Tərhe
məcəlleye türki dârəm mən!»
Dedi:
«Ma
inca əslən türki nədârim.»
Amma aldı layhəni, bəyəndi dedi:
«Bâşe, biyâ, esmeş «Səhənd»,
çetore?
To həm moqavemi mânənde in kuh!
Xəm be əbru nəyâr,
Of nəgu əslən...»
On il keçir indi o gündən, Səhənd!
Sənin on illiyin mubarək olsun.
O gündən bəri sənə sarı hər gün,
Çörək çıraq üçün qaçan çox oldu.
Sən öz ətəyini əsirgəmədin,
Yedi, içdi hər kəs.
Sənin səxavətli ətəklərində.
Sənin əlinlə
Biri damla da oldu,
Nərduvan eylədi səni,
Zirvə axtarırdı, zirvə gəzirdi.
Bunu bilmədi ki ancaq, o nakəs,
Səhənd alçaqlara nərduvan olmaz.
Səhənd zirvədir,
Özü, ucalardan uca bir zirvə.
Doğan Çay
Doğan çay!
Bir daha Təbriz sənə ustad
göndərmiş.
Bu dəf´ə Saibanə dada son vermiş,
Sənə Düzgün sayaq fəryad
göndərmiş.
Budur,
Danişgahında yurdumundur şə′ni
səslənmiş,
Mənim dadım onun fəryadı
yüksəlmiş.
Vətəndən ayrılan beş-altı yüz
gəncim,
Sənə gəlmiş.
Elim fəxr eyləsin
Qalxsın ayağa,
Tək bə tək «can» söyləsin
övladına, hər gün,
Onlara bax dərs deyir Düzgün.
Doğan çay!
Ax, amandır!
Susma, fəryada gəlib gəncim,
Sənin danişgahında yurdumundur
şə′ni səslənmiş.
Armanlı Həyat
Sizə təqvalılar nəsli
Desəm,
Səhv etmərəm asla.
Ürəyiz saf, kədərsizdir,
Bu gerçəyi
Deməkdən etmərəm haşa.
Həyatız armanlarla dolu
«Qardaş»!
Həqiqətdir.
«Fəsad»dan hər nədə olsa
Qaçırsız, bu diyanətdir.
Sədaqət gözlərizdən şö′lə saçmış
Təbriz üstündən
Baxış, həm davranış sadiq
Mənimçün bu, kəramətdir.
Sizi sərbaz tək xalqın muqəddəs
inqilabi qavzadı, «qardaş»!
Ayıq dursaz, ölər düşmən,
Qaçar tülkü,
Köçər çaqqal,
Böyüklərdan bizə qalmış bu altın
bir vəsiyyətdir.
Sizə düşmən deyil «Düzgün»
Düşün «qardaş» inan!
Gəl qol-qola ver yat bu səngərdə
Canımdan keçməyə mən də sənin tək
hazıram, amma
Mənə düşmən demək,
«- Qardaş!»
Xəyanətdir.
İnana, düşmən bunu yaymış!
Onun qəsdi sədaqətlər önündə,
Armanlar qarşısında,
Tək, xəyanətdir...
Susğun Yatağım
Nə sırlar var yatıb səndə?
Mənim şıltaqlıq oylağım
Uşaqlıq günlərimdə qırmızı köksün
yararkən
Yatdığım yurdum yatağım,
Eynalı dağım!
Yenə susğun dayanıbsan, qızıl dağ!
Söyləmişdin sən mənə içdən
yanıbsan,
Tarixi fəryad edibsən,
Həmdə bir damla sədaqət ötrü
Minlər dəfə, bidada düşübsən,
Dad edibsən.
Nəğmələr, ahənglər, qaldırmısan
sən
«Qoy bəşər asudə olsun
Şən yaşasın.»
Söyləyib,
İnsanlığı əndişəyə cumdurmusan,
Daldırmısan sən.
Qırmızı köksündə qalxan lalələrlə,
Gör nə hay saldırmısan sən?
Hey! Gəvənlər toplayıb köksündə od
yandırdığım günlər!
O günlər!
Hardadır bilməm o günlər?
Eynalı dağım,
Mənim şıltaqlıq oylağım,
Bahar çağım!
Qoy qayıtsın bir kərə
Zehnimdə də təsviri canlansın,
Gəvənlər göydə fırlansın,
Sənin sinəndə çıt-çıt yansın
odlansın.
«Əli» qoy şahə çəksin:
«Ey ana yurdum...»
Səsin qaldırsın afaqə.
Aman! bəsdir,
Uşaqlıq günlərində qırmızı köksün
yararkən,
Yatdığım yurdum, yatağım,
Eynalı dağım!
Bağım baxçam, məzarım ol!
Dəfinə saxla qoynunda, qızıl dağ!
Susma, fəryad et!
Sənə bir damla gözgü tək,
Budur «Düzgün» gəlir...
Bütün bidada bir dad et,
Məni al qoynuna saxla,
Bahar çağları qalx ətrafını yoxla.
Məzarım üstə qoy şıltaq uşaqlar
hay salıb gəlsin,
Gəvənlər toplayıb köksümdə...
Aman, susğun yatağım
Eynalı dağım!...
Əbədi Həyat
Həmişəlik, əbədi borcluyam sənə
bilirim
Vətən!
Mənim bu borcu əda etməyə təvanım
yox
Mənim ki canım yox
Ki o əbəd olsun!
Sən ey mənim əbədi umduğum ana
yurdum
Bütün umudlarımın qaynağı
Təranəsisən,
Ürəkdə əkdiyim hər bir gülün də
danəsisən,
Dilək fəsanəsisən.
Mənim özüm də gözüm də sənə nisar
olsun!
Sənin böyük gələcək-
Etibarlı şanlı günün,
Həmişə var olsun!
Həmişəlik, əbədi borcumu mənim,
Təbriz!
Qəbul eyləgilən,
Qoy yavaş-yavaş ödəyim.
Özüm,
Həm övladım
Və əhfadım
Torunlarım, nəsilim,
Həmişəlik əbədi etibarlı
günlərinə,
Borcumuzu
Qoy yavaş-yavaş ödəyək,
Bir də bir vətən yolunda gedək.
Vətən!
Bu borcu əda etməyə
Bizə macal gəl ver...
Dərd var, Qəm var, Kədər var
Aşiqanə şe′rdə yazdım sənə
Əlbətə yazdım!
Furmada həm möhtəvada,
Ən gözəl nəğmə yaratdım!
Amma sən məndən təranə gözləmə,
Gözlərimdə şo′lə, bir dərya qəzəb
var!
Hardasan sən, hardasan yar!
Dərd var, qəm var, kədər var...
Gəl könül mülkümdə mehman olgilən,
Gör nə təhər var!
Mən ağır dövranların düzgün dili,
düzgün əli,
Düzgün tüfəngi, həmdə düzgün
şe′riyəm, bil!
Nəslimin göz yaşını sil!
Onlar odlardan çıxıblar,
Şahların boynun sıxıblar,
Səltənət qəsrin yıxıblar.
Mən bu nəslin şairi, düzgün dili,
Düzgün əli,
Düzgün tüfəngi,
Həmdə düzgün şe′riyəm, bil!
Mən fəzilət yaymağa gəlmiş ilahi
qərzdaram!
Qərzimi qoy bir verim,
Ömrüm gödəlmiş, fürsətim yox!
Eşq haqqındır sənin,
Həmdə təranə.
Aşiqanə beytlər çox.
Gəl gözümdən bax cəhanə,
Gör bu dar-i dünyada çoxlu şəhər
var.
Çox boyalar, rənglər, neyrənglər
də,
Hər birində bir təhər var.
Hardasan sən, hardasan yar?
Dərd var, qəm var, kədər var...
Mavi Göz
Dünyanı mavi gözümlə seyr edən bir
şairəm mən
Harda görsəm bir fəzilət,
Allam ətrafın,
Dolannam başına, pərvanə tək,
Yannam, kül ollam.
Şairəm mən,
Xeyrxahlıqdan danışsan,
Qeyrəti, təqvanı yaysan,
Qəddinə sözlər qoşaram,
Qamətin görəcək, coşaram!
Sən gözümdə çöb gəzəndə,
Alçalırsan, yan gedirsən!
Təbrizin mavi gözüylə dünyaları
seyr edən bir şairəm mən
Hər nə seçsəm doğrudu,
Mavi gözüm, dərya gözüm var,
Damlalar onsuz yaşamaz.
Damlasan sən,
Alçalırsan, yan gedirsən.
Birlik
Dəniz ilə əgər bir yerdə olsan,
Damla bir dənizdir!
Deyilir Belə.
Qavutlar içindən qopan yel qavan,
Ayrı düşdüyüçün,
Verilir yelə.
Gəl söz birliyinə inanaq biz də,
İnsanlar qoparan tufana sarı-
Yönələk, qavuşaq bir yumruq olaq,
Gətirək bu yurda güllü baharı.
Bir say daha artdı bəhmən ayında,
Təbriz təqviminə, Təbriz adına.
Adlım bir say «oldu iyirmi doqquz»
Bu böyük dad imiş şah bidadına.
Tufanlardan qalxan xırda
məş´əllər,
Qara zülmətlərin bağrın sökəcək,
Birgə atlanacaq, birgə qalxacaq,
Qara dumanları yerə tökəcək.
İnsanlıq bəzəyi
«Çehreye
kərihe şahane xod ra beşnasid» adlı kitabın 1351-nci
ildə gizlicə nəşri munasibətilə.
- 1 -
Qoy mənim nəslim bağırsın,
İmdada insan çağırsın.
Sən də şahlar şahının dərgahına
çirkin üzün sürt,
«Kuruş» uydur,
Fəxr elə uydurma tarixə!
- 2 -
Bil, boğulmuş fəryadam mən,
Partlamış üsyan.
Mənim nəslim qəzəbdir, şo′lədir
oddur.
Alavlanmış böyük bir e´tirazdır!
Söyləyir:
«İnsan!
Aman, son qoy fırıldaq almasın
dünyanı,
Bəsdir,
Əbəsdir bu kələk qurma
Özün yorma
Mən insanlıq bəzəyi, Təbrizin bir
qəhrəman gənci.
Budur, ardımca gəl, durma,
Damarımda mənim qan yox, axan atəş
alavlanmış,
Bütün şahlar şahının qəsri də bu
atəşə yanmış.
«Kərih üzlər» kitabın biz
Sənə yazdıq,
Oxu, hər bir şahın çirkin üzün
tanı,
Mənim ardımca gəl durma,
Quraq bir başqa dünyanı.»
Son Nəfəsdə
Mən yaşda olanın gözü yoldadır
Qulağı səsdə,
Sanki dayanmışdır
Arxada uzanan
Şərəfli, şövkətl,
Uzun keçmişi
Uzaqlardan gələn xışıltılara
Bəşarət şafağın tökən səhərə -
Bağlaya, ölə...
Mən yaşda olanın gözü yoldadır,
Qulağı səsdə,
Şah babamın birdə
«Movla ya Əli» səsini duya!
Cənubdan şimala
Göylərdə uçan vertalyut görə,
Uçaqlar seyr edə,
İsmətli-namuslu ana-bacımı
Daşnakın cinayət caynaqlarından
Qurtara, ölə,
Bu son nəfəsdə.
Mən yaşda olanın gözü yoldadır,
Qulağı səsdə,
Yeni bir qiliqda «Sâhir»i tapsın.
Onun dirənişin muqavimətin,
Sâhiranə cəngi
Ürəyindən sızan zülal ahəngi,
Sübhün havasında, su pərdəsində,
Ağır-ağır ucan quşlar səsində,
Eşidə, ölə
bu son nəfəsdə.
Arzusuz-döyüşsüz qarğa deyiləm
Hər dona girsəm də
Yenə qartalam.
Səni də qartal tək görmək istirəm
Bu son nəfəsdə.
Aman aman! mənim xurma tel oğlum!
Kot-şalvara, pula Allah söyləyən,
Dini əyləncə edən,
Elə dönük çıxan,
Əmanət tanımaz, sədaqət bilməz,
Adını da qoyan «əmin! sədaqət!»
Həyasızcasına qarşıma çıxır
Üzümdən utanmır
Minnətdar üzü.
Ülkərə xor baxır,
İki hiz gözü.
Mən yaşda olanın gözü yoldadır
Qulağı səsdə,
Onuda dinləyə
Bu son nəfəsdə.
İclas gedişi
Tehran
Danişgahı Ulum İctimai Danişkədəsi salonunda «Teori
Zəban Azəri» mozuunda danışdığım munasibətilə.
Dizə çökdü mənim qarşımda
danişməndlər, Təbriz!
Mənə qarşı duran nakəs
Nə Turandır, nə İrandır,
Fırıldaq işlədən alim numadır,
təkcə şeytandır.
Görəydin kaş necə susdu
O satqın nimçə alimlər!
«-Sual ver!»
Söylədim üç dəfə,
Lakin kimsədən cınqır da çıxmaz!
Sanki ölmüşlər hamı!
Lal oldular, Təbriz!
İnan qurdum qala yıxmaz onu tufan,
Əsasi çünkü imandır.
Zaman, azər ayının dördüdür,
Yer də danişgah-i Tehrandır.
Salonda toplanıblar yüzlər alimlər
Nə alim, satqın amillər
Özünə Kəsrəvi tək azğını rəhbər
seçən dillər.
Dəlillərlə danışdım
Müstənəd mə′ruzə verdim mən.
Siyasi etməyə qalxışdılarsa bir
necə növçə
Mənim elmim dayandırdı bütün
rəngi,
Və neyrəngi!
«Qara Məcmuə»ni kəşf etmişəm gəl!
Ağlıvı yığ başıva, nadan!
«Apustaq» türkcəsində incəlik var,
«Sümərcə» türkcəsin dinlə,
Oxu «Qasan»,
Bu tarixlər, təməddünlər yaranmış
Təbriz üstündən.
Dedim, sonra:
Sübut etdim qəzəblə, hirslə,
fəryadilə, Təbriz!
Salonda toplanan alımnumalar
susdular birdən,
Bütün başlar aşağı
Tər basıb alnında ovbaşın.
Dedim:
«- Tərpən! danış! söylə! sual
ver!»
Susdular alim numalar
Dinmədən öldü özünə Kəsrəvi tək
azğını rəhbər seçən hər kəs.
Belə iclas quruldu,
Oğlunun elmi bütün iclası sardı
Mat-i məbhut qoydu tarixi.
Sənin oğlundu Düzgün, söyləyir
elmim fəravandır,
Mənə düşmən nə Turandır nə
İrandır,
Fırıldaq işlədən alim numadır
Təkcə şeytandır.
Sənə iclas gedişin yazmadı kimsə,
«Gözariş» vermədi heçkəs!
Özüm yazdım.
Rapordur bu,
Oxu,
İmza elə Təbriz.
Zərdüşt
Əski türk
peyəmbəri «Zərdüşt»ün «Qaslar»ının tərcüməsini
qurtardığım zaman.
Vətən! dinlə məni
Azadələr çoxdur sənin övladın
içrə,
Qoymazlar alçalsın başın-
Dik dut, yeri!
Vətən!
Durma! amandır!
Xəsmi naməhrəm gəlir qoynunda yurd
salsın,
Xəyalı var ki qalsın,
Cəhənnəm eyləsin yurdu.
Naxələflər də′vət etmişlər.
Bəli!
Pisdir, yamandır, bu.
Böyük azadə bir şair
Mənə vaxtında söylərmiş:
«Mənim arzum budur dünya bütün
cənnət bağı olsun!»
Bugün sözləri topraqda
düyünlənmiş!
Görürsən nə zamandır bu?
Vətən!
Ey səbrli yurdum!
Mənəm,
«Təbriz sütü əmmiş» deyirlər adıma
dünyada, hər yerdə
Bütün dünyaya bağ saldım,
Gedib cənnət qayırdım hər yeri,
yurdu,
Bugün gəldim sənə sarı,
Dedim:
«İrandı, Turandı,
Bura yurdumdu
Məndən sarı virandı.
Bura şərq ölkəsi,
Şərqin həvəslə çırpınan qəlbi,
Bu Azərbaycandır!
Oddur amacı,
Savalan tacıdır,
Şərqə dərin savlar gətirmişdir.»
Vətən!
Dik dut başın!
Durma, yeri!
Zərdüşt gəlməkdə,
Onun «qas»ları qaslanmaqdadır,
Savları savlanmış,
«Manisə»ləri gallanmış,
Yazılmış «yaznə»ləri, həm
«Apustağı» cilalanmış!
Yəqin et,
Söyləmə rüyadı, rüyalı gümandır
bu.
İnan Təbriz
Mənəm təqdiri tə′yin etməyə qadir,
İnan Təbriz!
Onu çallam daşa,
Bir şişə bardaq tək
Yaman Təbriz.
Sənə sarı gəlib
Yollar kəsərəm mən, səni görrəm,
Səninlə qol boyun ollam,
Aman, Təbriz!
Məni Təbrizə «məmnui vurud» etmiş
dəni yağı!
Onun bir pısqırıq fərmanına bax,
Əmrini seyr et!
Odur təqdir əsiri,
Mən ki yox!
Bircə dayan, Təbriz!
Səhəndin zirvəsində od qalanmışdı,
Donun yığmış qara zülmət,
Qıraqda çulqalanmışdı,
Dünən bildim.
Budağlarda yatan əcdadımın qanı
Damarımda axıb,
Hər bir zaman, Təbriz.
Xətmi Gülü
Hələ söylənməmiş şe′rim coşmaqda
Ürək sözlərini hansı bir şair,
Yaza bilmiş,
Ki mən də yazım?
Gülün yarpağında, ürək telində,
Çiçəyin ətrində,
Oxuya bilərsən
Bu şe′rimi sən.
Gecə atlısının qaranquluqda
Atının tozunu seyr edə bilsən,
Uca simşad qəddi
Yerə düşəndə,
Onun tərəfinə
Sən gedə bilsən,
Hələ yazılmamış şe′rimi onda,
Oxuya bilərsən,
Bəlkə, deyirəm.
Təbrizdə quylanmış
Hələ söylənməmiş şe′rlərim mənim.
Get gəz «Hüseyniyyə» məzarlığını,
Bircə gül bitəcək Ağa-Babamın
Başının üstündə.
Bir xətmi gülü.
O, mənim
Hələ söylənməmiş şe′rim olacaq!
Ölüm Yolu
Nə oldu yurdunu tərk eylədin gözəl
serçəm?
Yuvan ki boş qaldı!
Bu köç düşüncəsinə serçə! kim səni
saldı?
Ölüm yolun seçdin?
Ömür haraya gedir
Bilmədinmi sən bunu heç?
Kim öyrədib yola saldı qaranquş
adlandın?
Deyirlər Təbrizi dandın!
Qaranquşun o dağa sarı uçmağı nə
demək?
İnanmıram buna mən!
Dönər yuvasına bir gün,
Dağa köçən serçə.
Badam ağacları gülləndi serçələr
gəldi -
Hayanda qaldı «qaranquş» adlanan
serçə?
Muhacirət nə uzun sürdü
Dağ, nə uzaq imiş!
Bu köç düşüncəsinə serçə kim səni
saldı?
Ölüm yolun seçdin?
Xatirə
İstirəm Təbrizə peyvənd vuram,
Qəlbimin nəzdində
Saxsı güldanda bitən,
Şəmdanlarımı,
Mən.
Gül açanda bürüsün
Həyəti,
Ətri, iyi.
Anamın çərşabı gülləndiyi gün,
Namazın ətri dolanda otağa,
Nilli ağ köynəyimi,
Rəsmidən asdığı an,
Şəmdanlarımı bir-bir gətirəm
Dəhlizə.
Şe′rimin bəlkə də bir gün yolu
düşseydi bizə!
Əmqızım baxdıqca, gülümsəndikcə,
Mən həyətdə oturub,
Yenə peyvənd vurardım -
Bu gülü başqa gülə.
Gedirəm Evimizə Mən
Dün gecə dallarını silkələdim,
Nə səxavətlı imiş tut ağacım!
Qohumu qonşuları toplayaraq,
Altına çadra da tutmuşdu bacım.
Yuxu zənn etmə,
İnan gerçəkdir!
Küçədə çoxları toplanmış idi,
Qapımızda oturanlar çox idi.
Tağara «Şah Çələbi»dən su axırdı,
pak su.
Fanısı əldə atam getmiş idi,
Gecə top meydanına,
Bizə su novbəsi gəlmişdi bugün.
Amma düşdüm yerə birdən,
Bir uşaq,
Hıçqırırdı küçədə,
Evmizin lap qapısında,
Deyərək:
Gedirəm evmizə mən...
Təbriz oğlu
Mənə deyirlər ki:
«- Biraz qısa gəl!
Yaşlanıbsan, savaş yaraşmaz sənə!»
Amma mən bilirəm Təbriz oğluyam,
Qınaram özümü evdə otursam!
Sənin hansı oğlun savaşdan qaldı?
Təbrizli dünyaya meydan oxudu,
Nə′şi də meydanda meydanlar aldı!
Mən meydan kişisi, meydan oğluyam,
Qınaram özümü yataqda ölsəm!
Sənin hansı oğlun yataqda ölmüş?
Ürəyinin Qan Damlası
«Səhənd»
həftəlilyinin əməkdaşı «Fazil Mir Xani»nin ölümü
munasibətilə.
Salxım-salxım üzümlər
Sallananda divardan,
Günəşin tutqun işıltısında,
Ürəyimə hicrindən bir damla hopdu;
Ürək ağrısının nə olduğun bildim.
Ürəyivin ağrısı,
Məni yerindən tərpətdi.
Dünyalarca duyğu yerləşirmiş
ürəyində,
Bə´zən baxışlarınla sən
danışırdın!
Biz heç huş eləmirdik,
Ürəyində nələr yer salmışdı...
Ah!
Ürək var dünya yerləşir onda,
Ürək var bir damla da içinə
alanmaz,
Ürək var bir ufacıq daxmayada
yerləşməz.
Ürək var daş kimi,
Ürək də var zülal su kimi!
Ürək var qardaşdır,
Ürək var duru güzgü,
Saf bir aynadır.
Dedilər Fazilin saf ürəyinə
Bir qan damlası hopmuş.
Sənin gözlərin mənə güzgü olanda,
Mən yalnız özümü seyr edə
bilirdim.
Kaşki ürəyini mənə güzgü edəydin,
Sənin ürəyinin qan damlasında,
Bütün varlığımı qurban edərdim.
Vay olsun mənə ki,
Sənin ürəyindən xəbər tutmadım!
Bəlkə də qəlbinə hopmuşam bir
vaxt,
Amma qan damlasını nədən,
Nədən duymadım?
Niyə görmədim?
Zülal sabahında addım atsaydım,
Bütün varlığımı qurban edərdim.
Dərdinlə, qəminlə,
Aşina idim mən.
Amma heç zənd etməzdim
Bu qəm, bu kədər,
Sənin saf ürəyində
Bir qan damlasına çevriləcəkdir.
Bəlkə sənin
O bayğın baxışlarında da,
Damla var imiş,
Bir qan damlası.
Özümü şəmatət edirəm indi
Kaş bir də baxaydım bayğın gözünə.
Bir kərə baxsaydım, görərdim inan,
Gözündə oynayan qan damlasını.
Onda zülalındakı qan damlasına,
Bütün varlığımı qurban edərdım.
Sən düşdün qabağa,
Dolğun atifələrinlə!
Buraxdın bizi qarqalar kimi,
Özün şahin tək göylərə üçdün!
Göylərin o əngin dənizlərində,
Gözlərdən itdin.
Mən indi zülmətlər-
Çirkablar içindən,
Bu zəlil dünyadan,
Rəzalətlərlə dolu fırtına
anbarından,
Rəzil sansorçu əlindən,
Yaxamı qurtarmağa can atıb
Səhənd zirvəsinə,
Təbrizin qulləsinə çıxmaq istərkən
Göylərə göz tikirəm, hey...
Son Günlər
Tehranda
qurulan «Firdosi» konqrəsində çıxışımı ləğv edən
nadanlar.
Bura Tehrandı,
Tarix 90-ncı il
Böyük bir təntənə ilə qurulmuş bu
qurultayda
Ələsgər qoymayır qalxıb tribun
arxasında səslənim ellər!
Deyir:
«- Tez susdurun ustadı qalxar
inqilab eylər!»
Qurultaydan qıraqda
Topladım on beş nəfər azadə,
Orda söylədim böylə:
- Ahay!
Gəlib yetmiş yaşında,
Nagəhan birdən
Pəşiman oldu Firdovsi,
Bütün şairlərə üz tutdu üç yüz
səksən altıncı il,
Dedi:
«Ağıl məndən qəbul etməz!
Otuz il inciyib zəhmət çəkib
şahları vəsf etdim!
Niyə mən əyri yol getdim?
Cəhanı doldurub Rüstəm adilə,
Burda çoxlu macəra gətdim.
Pəşimanam day indi,
Bir avuc toprağa dəyməz
Yazdığım şahnamə, billahi!...»
Və sonra,
Təbrizin şairlərin
Qarşısına aldı,
Dedi «Firdovsi» illər arxasından:
«... Sizə elnamə yazmaq düşsə,
şairlər!
Mənə Şahnamə» yazmaq,
Şahlara yaltaqlıq etmək,
Əyri yol getmək
Sifət olmuş!
Pəşimanam day indi mən,
Pəşimanlıq bütün ərkanıma dolmuş.
Mən alçaqları vəsf etdim,
Mənə alçaq havadar oldu,
Satqın kimsə yar oldu.
Mənə şeytan gəlib heykəl də qurdu
Ağzını yordu...
Necə tər tökməyim qarşızda mən,
Təbrizli şairlər?...»
Bizə əhsən deyən Firdovsi dir,
ellər!
Utansın qoy Ələsgər qarşımızda.
Susmasın dillər.
Bizə, Firdovsi «qardaş! afərin»
söylər
Və mən yüz afərinlər söylərəm
«Firdvosi»yə, çünki
Gəlib yetmiş yaşında
Nagəhan birdən,
Pəşiman oldu, dərdə doldu,
Yandı ellərin halına,
Son günlər...
Piyalə
Doldur piyaləni,
Məni sərməst qıl gözəl,
Ağlım uçub gedib daha birdə
qayıtmasın!
Həsrətli canımı
Qoy eşq odlasın.
Tale çəkibsə başıma qapqara bir
bulud,
Qəlbimdə var umud,
Ruhum işıqlı dünyaya yol axtarır,
gedir.
Ulduzlu çöllərin küçə bağında seyr
edir,
Sərhəd bilməyir.
Tanımır mərz, dağ, dərə,
Gəzir laləzarları.
Doldur piyaləni...
Laləzar
Hər lalə bir şəhid qanının damcısı
kimi,
Çöllərdə yox,
Səhrada yox,
Qəlbimdə yer salıb,
Günəşə çevrilib ürək!
Yoxdur ölüm belə ürəyin
laləzarına.
|