درباره ما

درباره ما

تماس با ما همکاری با سايت ارسال نظرات معرفی به دوستان

خانه

 

 
 

 

 
ارسال نظرات کوتاه

   Şeirlər

 Mənzumələr

 

 

-1-

Tarixin sonsuz rəvaqında mənim də bir rəvaqım var

Bir ulu «Sultaniyyə» adlı

Böyük qəsrim,

Böyük taqım

Otaqım var.

«Tan Yuquq»lardan gələn, heç sönməyən qızmar ocağım

Həm sığınmaq çin bucağım var.

Mən Məhəmməd nəsliyəm

İnsan üçün izzət verən məslək

Ətrli qoynum, qucağım var.

 

Mən işıq bəxş etmişəm dünyalara.

Tarixin hər bir varağında izim qalmış.

Duham tarixi canlatmış,

Nubuğum dünyanı sarmış.

Mən güşəndən doğmuşam

Əldə çirağım var.

Uca dağlar başında sönməyən parlaq mayağım var.

 

-2-

Yeddi məscid, «Şam Qazan»tək tikdi Sultaniyyədə

Şah Xudâ Bəndə, burada çoxli ehsan eylədi.

Hilli, ol əllaməni, yüzlər böyük alim ilə

Də´vət etdi şəhrə,

Danişgah-i Sultaniyyə bünyan eylədi.

Həm Nizaməddin Məraği

Həm Məhəmməd Amili

Xacey-i Ə´zəm, Rəşidəddini getdi,

Şəhr-i Sultaniyyə qurdu,

Dörd bucağın

Əhli elmə baği Rizvan eylədi.

Bax: bu danişgah içində

Hilli, «Minhac əl-kəramə» yazdı

«Nəhc əl-həqq»i divan eylədi.

Şiə, Hilli çin birinci dəf´ə

Burda «Ayət Əllah» söylədi.

Oğlu «İyzah əl-fəvaed» yazdı

«Təhsil əl-nəcat»,

«Mənbə´ əl-əsrar»i inşa´ qıldı.

Burda İzəddin-i Zəncani gəlib «Təsrif» yazdı

Quşçu Oğlu sonralar,

Həqq yolun xəlqə nəmayan eylədi.

Misli yoxmuş dünyada, ol əsrdə bu hovzənin.

Xacə Ulcaytu, dəmadəm,

Yüz müdərris, yüz müəzzin, yüz müəllim

Orda mehman eylədi.

Bir neçə Darozziyafə, bir neçə Darossəyadə, bir neçə Daroşşəfa´

Həm də darottərbiyə,

Qurdu ixlas ilə,

Qanmaz Farsi Luqman eylədi.

İzzəti, ixlasi, iqbali, səfani

Qəsr içün, dörd ərkan eylədi.

«Əqli, bir qəvvas dəryay-i kəmale elm tək

Covhər-i zatına heyran eylədi.»

Təbrizin Rəb´e Rəşidi-sin, Mərağa hovzəsin

Şam Qazan danişgahın, Ərkin böyük məfkürəsin,

Qatdı Sultaniyyəyə, İranı Turan eylədi.

Oldu İran, elm ocağı,

Oldu tarixin bucağı

Ölkədə başdan-başa Türkanə fərman eylədi.

Yandı içdən ağlayan məzlumlara

Məzlumu xəndan eylədi.

Yasa yazdı el üçün,

Qanun çıxartdı millətə

Yurdu taban eylədi.

Şah Xuda Bəndə bağışlanmış dilavər hörr tək

Həqq dərqahında öz canını qurban eylədi.

 

-3-

Qurdu ordularda «Kərbasiyə»lər

Köç edirdi mədrəsə,

İllər boyunca el ilə

Çıxdı kərbasiyələrdən çoxlu alimlər o gün

Hillinin şagirdi İziddin Abi

Onun «Kəşf əl-rumuz» və ya ki Şəmsəddin, şəhid ol şi´ə

Onun «İrşad əl-əzhan»i

Ya ki Cürcani

Onun «Təcrid»i, billahi danılmazdır.

Nə yazsam mən sənə azdır

Xudabəndə, Xudabəndə...

 

-4-

Tarixi inkar edənlər başıma yüzlər bəlalər gətdilər

Xuliyalar içrə sürüklərkən,

Mənim ovladımı qəflətdə yoxlatdı

Qadalər getdilər.

«Kuruş» uydurdu, burada Türkü dandı

«Ariya»lər gətdilər.

Öz donun, xəlqə, çıxart gir özgə donlara deyib,

Çoxlu modalar gətdilər.

Minnətlərimə müntəhalar getdilər.

Kor Əcəm, bax,

Yıxdı sərvi yerlərə yüzlər ərən, yüzlər iyid, yüzlər əri.

Bu bəlani özgələr yox, başıma cox aşinalər gətdilər.

Yatmadı topraqda lakin ərlərim

Mülkə, ənvar-i İlahidən ziyalər gətdilər

İrana çox əsfiyalar gətdilər

Şah Xudabəndə, o hürri

Çün hudus-i kibriyalar gətdilər.

 

Bax dəni xəsmə, onu inkar edib

İslam adına dandılar tariximi

Dildə çoxlu nasəzalər gəzdirib, çox narəvalər gətdilər.

Başıma yüzlər bəlalar açdı

Minlər macəralər gətdilər.

 

Açıq məktub

Xəyalımın quşu qanad açaraq,

Yenə uçmaq istir sərhəddən qıraq.

Gedə doğma qardaş Kərkük elinə,

Xəlq şairlərindən ala bir soraq.

 

Diləyirəm sərin bir nəsim əsə,

Səlamımı sərpə «Səlah Novrsə».

«Məhəmməd İzzətə», «Osman Məzluma»,

Şanlı bayatılarda görsə hərkəsə.

 

Əlimdə qələmim var, ovraqım var,

Kərkükü gəzməyə iştiyaqım var.

Mən ki qardaşımı unudmamışam,

Könül tıncıqdıran bir fəraqım var.

 

Vətənimə mənim bağlıdır köküm,

Bilirəm yamandır, ağırdır yüküm.

Kodutalar içrə necə boğulur,

Azadlıq həsrətli mənim Kərküküm.

 

Vətəndən vətənə gələ bilmirəm,

Bir ləhzə olsa da gülə bilmirəm.

Şahənşah xəlqimi zalu tək sorur,

Analar gözünü silə bilmirəm.

 

Qan axıb burada dağdan dərədən,

Şəhidlər məzari aşıbdır həddən.

Bəs mənim halıma kim yansın qardaş,

Vətənimdəyəm mən vətənsizəm mən.

 

Dutmazmı bir qardaş, qardaş sorağın?

Qurtarmazmı qurtlar əlindən canın?

Heç bilirsən nələr gəlib başına,

Bu mubariz iyid Azərbaycanın?

 

Sizə bəsləmişəm dərin məhəbbət,

Bu da bir vergidir, verib təbiət.

Üç zada bağlıdır əsil sənətkar,

Xəlq, vətən sevgisi, bir də sədaqət.

 

Qardaşım könlünə xəlqin gəl axaq,

Gələcəyə dərin inamla baxaq.

Polad biləklərlə qıvılcımlardan,

Xərmən-xərmən atəş törəsin, çaxaq.

 

Ümidin qoruyaq ac yalavacın,

Arzu diləyinə qalaq möhtacın.

Qardaşım gəl mənim tut qollarımdan,

Bədənimdə vardır izi qırbacın.

 

Mənim ürəyimdə qızdır əlivi,

Əyləncə eyləmə gözəl dilivi.

Demirəm sən başqa elləri sevmə,

Ancaq ki pərəstiş et öz elivi.

 

Ürəyimdə mənim odlar sönməmiş,

Xəlqdən başqasına heç döyünməmiş.

Şair qardaşlarım bilirlər bunu,

Əsil bir sənətkar xəlqdən dönməmiş.

 

Qartal tək göylərdə süzə bilmirəm,

Şeir incilərin düzə bilmirəm.

Bilmirsənsə qardaş, agah ol gilən,

Öz ana dilimdə yaza bilmirəm.

 

Qəfəsə salıblar mənim tək şeri,

Mən qıra bilmirəm, təkcə, zənciri.

Qorxuram o zaman haylayasan ki,

Qardaşın olmaya daha day diri.

 

Qulağıvı şaxla mənə a covmərd!

Burasındadir ki bir də böyük dərd.

Polad qollarıma odlu zənciri,

Salmamışdır ancaq yalnız bu namərd.

 

Mən özüm çevrəmə qəfəs salmışam.

Əski xulyalara vah! nə dalmışam!

Yadların verdiyi küçük qolçaqla,

Əcəba gör necə məşğul olmuşam.

 

Qanmamışam əsrin vaqeiyyətin,

Anmamışam sirrin mən təbiətin.

Yeni əsrə uyğun məfkurələrdən,

Qaçmışıq, qaçırdıb el məhəbbətin.

 

Sarpılıb vücudlar xuliya içində,

Ağlımız gedibdir bir-bir biçində.

Bilmişik sənətkar özmümü, leyk,

Şe´ri gəzmişik bir qızın saçında.

 

Xəyal eyləmişik hər nə var bizdə,

Bilməmişik nələr geçir Təbrizdə.

Qardaş biz əsirik, bir söz yox, ancaq,

Əsarət sirrimiz öz içimizdə.

 

Aradan qaldıraq gəl bu nöqsanı,

Duyuban anlayaq yeni zamanı.

Mübarizlik ilə özümüz heç ki,

Qurtaraq bəndlərdən bütün dünyanı.

 

Xəlqimiz qarnı ac, əyni çılpaqdır,

Mənliyi satılmış yalın ayaqdır.

Əcəba qələmi sənətkarların,

Niyə bəs atəşdən, qandan iraqdır?

 

Əziz qardaşlarım qapı bağlıdır,

Məni qınamayın sinəm dağlıdır.

Dediyim bu kəlmə əfsanə deyil,

Gələcək günlərin şirin nağılıdır.

 

Xəlqi rahat neçə iyid yaşadar,

Yalan olmalı ki öyüd yaşadar.

Dünyada bir gərçək varsa, budur ki,

İnsanı bir iş, bir ümüd yaşadar.

 

Mən unudmamışam əsarətimi,

Dəyişməmişəm öz təbiətimi.

Gördüyün o coşğun dilli aslanam,

Buraxmayacağam həqiqətimi.

 

İndi də biz dayim Cəmə gəlirik.

Ancaq qurtuluşa nəxşə çəkirik.

Kök ağacı qardaş əmperyalizmin,

Bilirsənmi pukdur, çox da ki çürük.

 

Əzəldən olmuşdun sən mənilə yar,

Dadıma yetiş ki oldum giriftar.

Özün ki bilirsən, ey doğma Kərkük!

Mənim də yüksəlmiş bir tarixim var.

 

Yabancı baxmayır şanıma mənim,

Qara izlər salır qanıma mənim.

Bilirsən ay qardaş! qəfəsdə necə,

İlanlar buraxır canıma mənim.

 

Burada boylanmış Oğuzlar boyu,

Dədə Qurqud burda soylamış soyu.

Bilirsən özün ki qoca Təbrizin,

Nə gəlmiş başına tarixlər boyu.

 

Burda bulanıq su axan deyildir,

Kimsə bir covmərdi yıxan deyildir.

Bilirsən özün ki Azərbaycanlı,

Kərpiç arasından çıxan deyildir.

 

İnsanlar bir-birə əzəldən yardır,

Mənə də, sənə də bu dünya dardır.

Bilirsən ki mənim Vurğunum, Rızam,

Müşfiqim, Rahimim, Saibim vardır.

 

Heç bilirsən də ki indi bu zaman,

Mənim əhvalım çox yamandır yaman?

Həbib Sâhirlərim, Coşğunlarım çin,

Yalqızlıq ölkəsi olmuşdur məkan?

 

Vətənimi mənim qurdlar alıblar,

Qızılca güllərim bir-bir solublar.

Azər Oğlularım, Mədinələrim,

Ayrılıq düşgünü indi olublar.

 

Düzgünəm, ay dostlar! Düşmüşəm uzaq,

Yoxdur sizdən başqa mənə bir dayaq.

İstiqbal nəğməsin qaldır göylərə,

Kərküklü Kərkükə gələcək qonaq.

 

Azərbaycandan məktub

Mənim əski aşiman, doğma qardaşım,

Mənim mərhəmətli ömür sırdaşım.

Keçmişəm şimşəkdən fırtınalardan,

Çox bəlalar görüb bəlalı başım.

 

Əskidən mənimdir bu yurd, bu çimən,

Canımdır, şanımdır bu şanlı vətən.

Məni yaxşı dinlə, kərkük bülbülü!

Səni oxşayıram tufan içindən.

 

Sənin sözlərini mən izləyirdim,

Azərbaycanımda yol gözləyirdim.

Böyük dayaq idi mənə qururun,

Görmürdünmü yadi cox dizləyirdim!

 

Şe´rimdən qanlı bir dəftər dizmişdim,

Göydə göyərçinin qanın sizmişdim.

Kərküklü Məhəmməd Sadiq adını,

Ana vərəqində onun yazmışdım.

 

İsti Təmuz ayı qara bir günü,

Bulutla tutuldu günəşin önü.

Dedilər ki: köçdü Məhəmməd Sadiq,

Geriyə buraxdı sevdiklərini.

 

Təbrizimdə Ərkim qara bağladı,

Yaş tökübən havar-havar ağladı.

Uçğun zirvələri qanla islandi,

Aman! eyvah! necə ürək dağladı!

 

Deyirdim Kərkükə gələrəm qonaq,

Bir-birimiz üçün olarıq dayaq.

Səninlə görüşüb şənlik edərəm,

Nə ki bağlayaram bir qara başaq.

 

Deyirdim gələrsən sən də bir bizə,

Əzizliklə çıxıb məclisimizə.

Bizə nəğmələrlə ürək olarsan,

O coşğun dilinlə gələrsən sözə.

 

Birlikdə dutarıq məclisdə dəmi,

Qocaman-mücərrəb bir ata kimi.

Öyrədərsən bizə mübarizliyi,

Verərsən əlimə iti qələmi.

 

Açıb səhifəsin əbədiyyətin,

Qandırarsan bizə el məhəbbətin.

Bu zalim yad elli işğalçılara,

Göstərərik xəlqin şə´nin qudrətin.

 

Könlümdür könlünün qardaş, sırdaşı,

Dutacaq âbidən burda hər daşı.

Axı şanlı xəlqin bilirsən kimdir?

Mənim millətimin doğma qardaşı.

 

Əzəldən xəlqivə hörmətim vardır,

Vətənimdə mənim şöhrətim vardır.

İşğalçı yadlara nifrətim vardır,

Yenilməz mübariz qudrətim vardır.

 

Budur öz xəlqimə söz verəcəyəm,

Nəğməylə yurduva bir gələcəyəm.

İnam bəsləmişəm çox dinləmişəm,

Şən bir gələcəyəm, mən gələcəyəm!

 

Gələcək, gələcək! a Sadiq! inan,

Bu bir həqiqətdir, nə lazim yalan?

Analar deyiblər, mən inanıram,

Öləcəkdir ölən, görəcək qalan.

 

Ama sən ölməzsən, yaşarsan hər an,

Xəlqivin könlündə qalarsan inan.

«Hicri Dədə» kimi «Füzuli» təki,

Çəkiləcək adın sənin hər zaman.

 

Xəlqivə, dilivə sən âşiq idin,

Uca zirvələrə tam lâyiq idin.

İncidin, dərd çəkdin, yalqızca qaldın,

«Fəsl edildin, çünkü sən sâdiq idin».

 

Doğrudur ay «Coşğun duyğu»lu atam!

Fəsl olur burada sâdiqlər tamam.

Lakin son qoyacaq buna uluslar,

Bu sözə varımdır dərindən inam.

 

Sadıqlar daha fəsl edilməyəcək,

Ellərin qudrəti zülmi əyəcək.

Sənin ovladların günə çıxacaq,

Azərbaycanlı da xoş gün görəcək.

 

Qazmışam könlümdə sənin qəbrini,

Silmişəm qəmini, tam kədərini.

Görmüşəm qururlu-şərəfli elin,

Qoymayır qalsın boş əsla yerin.

 

Savaşa hazırlır birlıkdə özün,

Bizim tək yadlara çaxaraq gözün.

Mənliyin satmayır bir qara pula,

Öz ana dilində söyləyir sözün.

 

Yenə gəldi dilə ah nə gözəl söz,

«Ana, ana!», qurban sənə iki göz.

Buraxmayacağam səni heç zaman,

Düzgünəm, ilqarım doğru, sözüm düz...

 

Açırdı Səhər

 

-1-

Külək qalxıb dolaşırdı çovğunlu bir havada,

Hündür dağlar yatmış, başqa yox idi heç səs-səda.

Qara gecə aparmışdı axışları yuxuya,

Şaxta imkan buraxmırdı canavarlar uluya.

Kənd aşağı dərin bir çay ağır-ağır axırdı,

Ağ geyimli bir tək ağac, uzaqlara baxırdı.

Udqun-daşğın sel suları sıxılmışdı şaxtadan,

Dərələrdə tülkü bəymiş, təpələrdə qar-boran.

Dəlikləri, çalaları şəpə dutub basırdı

Hardasa bir alçaq axış, belə zora susurdu.

Dar bir cığır buruş-buruş basılırdı qarlara,

At-olaqlar açan rədlər, örtülürdü astaca.

Bu cığıra qanlı-qanlı lüt ayaqlar qoyulub,

Qalın-qalın dabanlardan qat-qat dəri soyulub

Bu cığırda minlər insan, çatılarla sürünüb,

Para-para çulları da qızıl qana bürünüb.

Bu cığırda minlər gəlin atlar üstə qaçılıb,

Səhər-axşam durğun günəş minlər leşə saçılıb.

Saatda bir minlər qadın daş üstündə oturub,

Balaların bellərindən açıb, süddən doyurub.

Bu cığırda xanlar-bəylər ehtiramla atlanıb

Yanlarından ötən kimsə önlərində qatlanıb.

Bu cığırda yalqızları canavarlar buruyub

Dutub boğub, leşlərini yamaclardan sürüyüb.

Bu cığırdan gəvənçilər obaşdandan ötüblər,

Ərbab ötrü dağ-daşlara, beyar işə gediblər.

Minlər ana ürəkləri dağlanıblar burada.

Minlər iyid bu ciğirda bağlanıbdır atlara,

Əkinçilər yorğun-yorğun axşam burdan keçiblər,

Şahlar burda yığva qurub qızıl şərab içiblər.

Dar bir cığır buruş-buruş basılırdı qarlara,

At ulaqlar açan rədlər örtülürdü astaca.

Külək qalxıb dolaşırdı çovğunlu bir havada,

Hündür dağlar yatıb başqa yox idi heç səs-səda.

Zülmət içrə zorlanırdı amansız bir çovğun-qar,

Ancaq çənlər arasında seçilirdi daxmalar.

Vıyıldlya iz salırdı gahdan səsi itlərin,

Külək hərdən şəpələri yatırdırdı ən qəlin.

Gecə ötmüş yarısından, yuxlamışdı təbiət,

Bürümüşdü kəndin için quyruqlu bir çən-zülmət.

Yatışmışdı çöldə düşən hər dağ, axış, hər qaya,

Hətta külək yorulmuşdu, istəyirdi yuxlaya.

«Cənab Sərvan» sarayından lakin işıq saçırdı,

Saray dövrə qaranlığı-dumanları biçirdi.

Saray içi sanki əsla çöldən yoxmuş xəbəri,

Qalmamışdır orda heç bir qoca qışın əsəri.

Oynayırdı ağ divarda suzmanının kölgəsi,

Sürünürdü istiliklə tarın incə xoş səsi.

Qavzanırdı, yenilirdi, titrəyirdi zəxmələr,

Bacarıqlı əllərilə, açılırdı pərdələr,

Pəncərənin pərdəsisə, göstərirdi bunları,

Axışırdı onun üstə rəqslərin də besyari.

Fərmandehin dolğun gözü bu rəqslərə baxırdı.

O cənabın dövrəsini, bürümüşdü qadınlar,

Kimisi lüt, kimi paltar içrə, sanki novbahar.

Kimi onun başın alıb incə budu üstünə,

Kimisi də gülab tökür ayağının püstünə.

Kimi açıb sinəsini, çiçək sərib üzünə,

Kimisi də xumar gözün tikib onun gözünə.

Kimi qızıl yanağı ilə oxşayırdı şənliyi.

«Baba Kərəm» havasilə oynayırdı birisi,

Ən aşağı oxuyurdu kimisi.

Birdə qalxdı alnı üstə fərmandehin gözləri,

Tez sarsıtdı qadınları baxışının közləri.

Çəkildilər bir bucağa incə bədən qadınlar.

Susdu hərzad hətta kölgə, hətta şərab, hətta tar.

Bütün saray intizarla o cənaba tikdi göz,

Kimsədə yox heç səs-səmir, könüllərdə susdu söz.

Neçə ləhzə ağır sükut basdı təmam sarayı,

Burda çökdü içəriyə çölün səs-küyü hayi,

Burularaq vıyıldadı külək bir an eşikdə,

Sərxoşlar da anladılar qış durubdur keşikdə.

İntizara son verildi, sözə gəldi o şeytan,

Hamı qırpdı qulaqların hərə etdi bir güman.

Kimi dedi:

- Vay Allah ey, mən çaşdımmı harada?

Kim düşündü:

- Görəsən ki kim öləcək arada?

Allah nədir bu halətin, bu qəzəbin səbəbi?

O bağırdı:

- kocas Gülnaz?

Və titrədi nəfəsi.

Sükut içrə fırlanıban qayıdırdı gür səsi,

Bir an keçdi, səs-səmir yox, birdə dedi:

- A Murad!

Sarayda səs, çöldə külək, qopartdılar dad-bedad.

Yenə də yox cəvab verən, o bağırdı:

- Ha! Gomşin!

Və qadınlar dağım-dağım basdı çölə bir-birin.

Bir ləhzədə saray dolu basım-basım insandan,

Qalmadı heç nə bir əsər, nə də bir iz, nə nişan.

Çökmüş idi qızıl şərab gözlərinin içinə,

Qalxmış idi gür bir həvəs ürəyinin dibinə.

Xulyaların aləmində çıxmış idi özündən,

Dolğun qəzəb çaxmaxdaydı boş sarayda gözündən.

Gahdan yerdə qalan tarın simlərini bururdu,

Gahdansa da udqunurdu, nəfəs-nəfəs vururdu.

Ağ divara birdən çökdü canlı qara bir kölgə,

Açıq qapı bir titrədi cənab sərvan önündə.

Budur, Murad içəridə ova-ova gözlərin,

Görən kimi fərmandehi itirmişdi sözlərin.

- bəle qurban!

Deyə! durdu söyüd kimi qıraqda,

Ürəyində dönə-dönə çağırırdı:

- bismillah!

Fərmandehin dolğun gözü çaxdı birdən Murada,

Istədi ki qalxıb cuma yağdıra min bir qada.

Lakin ləbin çeyniyərək:

- begu binəm çi şod in?

Deyə, durdu, çırpınaraq dalı verdi nəfəsin.

- ya Allah hey!

Deyə Murada belə açdı səsin:

- bəle qorban dər xedmətəm!

Və titrədi qıçları.

- kocas Gülnaz, pedər suxte!

O qopartdı havarı.

Fərmandeh öz nəzərindən keçirirdi Gülnazi.

Sanki birdən ağac ara basdılar bir pavazi,

O bağırdı:

- paşo, gom şo, doxtərə ro biyar inca?

Ayaq üstə qalxdı birdə tə′ziminə əyildi,

- çəşm qorban!

Deyə-deyə qabağında büzüldü,

Düşünərək Murad çıxdı dalı-dalı saraydan,

Sızıldadı çöldə külək, dolaşaraq bu zəman.

- Daha getmək!

Deyə Murad, özün saldı bayıra,

......

Yatışmışdı təmam dünya, yox idi heç səs-səmir,

Ancaq külək olmuş idi təbiətdə bir əsir.

Yaxasını qaldıraraq Murad dedi:

- Bismillah!

Lakin şaxta sanmayırdı nə xan, nə şah, nə Allah!

Sallanırdı buz qəndili buğlarından Muradın,

Yüksəldirdi gedə-gedə şaxta, külək bedadın.

Cür-bə-cürə məfkürələr keçirtdisə bir anda,

- Gərək getmək xan buyurur,

Deyə durdu bir yanda.

Şaxta məcal verməyirdi heç bir fikrə durmağa,

Naçar Murad:

- Gərək gedəm uşaqları yığmağa,

Deyə cumdu çölə, birdən ayaq qoydu qaçmağa.

 

-2-

 

Budur, indi getmək saraydan gərək,

Gülnaz daxmasında nə vardır görək.

Sarayın altından bir qat aşağı.

Sərilibdir qara xanlığın bağı.

Qar – çovğun havadan şiddətlə tökür,

Qoca ağacları ağlığa bükür.

Baxçadan otaya alçaq daxmalar,

Geyinib ax başaq, tutqulayıb qar.

Nə səs var nə səda, zülmətdir ancaq,

Günəşdən səhərdən yoxdur heç soraq.

Qar tökür amansız, sanmayır heç nə,

Çökür qara duman düzə çimənə.

Ancaq gahdan gaha itlərin səsi,

Qalxarkən dinləyir azan hər kəsi.

Daha burda yoxdur xanlıqdan xəbər,

Görünmür burada saraydan əsər.

Daxmalar qoynunda uca bir günbəd,

Sancılıb qarlara durubdur bərt-bərt.

Bir imamzadanın nişanıdır bu,

Açıqdır rəiyyətə qucağı, qoynu.

Dərdlilər gecələr burada qalır,

Sidq ilə yapışıb mətləbin alır,

Məzlumlar buraya pənah gətirir,

Ciyərlər dağıdan min ah gətirir.

Qadınlar nəzirin buraya verir,

Sözlülər sözlərin buraya deyir.

Bütün qəhərlilər gəlib ağlayır,

Ümidsiz kimsələr ümid bağlayır,

Xan isə buraya and-mand içir,

Rəiyyətin boynunu sünbül tək biçir.

Buranın xuddamı molla Bilaldır,

Onundur burada hər nə ki vardır.

Tarixindən ancaq Bilal agahdır,

Başqa kimsə bilmək böyük günahdır.

Günbədi gecənin bağrını biçir,

Topa-topa qarı, çovğunu içir.

Küləkdən şaxtadan keçib çirağı,

Qar ilə ağarıb yaşıl başağı.

Daxmalar bürüyüb dörd-dövrəsini,

Çən basıb gizləyir şən zirvəsini.

Uzaqdan baxanda, sanki bir ana,

Balaların yığıb oyan-buyana.

Budur az o yana, itlər ulayır,

Buruşlarda külək səsin dolayır.

Zülmətəd da yoxdur başqa səs, ancaq,

Hov! vurursan da, hov! eşidir qulaq,

Yatıb yer, yatıb göy, yatıb təbiət,

Bürüyübdür kəndi ağır bir zülmət.

Ancaq qar nədənsə yatışmaq bilmir,

Qara ürəyinin pasını silmir.

Fağıra – yoxsula qan yaş içirdir,

Canlara min kəsgin qılınc keçirdir.

Qorxursa, ülkürsə cənab sərvandan,

Qisasını alır xəstə canlardan.

Qalanır, qalanır, sanmayır heç nə,

Kim bilir nə ola? Boğazdır gecə.

Kim bilir uçurda hankı daxmanı,

Kim bilir ağlada hankı insanı?

Kim bilir batıra hankı ulduzu,

Kim bilir qaralda hankı gündüzü?

Kim bilir ağarda hankı saçları,

Kim bilir qaralda hankı yaxanı.

Kim bilir qocalda hankı qoçları?

Kim bilir cırdıra hankı çuxanı?

Qarlı bir gecədir, ürəyi zülmət,

Yaradır məşəqqət, yaradır zillət.

Yatıb yer, yatıb göy, yatıb təbiət,

Bürüyübdür kəndi ağır bir zülmət.

Bir azca oyanlıq itlər ulayır,

Buruşlarda külək səsi dolayır.

Vıyıltı salırı dar təngələrə,

Dayanmıb,  çırpınır havada-yerdə.

 

Budur dib təngədə cansız bir işıq,

Demək orda vardır bir neçə ayıq.

Bu zülmət içində oyaq var demək,

Fərmandehdən başqa kimsədir görək.

Fədayi «Muxtar»ın arvadı Gülnaz,

Gecənin qoynunda eyləyir niyaz:

 

Bağlar silkindi bardan,

Düşmən kam aldı yardan.

Nola bir xoş gün gələ,

Biz də qurtaraq dardan.

 

Odlan fələk, ay fələk,

Qəlbin olsun qan fələk,

Kiminə dərd veribsən,

Kiminə dərman fələk.

 

-3-

 

Üç günün içində basıldı Təbriz,

İnsanlıqdan daha qalmamışdır iz.

Bir çox Fədayini dardan asmışlar,

İmamzadaya da qədəm basmışlar.

Gəlmişdi buraya cənab-i sərvan,

Kəndistan əhlinə deyirdi qan!qan!

Fədayi Muxtarı gülləmişdir,

- Arvadı bizimdir!

Kəndə demişdir.

 

-4-

 

Arx dibində ağ geyinmiş göyümtül bir Sərv ağacı,

Qara qışa heç baxmadan yüksəlmişdi başda tacı.

Ürəyində qorxu, Murad yönəlirdi ona sarı,

Azad Sərvin önündə o, oxuyurdu Araz barı:

 

Arx dibində boylanan sərv,

Ömür sürmə qurur ilə.

Rüxsət yoxdur kimsə burda,

Bir yaşasın sürur ilə.

Sən təki hər gözəl məxluq,

Qurbanlıqdır bir həvəsə.

Bir həvəsdən ötrü burda,

Son verilir min nəfəsə.

Şadlıq burda həram olar,

Çiçəklənən hər bahara.

Burda bülbül sinəsinə,

Vururlar min acı yara.

İstəsənsə asudəlik,

Qatlan dizə, artıq qalxma.

Gözəllik qoy nabud olsun,

Üfüqlərdə bayğın baxma.

 

-5-

 

Maydanların, kəhərlərin, buzlanmışdı yalları,

Külək göydə oynadırdı kimsiz-yalqız ağ qarı.

Quş başılar dumanlıqda rəqs edirdi qalxıban,

Ağ tüklər tək sərilirdi qarlar üstə tazadan.

Çiyninə bir «bernu» atmış çatma qaşlı cəvan Gülnaz,

 Ağ atına minmiş idi.

Sürütlürdü fərmandehin nə′şini qar üstündə,

Dənə-dənə buz donmuşdu suratının pustundə.

 

-6-

 

Zülmətin ürəyin deşirdi bernu,

.......................

Qızıl bir səhərdən verirdi xəbər.

Sökülür dan yeri, açırdı səhər.

 

Sevgi dünyasında məhəbbət coşsa,

Dayananmaz qarşı nə sərvan, nə xan!

Göstərib hər zəman bu həqiqəti,

Duru güzgüsündə qocaman zaman.

 

Ay Qalası

Quzu otlur göy yamacda,

Qaranquş oxur ağacda,

Qız, çörəyi yapır sacda,

                Yar qayıdır otay yaldan,

                Ayrılırı qız məlaldan.

 

Göy pərisi bulud sağır,

Yağış yağır ağır-ağır,

Mənimdə elimi çağır,

                Duraq səlamlı səmaya,

                Namaz de ulduza aya.

 

Dağ dərədə çay buruldu,

Hər yanda suyu duruldu,

El gəldi evlər quruldu,

                Bircə mənim elim qaldı,

                Gəlmədi günüm qaraldı.

 

Guruldayır coşğun sellər,

Qıjıldırı iti yellər,

Gedin deyin köçün ellər,

                Qış gəldi qəmlər ucaldı,

                Dağlar ağaclar qocaldı?

 

Günəş saçır, hava sazdır,

Çeşmə başı quşdur qazdır,

Yaman günün ömrü azdır,

                Yamanlıq bir matah satmaz,

                Yaxşılığı kimsə atmaz.

 

Oynayırı düzdə ceyran,

Qavzanırı yalda davşan,

Dayanmayır nazlı mehman.

                Görünməmiş tez savuşur,

                Hicrində könlüm qavuşur.

 

Adaxlı qız xoş avazlı,

Qaş muğanlı göz şirazlı,

Xumar-xumar, nazlı-nazlı,

                Uğrayır bulağa sarı,

                Yal təpədə durub yarı.

 

Yaz günəşi qar əritdi,

Qocalığın ağac silkdi,

Bayram gəldi, boz ay bitdi,

                Sənin bayramın nə kasdı,

                Baxtımın aynası tasdı.

 

Günəş səhər mülk alanda,

Lalələr təndir salanda,

Bombardumanda, talanda,

                Qul adilə aldı düşmən,

                Hıcqırtıya saldı düşmən.

 

Məl′un qarı havarladı,

Lap qapıda dadarladı,

Bərk belini donqarladı,

                İki gözünü bərəltdi,

                Bu hala məni o gətdi.

 

Bayram vaxtı Muğan yurdu,

Muğan yurdu, canan yurdu,

Sən ki yoxsan fəğan yurdu,

                Düşmən bizi dərdə saldı,

                Şadlığımızı o aldı.

 

Könül dözmür ayrılığa,

Fələk neçin edir cəfa?

Haçan bitər bu macəra,

                Könlümü hicran dağ etdi,

                Var-yoxumu qəm dağıtdı.

 

Boz ay bitdi şaxta aşdı,

Kol dibindən davşan qaşdı,

Köç zamanı yaxınlaşdı,

                Ay qalası bax otaya,

                Səlam ver elə obaya.

 

Ay qalası daşlı daşlı

Günəş saçır saşlı saşlı

İki gözüm qalıb yaşlı

                Ellər yarıma yar olsun,

                Yarın yolu hamar olsun!

 

Ay qalası! ellərivə,

Tez savulan yellərivə.

Daş aşıran sellərivə,

                Söylə mənim əhvalımı,

                Deynə bu qəmli halımı.

 

Günəş saçağın atıbdı,

Ellər hamısı çatıbdi,

Yar eli harda yatıbdı,

                Ay qalası! yar halın ver,

                Bax otaya əhvalın ver.

 

Çayların çeşmən axanda,

Günəş dağlardan baxanda.

Xış-alatları taxanda,

                El savular qatar-qatar,

                Yar, yarını burda tapar.

 

Ay qalası zulum qaldı,

Neçün cəfakar ucaldı?

Yarımı kim qıraq saldı?

                Gözüm hələ yolundadır,

                Sağındadır, solundadır.

 

Ay qalası! səfa bəslər,

İnsanları vəfa bəslər,

Fələk neçün cəfa bəslər?

                Qarqınmışa vəfa öyrət,

                Vəfa, vəfa, vəfa öyrət!

 

Bulud boz ayda calanar,

Su, göy buz üstə qalanar,

Dalğaları çalxalanar,

                Dəlik açar süzər alta,

                Xırda buzu düzər alta.

 

Yurd göstərən duran zaman,

Alaçığı quran zaman,

Dirək yerə vuran zaman,

                Bir quş olub mən uçaydım,

                Tez sənə sarı qaçaydım.

 

El yükü köçdə qalanar,

Dəvədə tay yırğalanar,

Qızın səhəngi calanar,

                Oğlan avcun açar içər,

                Könlünün qəmini biçər.

 

Uzaldanda göy qurşağı,

Qar basanda baxça-bağı,

Çən dutanda təpə dağı,

                Bax dutğun qaraltılara,

                Deyirlər ellər orada.

 

Ay Qalası dağ tərəsi,

Cəngəl kəndinin dərəsi,

Ay nə yamandır bərəsi,

                Yol tap gedim Cəngələ mən,

                Nəbini tapım o kənddən.

 

Yaz günləri nizam-nizam,

Ellər sənə yollar səlam,

Əllərində də dolu cam,

                Yalların döşün sulanar,

                Dövrəvi çaylar dolanar.

 

Ay qalası! yazda bitdi,

Gəlmədi yar, guya itdi,

Deyirlər bir dibli getdi,

                Birdə da gəlməz buraya,

                Belənçil mehnət saraya.

 

Ay Qalası! söylə yara,

Gözəl kəhlik batdı qara,

Sağalsaydı hər bir yara,

                Dil yarası heç sağalmaz,

                Bir an belə rahat qalmaz.

 

Şaxdı göydəki qunudlar,

Göyərdi coşdu buludlar,

Sel-sulara düşdü qurdlar,

                Şaqqıldasın qoy sellərin,

                Çiynivə düşsün tellərin.

 

Səndə bitər gül yasəmən,

Bağışlaram can sənə mən,

Can nədi? Hər bir zad sən-sən,

                Ay Qalası, səfa yurdu,

                Səfa yurdu, Xuda yurdu.

 

Qız beçəni kişliyəndə,

Nəhranı gün dişliyəndə,

Dəyirmanı işliyəndə,

                Bax otaya səlam göndər,

                Nisgil dolu pəyam göndər.

 

Ay Qalası! çeşmən axsın,

Divarların hayla şaxsın,

Gözəllərin sənə baxsın,

                Sənə hamı heyran olsun,

                Səndən keçən ceyran olsun.

 

Ay Qalası! çıx səmaya,

Dərdlərimi söylə aya,

Könlümə ol möhkəm paya,

                Dərd-qəmlər yoxsa yıxdı,

                Qara günlər onu sıxdı.

 

Ay Qalası! can parası,

Gözümün ağı qarası,

Kor Oğlunun gəhvarası,

                Düşmə qıraq öz canından,

                Şanlı Azərbaycanından.

 

Novcədəhə ya Nahrana,

Tazakəndə, Gorana,

Naha, Əndizə, həryana,

                Sən licimli gözətçi ol,

                Onlara ver bir açıq yol.

 

Ay Qalası! azad olsun,

Qəddi boyu şimşad olsun,

Butay kəndlər abad olsun,

                Burda da məktəb açılsın,

                Kitablara gün saçılsın.

 

Ay Qalası! ver nəfəsin,

Səsləndir ellər cərsin,

At denə, dünya hovsin,

                İnsan gərək pak yaşaya,

                Devlər yetirməz haraya.

 

Ay Qalası! nar bitirsin,

Dörd biryanı bar gətirsin,

Qış dağılsın, yaz yetirsin,

                Rahat burda qoy yuxlayım,

                Qaravulum sən ol dayim.

 

Ay Qalası! sərin olsun,

Çeşmələri dərin olsun,

Səfa aşiqlərin olsun,

                Eşq oduna ürək yansın,

                Hər bir könül dərdi qansın.

 

Ay Qalası! göylər şahı,

Âşiqlərin qibləgahi,

Ellərimizin külahı,

                Sən yaşa dünya boyunca,

                Könlümə od vur doyunca.

 

Çatdı başa ruzigarım,

Al bu ürək yadıgarım,

Olsa mənim ixtiyarım,

                Göylərin başın əyərəm,

                Səcdəvə sallam gedərəm.

 

Sağlığınan qal, xoş yaşa,

Baş apar ulduza aya,

Getməli oldum qırağa,

                Görənməsəm atma məni,

                Mən ki unudmaram səni.

 

 

 

Səməd Behrəngi Mənzuməsi

 

Giriş

Günəş qızmar, hava durğun, nəfəs yox,

Küçələr büsbütün izdihamsız boş.

Ara-sıra neçə quru heykəllər,

Siz ilə biz ilə edəcək vuruş!

 

Budur 53-dur, böyük toplanış,

Deyirlər:«davamız davam edəcək!»

Bir yığın insanın arzılarında,

Çiçəklənir, gülür böyük gələcək.

 

Şəhəri bürüyür canlı izdiham,

Durğun havasına dumanlar çökür.

İnsanlar vəhşicə tapdaq olunur,

Neyzə ijdihanın sinəsin sökür!

 

Qaranlıq dünyanın qara hakimi,

Hükumət bağışlır soyğunçulara.

«Məlik Məhəmməd»im çeşmə dibində,

Bir köhül düzəldib gizlənir orda.

 

Axtarış başlayır, gəzinti olur,

Tapırlar axırda qəhrəmanımı.

Biçilir qəlbimin şah damarları,

Müddət buz edirlər isti qanımı.

 

Bir diblik yatmasın gərək ki qəlbim,

Gör neçə il keçir, gör neçə müddət.

İnsan oğlu qalxsın, inamla dursun,

Görməsin bir topraq bunca əziyyət.

 

Gəl sənə danışım 68-dən,

Nakam ölümündən qəhrəmanımın.

On beş bahar sonra, son baharımdan,

Davam etməsindən zimistanımın.

 

Gün orta çağıdır, od tökür hava,

Sakitcə odlanır yerində Tehran.

Sanki bir əjdəha batıb yuxuya,

Cəhənnəmdir, asfalt çəkir əl-əman.

 

Qara buğdayı bir Azərbaycanlı,

Bir ağac altında çökərək yerə.

Qoltuğunda kitab,gözündə eynək,

Dalır neçə ləhzə çılğın şəhərə.

 

Bir uzun keçmişin varisidir o,

Oxumuş «Vaqif»i ana dilində.

«Aşıq Ələsgər»i, «Füzuli»ni də,

Dinləmiş bir-bə-bir sazın telində.

 

Bir elin bölünməz zirvəsidir o,

Suvarılır kükü çox uzaqlardan.

Tanır öz dədəsi «Dədə Qurqud»u,

Mənliyi möhkəmdir uca dağlardan.

 

Doğmadır ellərə, şirindir ay,

Təbrizin vurğunu: «Səməd Behrəngi».

Böyük «Nəsimi»nin, «Babək»in oğlu,

Düşmənin önündə saralmaz rəngi.

 

Amana gəldim pəh! cəhənnəm şəhər!

Düşünür Behrəngi: «- ay Azərbaycan!

Nə sərin səfalı yaylaqların var,

Səmədin öz canı yurduna qurban!

 

Becərdim, boy atdım doğma qoynunda,

Min illik varlığa malik vətənim.

Hər kəsin anası şirindir ona,

Dünya – aləm bilir anamsan mənim.

 

Quru keçmişlərə fəxr edənlərə,

Əsirlər istiqlal sən almadınmı?

Bütün yaxın şərqə, bütün cənuba,

Azadlıq beşiyi sən olmadınmı?

 

Ən qədim mədəni abidən sənin,

Zərdüştün kitabı kimlərindirmi?

«Kor Oğlu»n, «Kərəm»in, «Səttarxan»ların,

Sonra «Firidun»un, iki mi bir mi?»

 

Sor oğullarından: - hansı bir məl′un,

Düşmən önündən qaç demiş ya əyil?

«Qurbanım, qurbanım, sər o çəşm-e ma!»

Bir acı tələ mi kələk mi deyil?

 

Yandım qapitalizm cəhənnəmində,

Misri qılınclı elivə qurban.

Cəhənnəmi məhv et, ey Hürmüzd yurdu!

60-larıva, 5-gülünə qurban.»

 

Səməd düşünərkən qalxır ayağa,

Yenə də yoluna davam eyləyir.

Asfalt elə titrir, sanki üstündə,

Bir dərya, bir dəniz, bir ümman gedir.

 

Körpülər altında yatan Lətiflər,

«Yaxşı yol, yaxşı yol, uğurlar!» deyir.

Təbrizin qəhrəman iyid oğluna,

Hər addım ağaclar səlam söyləyir.

 

Əzəmətli hündür imarətlərin,

Yenilməz vuqarla keçir önündən.

Kiçik balacalar boynu çiynində,

Görəndə, yerində dayanır birdən.

 

Mə′sum baxışından «Əhməd Həsən»in,

Tutulur kədərli bir ata kimi.

«Xətayi» həzmli sibillərinə,

Damlayır gözündən bir-iki damcı.

 

- Kürdsən mi, Farssan mı, Bəluç mu, Lor mu?

Azərbaycanlı mı ay «Əhməd Həsən»?

Yurdunu yuvanı haçan boşlayıb,

Bəs bu cəhənnəmə neçün gəlibsən?

 

Dağlar insanları ayıra bilməz?

Talein hər yanda qaradır sənin.

Mərmi oynatmağı dur gəl öyrənək,

Aydın gələcəyə əminəm, əmin.

 

-1-

Sədaqət deyilən bir dənizə mən,

İlk bahar çağımda girmişəm həmən.

Qonmayıb hər kola könlüm tərlanı,

Sevmişəm əzəldən Azərbaycanı.

 

Diri gözlərində oxudum sənin,

Kök salıb könlündə məhəbbət dərin.

Eşqinə vuruldum, sədaqətinə,

Dünya varca sürən rəfaqətinə.

 

Yadındamı axşam gülüstan bağı,

Bulud üstümüzə ağlayan çağı.

Gecənin önündə tutğun havası,

Dumanlı Təbrizin mavi səması?

 

Yadında mı birdə analar yası?

Əzimin gülürdü necə anası . . .

Deyirdi:

« - yad məni ağlada bilməz,

Ana qəlbim yeydir dağdan, əyilməz!

Oğlumu sevirdim artıq canımdan,

Həqiqət yolunda vermişəm qurban.

Çıxsın insan oğlu işıqlı günə,

Min oğul ver gilən! Söyləsin mənə.

Səadət qapısı tay ba tay olsun,

Xoşbəxt bir ölkəyə milyonlar dolsun,

Yeni yetmələrin boyuna baxım,

Düşmənin canını yandırım yaxım.

Uşaqlar önümdə, minlər on minlər,

Səadət nəğməsin bir-bir ötsünsələr.

Oğul dərdi nədir mən kədərlənim,

Oğullar dərdini necə itirim.

Milyonlar, qızlarım, oğullarımdır,

Öz qanadlarımdır, öz qullarımdır.

Babəkin anası deyirlər bir gün,»

Demişdi oğluna: «bir yaxşı düşün,

Südümlə mən sənə quvvət vermişəm,

Sözümlə sazımla qudrət vermişəm.

Öyüdümü hər vaxt nəzərində dut.

Milyonlar önündə, özünü unut!

Vətənin yolunda heç bir of demə,

Qanını vətəndən sən əsirgəmə.

Odlar yurdundansan, od oğlusan sən,

Əlbət qoyma çehrən saralsın birdən.

Çalış var quvvənlə vətən uğrunda,

İşğalçı qalmasın Azərbaycanda.

Aldanma düşmənin şirin dilinə,

Sədaqət bağlasın səni elinə.

Qorxma, yanılma heç neyzələr yağsa,

Geri dönüb qaçma, düşmənin dağsa.

Axir nəfəsə dək vətəni saxla,

Vətənsiz yaşadın, ondan nə fayda?

Vətənin ne′məti bərəkəti var,

Sənin anavın da bir milləti var,

Hiddətli bir xəlqi, şanlı bir eli,

Nağıllı-mellı şirin bir dili.

Bayatılarımı qoru düşməndən,

İşğalçı bağırır: «yanacaq vətən!

İtəcək Zərdüştün, Qorqudun izi!»

Ulu Tanrım aman! Unudma bizi.

Oğul çıx dağlara, odlar köməyin,

Düşmənin tök qanın, itməz əməyin.

Yurdundan xəlqindən yardım al gilən,

Bir ana ürəyim, birdə ki vətən,

Birdə ulu Hürmüzd, sənə yar olsun!

Yurdun başdan başa ilk bahar olsun!

Azad olmalıdır insan evladı,

Bu yolda ölənin itər mi adı?. . . »

 

- 2 -

Sən mənim şe′rimin baş varağısan,

Könül dünyasının baxça-bağısan.

Sən öz vuqarınla mənə yanaşdın,

Könül xəzinəmin qapısın açdın,

«Soyuq olmamalı əlimiz!» dedin,

«Vətən evladıyıq hamımız!» dedin.

«Qırılmaz tellərlə bağlıyıq elə,

Birliyimizi biz vermiyək ələ.»

 

Qoy eşitsin bunu bütün dünyalar.

Azərbaycanıma gələcək bahar.

Siz ey ovsun olmuş yazıq insanlar!

Yaradacağıq biz Azərbaycanlar.

Qanları qurumaz qəhrəmanların,

Rəngi dönməyəcək qızıl qanların.

Sözü bir, özü bir, mətləbi birdir,

Tam «Nəsimi»lərin hələbi birdir.

«Elin səbri çoxdur» atalar demiş,

«El gücü, sel gücü» yenə söyləmiş.

Siz ey əmperyalizm yırtıcıları!

Qazıbdır nəsillər sizə məzarı.

Saxtakar quduzlar, quldur ağalar!

Sizdən bütün ellər olublar bezar.

Sən ey xutkar! Sən ey quldurlar qulu!

Haraya yığırsan bir belə pulu?

«Nuh» ömrümü sənə verilib? söylə.

Tökdüyün qanlardan bir həya eylə.

Sürməyəcək davam bir yasa, bir tez,

Qalib gələcəkdir insanlar çox tez.

 

- 3 -

Yadındamı Səməd, birdə o dağlar,

Birdə o bəhərsiz miyvəsiz bağlar?

Yadındamı hər vaxt oxuyardın sən,

«Vurğun»un: «El bilir ki sən mənimsən,

Ayrılar mı könül candan» şe′rini,

Gözündə duyardıq bizdə sirrini.

Baxardın dağlara, ulu dağlara.

Ne´mətsiz çeşməli sala dağlara

Ötürərdin birdən içdən köksünü,

Tikərdin üfüqə diri gözünü.

Dağlar əyilərdi sənin önündə,

Dağlar şahı varmış ulu sinəndə.

Mənliyin-vuqarın tə′rifə gəlmir,

Mənim şe′rim səni vəsf edə bilmir.

Dibsiz bir dənizidin, bir Ümmanidin,

Neçə pılanetli kəhkəşanidin.

 

Bir məsəl söyləyib atalarımız,

Dinlə bunu məndən, ay qəlbi təmiz:

«Dənizə, bir qaya, yada bir daş at,

Əhvalı dəyişməz, unut ya yaşat.»

Sənə daş da dəydi qaya da dəydi,

Əllər oxlara da yaya da dəydi.

Amma sən heç yersiz dalğalanmadın,

Dil yaralarını heç nə sanmadın.

Yad ilə vuruşmaq məqsəddir bizə,

Yara əsərsizdir qəlbi təmizə.

Azəri oğlunun bütün, hiddəti,

Bütün əzəməti, bütün qudrəti,

El bilir ki Səməd səndə cəm′idir,

Eldaş da söyləyir, özgə də deyir.

Mənədn soruşsalar nədən bu? hardan?

Deyərəm vuqarla: «Azər Oğlu»ndan!

Döyüşkən ruhuna bu şe′rim qurban,

Ölməsin, əbədi yaşasın insan.

 

- 4 -

Yadındamı «Səməd» ilk bahar günü,

«Səttarxan» caddəsi, Hərbinin önü?

Yadındamı birdə göz bəyimiz,

Arzumuz, günümüz, şən diləyimiz,

Ana vətən, ana yurd, bu gözəl məskən,

Bağlanmısan bura bütünlüklə sən.

Çırpınırdı necə qəlbin ürəyin,

Çiçəklənəcəkdir axir diləyin.

Görürəm, gələcək gözüm önündə,

«Mədinə», gəlibdir məzarın üstə.

Sənə nəğmə yazır bütün ürəklə,

Sənə səlam verir güllə çiçəklə.

Sənə bağışlayır ana qəlbini,

Məzarına qoyur böyük əlini.

«Balaş» başın üstə ilhamla coşur,

«Əli», qudrətinə nəğmələr qoşur.

El, nağıllarından quvvət alaraq,

Yırtıcı önündə bağlayır yaraq.

Hər sözün, hər nəğmən bir şallaq kimi,

Düşmən üstə yenir, yarır bağrını.

Mənə ilham verir o gün, o saat,

Yaz deyir, dayanma, oturma rahat.

Kimdir ki coşmasın o gün yazmasın?

Vətənin eşqilə alovlanmasın?

Sən də qalxacaqsan o gün məzardan,

Qara topraqlarda yatmaz qəhrəman.

Ön sıralarda sən sanki Qızılbaş,

Nə′rə çəkəcəksən: «Ahay! Vətəndaş!

Səadətə doğru, xoş günə doğru . . . »

 

- 5 -

Səməd, könlüm quşu qanadlanıbdır,

Ayrılıqda canım yaman yanıbdır.

Canımla qəlbimlə yazıram sənə,

Qulaq ver həm yaşın şair «Müşfiq»ə:

«Yazmaram ürəyim səni anmasa,

Ürək döyünərmi alovlanmasa?»

Acı bir anılar düşür yadıma,

Tab gətirmir qələm daha burada.

Qoy deyim qalmasın söz ürəyimdə,

Söz gəlib dayanıb yanır dilimdə,

Getdiz Müşfiqdəsən, gənc yaşlarında,

Çiçəkli gəncliyin lap başlarında.

«Müşfiq»in ölümü çox oldu acı,

Sənin ölümün vah! nə can yaxıcı.

«Müşfiq», xəlqin gördü məhəbbətini,

Tərənnüm eylədi səadətini.

Elin qucağında əbədi yatdı.

Adın ölməzlərin adına qatdı.

Sən isə şəqavət, bir də əziyyət.

Həqarətlər gördün, çox çəkdin zillət.

Sonra da Arazın qoynunda yatdın,

Nə yazıq! haraya özünü atdın!

Bax iki insanın taleinə sən,

Müşfiq ilə Səməd, iki həm-vətən!

 

Acıram ürəkdən bu əhvalata,

Day qələm dayanır, tabı yox yaza.

 

Mənim əzəmətli nakam Müşfiqim!

Ürəyim dərdini kimlərə deyim?

Mənim Araz qəlbli can qəhrəmanım!

Qarabaşlıdır Azərbaycanım.

Mənim gələcəyim, mənim muradım,

Sənsiz vətən suyun mən necə dadım?

Baxa bilərəmmi birdə Araza?

Göstər kimdir ona mədihə yaza?

Arazlar qoy bütün qurusun, yansın.

Dursun cilovlasın, daha dayansın.

Qoy bunu düşünsün azğın düşənlər,

Araza qəmələr səd sala bilər.

Qoy qursun intiqam atəşin elim,

Atəşə çevrilsin qoy mənim dilim.

Qoy gəlsin ölümü vayi Arazın,

Qurusun çeşməsi çayı Arazın.

İntiqam dəhşəti göylərə qalxsın,

Hər dildən ağızdan atəşlər axsın.

 

- 6 -

Araz səni boğan günlər bilsənmi,

Necə hicqırtıdan boğuldu hamı.

Ürəkli Səhəndim ürək dağladı,

«Nə yazım mən sənə?» dedi ağladı.

«Alovlandı mənim dənli xərmənim,

O sərin su küzəm calandı, neylim?»

Göz yaşı durmadı ana vətənin,

Yaman yanığlıdı ölümün sənin.

El bir dəniz kimi dalğaya gəldi,

«Səməd» öldü sözü ürəklər dəldi.

Qanlı köynəyini saxladı anan,

Ürəkdən çəkirdi fəğan! əl-əman!

Dedi: «- bunu özüm bayraq edərəm,

Arazın önünə qədər gedərəm.

Dağlarda daşlarda səngər salaram,

Oğlumun öcünü yaddan alaram.

Müntəzəm dayannam qayalıqlarda,

Gecəni səhərə qataram orda.

Vətəndən vətənə geçər iyidlər,

Azadca yaşarlar hamı bərabər.

Düşmən xəlqimizdən bac ala bilməz,

Azərbaycanda yad yurd sala bilməz.

Çağrılmamış bura girən qonaqlar,

Qara bayquş kimi çəkərlər havar.

Cənuba axarlar, biz dallarınca,

Cənub elləri də qalxar ayağa.

Bayrağı sancaram Dəmavəndə mən,

Məni saxlayanmaz bir yerdə vətən.»

 

Mə′nası hər sözün, o gün sevməkdir,

İnsan evladına böyük vətən bir.

Düşündürür məni insan talei,

Nəzərdə dutmuşdun sən özün bunu.

Kimsə vətənindən qıraq düşməsin,

Vətən də kimsəni dustaq etməsin.

 

- 7 -

Dur Səməd ürəyim ilhamla coşur,

Gələcəyə baxıb, nəğmələr qoşur.

Könlümün şahını qanad çalaraq,

Istəyir qavzana daha da uzaq.

Lalə dəryaları dalğalanır, gəl,

Canım ayrılıqda yaman yanır, gəl.

İlk bahar gəlibdir, gül çiçək açıb,

Günəş burda qalxıb, özgiyə saçıb.

Gəl, turağayılar uçuşur çöldə,

Qoşa-qoşa çimir ördəklər göldə,

Gəl səni gözləyir ağ qağayılar,

Səni səlamlayır yurdumda bahar.

Gəl yenə gilavar əsir burada,

Gəl şəfəq, üfüqü kəsir burada.

Bahardır, kəndlilər palçığa batır,

Gəlinlər qara bir daxmada yatır.

Dur gəl, qara topraq yenə şumlanır,

Günəşin altında biçinçi yanır.

İlk səhər toplanır bir yığın fə′lə,

Hər döngə, hər buruq, hər bir küçədə.

Orda görəcəksən Aşıqları da,

Gəlirlər buraya çörək dalınca.

Bucağa çökürlər nahara qədər,

Kimsə dilləndirmir, durub gedirlər.

 

- 8 -

Güllərin üzündən nəm sürüşür, gəl,

Yumşaq yanaqları bax büzüşür, gəl!

Dağlarda hürküyür ceyranların, gəl!

Qəzəbdən qaynayır, coşur qanım, gəl!

Dur gəl ki quduzlar hələ ölməyib,

Tarix quldurluğun izin silməyib.

Dur gəl kəndlərimə, dağlarıma gəl,

«Sahib Əli» əkən bağlarıma gəl!

Dur gəl, dayanmayır qələm bir zaman,

İrəli yeriyir oğullar, inan!

«Yad görməsin» - deyə, buraya sürün,

İşçi alacaqdır həqqin büsbütün.

Göylərdə oynasın yalın qəmələr,

Qızılbaş bürüsün dağı sər-bə-sər.

Bilirsən ki elim cəsarətli dir,

«Günəş saçağını dağıtsın», deyir.

 

Bizə inam verdin, sənə eşq olsun!

Gələcəyi gördün, sənə eşq olsun!

Qatdın öz adını ölməzlərə sən,

Qəhrəman oğlunu unutmur vətən.

Dəhşətli intiqam gözləyir yadı,

Silinmir tarixdən yurdumun adı.

Ölkəm indi yoxsa xəritələrdə,

Yaşamışdı adı qərinələrdə,

Yenə göyüllərdə həddi-səddi var,

Ana yurdumun da öz sərhəddi var.

Bir zaman burada Şah İsmailim,

Dedi: «Od yurduna mən səcdə qılım!»

Söylədi: «Eşidin ey həqq sevənlər!

Həqqə - həqiqətə sicdə edənlər!

Həqiqət bayrağı göyə yüksəlsin,

Xâricilər bütün lə′nətə gəlsin.

Tamam ağaların kəsilsin başı,

Ğâzilər olsunlar həqqin sırdaşı.

«Nəsimi» cismimdə hulul edibdir,

Ay-günəş hökmümü qəbul edibdir.»:

«Eynüllahəm, eynüllahəm, eynüllah,

Gəl indi həqqi gör ey kor gümrah.

Mənəm ol fail-e mütləq ki derlər.

Mənim hökmümdədir xurşid ilə mah.»

 

«İnsan özü gərək sültan-i aləm,

Başqa hər bir sözü uydurma billəm.

İnsan ziynəti dir kayinatların,

Bunu söyləyirəm mən daha dərin.

Kəlamımı gümrah kor dinləməsin,

Ğazilər meydanda hiç inləməsin.

Yarlar Yaristana sâdiq qalsınlar,

Xaricini tutub yurdu alsınlar.

Qarşı gəlib Yarlar, novruz etsinlər,

Ğəza meydanında həqqə yetsinlər,

Mənim babam yazan «Qara Məcmuə»,

Gərək ki yol aça mədrəsələrə.

Ana dilim mənim müqəddəs olsun,

Kəlamlarım sizə dadrəs olsun.»

 

Mənim ulu babam «İmadiddin»in,

Hələbdə soydular bir gün dərisin,

Dedi:

«Həqq aşiqi dözər zillətə,

Son qoyar Qızılbaş bu şəqavətə.»

«Minarəsində» dedi: «Könlümün paşam,

Qiymətli bir gənci penhan bulmuşam.

Tək dabanımdan soy mənim dərimi,

Nahəqq piçaq kəsməz heç bir yerimi.»

Birdə «Nəimi»mi sirr-ullahimi,

Qaranqu gecədə şəm′e rahimi,

Nəxcuvanda kəsdi «Miranşah» başın,

Qari yad! Qoymaram qurusun yaşın.

Dəhşətli intiqam alaram səndən,

Ğazilər qanilə güllənsin vətən.

 

Təki sən yaşa ey qəhrəman vətən,

İstismarçıları sən əyəcəksən.

Gözəl toprağına qurbandır canım.

Yaşa dünya varca Azərbaycanım.

«Məqsədin boş şuar» deməsin mənə,

Düzməsin hər yetən bir tez vətənə.

Azəri oğluyam söylə ki: Ey yar!

Görmüşəm sınaqlar çox imtahanlar.

Seyr eylə tarixi, bir varaxla bax,

Yaddan qorumuşam yurdumu hər vax.

Min il qəhrəmanlıq etmişəm, inan!

Dağlara gəl deyim, nə lazim yalan!

Bilirəm ki sınaq hələ bitməyib,

Mənim də xislətim heçdə itməyib.

Həman «Kor Oğlu»yam, həman «Qurqud»am,

Var Səməd yaradan şanlı bir obam.

Sağalmaz yarası qəhrəmanımın,

Qəzəbi, rəngi var mənim qanımın.

 

Oxuyubsan Səməd sən özün bunu,

Yaxşıca tanırsan Azərbaycanı.

Tarixlər yazmısan, yaxşı bilirsən,

Əsirlər uzunu nə çəkmiş vətən.

Mənim diri gözlü Şah İsmailim,

Qoyma üzüm üstə birdən yıxılım.

Mənim ey müqəddəs kəlamlı babam!

Məş′əlləri qaldır, zülmətdir obam!

Ğazilər dalınca səf bağlayıblar,

Dayaq olsun gərək Yaristana yar!

Mənim qorxmaz baş ey ulu Nəsimim!

Diri-diri soydu dərini de kim.

Mənim əzəmətli «Şah Fəzlüllah»ım,

Düşmən əsir qıldı, nədir günahım?

 

«Ğazi Burhanəddin» nə oldu, ey yar!

Qanla qoruduğu hanı o diyar?

Hanı o döyüşkən Hurufilərim?

Namərədə satılır müqəddəs yerim.

Hani Bəktaşilər, hanı Goranlar,

Hanı o qəməli yurda qurbanlar?

Hanı qanlı izli o Qızıl Başlar?

Hanı o hücumlar? hanı savaşlar?

 

- 9 -

Qoy əfsanələşsin «Səməd Behrəngi»,

İnsanı yaşadar məslək çələngi.

Qoy aşıqlar qoşsun adına dastan,

Oğullar dinləsin səni hər zaman.

Eşqinlə ürəklər qoy alovlansın,

Adını çəkəndə düşmən odlansın.

Təmənnasız kçədi gözəl həyatın,

Sadə danışardın, sadə hər zadın.

Aldatmadı səni qızıl yaldızlar,

Sənəti qorudun əsil sənətkar.

İllərin dalından, mən «Vurğun»ların,

Sənə gətirirəm dərin səlamın.

Ey «Axundof»umun əsil varisi,

«Cəfər Cəbbarlı»mın böyük ənisi!

Ey «Hüseyn Mehdi»min qələm yoldaşı,

Bütün insanların böyük eldaşı.

Nəsillər üstünə səlam sərpəcək,

Dayanmır, çırpınır sinəmdə ürək.

Yarır dalğaları, dayanmaq bilmir,

Alışıb odlara usanmaq bilmir.

İstirəm adını şallaq eyləyəm,

Eşqinə ürəkdən nəğmə söyləyəm.

İstirəm özümü dağlara salam,

Sənin qisasına min qisas alam.

Önümü dutmasın qarı işğalçı,

Atları nallasın qəhrəman nalçı.

Ərgimə, qalama getmək istirəm,

İnsan axınında itmək istirəm.

Cana dayandırdız, dığlatdız bizi,

Vətənimdən çəkin məşöum əlizi . . .

Mənə sən ey zalim! qənim olma, get.

Zamanın önündən vaxtilə gəl it.

Hökmünü verəcək bu dəqiqələr.

Nələr gətiribsən başıma, nələr?

Aləm əhvalımdan xəbərsiz qalıb,

Kil bilir ki rəngim necə saralıb.

 

- 10 -

Qoy insan evladı yar-yoldaş olsun,

İnsan bir-birinə qoy sırdaş olsun.

Ağalar əyilsin ellər önündə,

Heç dil boylanmasın dillər önündə.

Vətənlər bir olsun, bahara dönsün,

Ürəklər bir olsun, bahara dönsün,

Ürəklər bir yerdə birgə döyünsün.

Eşq olsun büsbütün iyid mərdlərə,

İnsana alışan Səmədlərimə.

 

Səndən kim canını əsirgərdi, de!

Ürək kimisinə döyünərdi, de!

Qorxulu, dəhşətli, nə uğursüz gün,

Kim dedi sən o gün Araza sürün.

Demədin milyonlar intizardır?

Demədin ki dühan düha yaradır?

Demədin qatillər kəmində yatıb?

Demədin adamlar özlərin satıb?

Səni yad edirəm, ürəyim yanır,

Dilim şö′lə çəkir, şe′rim odlanır.

Qoy bunu düşünsün vətənsiz dayaz,

Ət dırnaqdan olmaz, ciyər ayrılmaz.

Göz önündə dutsun bunu o alçaq,

Həyat həqiqətdir, deyil oyuncaq.

Vətən ilə heç vaxt oynamaq olmaz,

Vətən dağlarında lalələr solmaz.

Görər gözlü lalə, od parçaları,

Ardınca gətirər böyük baharı.

Düşmənin ömrünə qor salar rəngi,

Məhəbbət doğurar çatğın çələngi.

Hər AzərOğlunun ürəyində pək,

Belə bir lalə var şir ürəyi tək.

Məhəbbət istəsən var məhəbbəti,

Dəyişməz heç zaman onun xisləti.

Vursan vuracaqdır, sevsən sevəcək,

Odlar əmanəti belə bir ürək . . .

 

Vətənimə mənim sən bir denə can,

Göz bəbəyim sənə edərəm qurban.

Vətənin uğrunda məqsəd birləşir,

Fərdi döyüşmələr yerində itir.

Borcdur anayurdu qorumaq bizə,

Od basacağıq biz əllərinizə.

Bir zaman qolumuz bağlıdırsa da,

Bir hal sürməyəcək bu qoca dünya.

Zəncirlər bir-bə-bir qırılacaqdır.

Düşmənin ürəyi yarılacaqdır.

Qanuna uyğundur təbiət, inan.

Andırıbdır bunu bizə hər zaman.

 

Biz əsil mə′nada vətən evladı,

Bizilə çəkilir vətənin adı.

Demişik əzəldən bunu biz hamı:

İyid ölər amma buraxmaz yağı!

Düşməni ötürməz, yaxalar, yıxar,

Ta ki azadlığa vətəni çıxar.

 

- 11 -

Oxucum bitməzdir vətənin sözü,

Gərək azad edə özünü özü.

Gəl sənə söyləyim son məqsədimi:

Heç zaman unudma gül Səmədimi.

Əzizliyək onun xatirəsini,

O vətən-pərvərin gözəl səsini,

Ölməz qəhrəmanın xoş nəğməsini,

Birlikdə dinləyək təranəsini:

 

Bir gün varmış,

Bir gün yoxmuş.

Mavi suyun qırağında,

Bir qızıl gül qalxmış,

İri,

Gözəl,

Dolu yapraq.

 

Bir yel əsdi,

Yağış yağdı,

Boran oldu, tufan oldu,

Qopdu qızıl məxməli gül,

Yapraqları dağıl-dağıl.

 

Necə oldular,

Başlarına nə gəlibdir,

Ölüblərmi,

Dirilərmi,

Kimsə bilmir.

 

Ah! nə gözəl məxməli gül!

Biz bu gülü tanıyırıq,

Hardan gəlir,

Hara gedir?

Kimsə bilmir.

 

- 12 -

Qızıl gülüm soldu, aman, ay ellər!

Eşitsinlər sonra gələn nəsillər.

Ürəyimə mənim bir dağ basdılar,

Sağaltmır nə nəğmə, nə saz, nə bahar.

Gözəl «Firidun»um bulaşdı qana,

Matəm yürütdülər Azərbaycana.

Vəhşicə dəldilər onun sinəsin,

Araza atdılar cansız cəsədin.

Ürəyim başını oydular mənim,

Neyləsin tökməsin yaşın vətənim?

Gözəl bir qonça mı biçdilər aman,

Qanımı tökdülər, içdilər aman.

Bir qısğı qoydular, görməsin ellər!

Qisasımı alsın iyid nəsillər.

Təpəmə vurdular aman nə qapaz,

Qapdı əllərimdən oğlumu Araz.

Köçümü çatdılar dalıma, gəlin!

Yığılın bir yerə, tədbir eyləyin.

Qalqanla döyüldüm, dişim çəkildi,

Yerimdə gör necə arpa əkildi.

Əlimi qolumu bütün çırtdılar,

Avadanlığımı vay! uçurtdular.

Kökümün üstündə od yandırdılar,

Buğumu yoldular, ay ellər! havar!

 

Bitiş

Oxucum! bu sözlər hamısı doğru,

Amma sən sanma heç mərsiyədir bu.

Ellər ağlasalar qəhrəmanlara,

Qan alarlar bütün gedən qanlara.

Göz yaşı axıtmaq yaraşmaz bizə,

Gərək qan tökülə gözəl Təbrizə.

Qana qan deyiblər əzəl atalar,

Eşitsin komalar, bilsin obalar.

Nəbzini dəyişib zaman əlbəttə,

Həqqə irmək sirri var şücaətdə.

Gərək qan tökülə vətən uğrunda,

Qəhrəmanlar qanın verməm ucuza.

Ey vətən! Dayanmır ürək bir anlıq,

Üstündən gedəcək bu şum qaranlıq.

Sən mənə veribsən Səməd tək insan,

Kim canın əsirgər belə di yardan.

Sənə alqış olsun ey böyük vətən!

Bir daha qoy deyim: «Sən mənimki sən!»

Ey Səmədlər doğan odlar məskəni!

Ellər alqışlayır hər ləhzə səni.

Mənim qəhrəmanım sənlə fəxr edib,

«- Şanlı Azərbaycan, azad ol!» deyib.

Səmədin anası, ey odlu diyar!

«Qurqud»lardan bizə gələn yadigar.

Ödərəm borcumu sənə, darıxma,

Yalqız ürəyimi bu qədər sıxma.

 

Mən kiməm? – bir qolu polad fə′ləyəm,

Ax vaxdan ürəyim bağlayıb vərəm.

Gündüz palçıqlarla, gecə daşlarla,

Vuruşuram, qarnım ac, gözüm yolda.

Mən kiməm? – bir yazıq, bir pozğun kəndli,

Ayağı kündəli əlləri bəndli,

Mən kiməm? – işçiyəm, bir məhrum insan,

Dünya ne′mətindən nəsibsiz qalan.

Mən kiməm? – milyonlar, milyonlar inan,

Sənin ardıncayam, de! nədir fərman?

 

 

 

Şeyx Məhəmməd Xiyabani

 

Ürək ağrısı

Soruşursan:

«- Niyə baba ağrır sənin ürəyin?»

Ürəyimi ağrıdanlar, mənim qızım az deyil.

Hansın deyim, hansı qalsın? Hansına sən dözərsən?

Sənindəki serçə qəlbin, mənimki tək saz deyil.

«Donuq olsa, durğun olsa» söyləmişdir Füzuli:

«Ürək deyil, parça buzdur, gər olmasa dərdmənd.»

Elə ulu dərd-ü qəm var, ürəyi də ağrıdar

İnsan var ki, vücudunu ney tək eylər bənd-bənd.

 

Elcə bilən vurğunları kimsə saymaz olanda,

Bir qəlbin yox, bir kəsin yox, bu dərdidir vətənin.

Şairlərn kitabları qoltuğunda qalanda,

Necə mənim qızıl qəlbim heç ağrıya düşməsin?

 

Düyünlənib topraqlarda anaların baxışı,

Yüz illər yol gözləyərmi bir el-ulus, bir millət?

Əsarət qandallarına dözərlərmi aslanlar?

Qeyrət kanı oğullardan görünməz mi bir qeyrət!

 

Başı uca millətimiz öz mənliyin unudur,

Əcnəbinin çirağına hey süzülür, yağ olur.

Əriməsi, tökülməsi dərələrə dağların,

Ürəyimdə, qızım mənim, hey dikəlir, dağ olur.

 

Kədərlətmək istəmirəm sənin doğum günündür

Gələcəyin qutlu olsun, aydın olsun günlərin!
İtirməsin siyadətin, başı uca yaşasın,

Yaxşı böyütsün evladın, bir gün görsün ellərin.

 

Məcruh qəlbim ağrısa da, qızdırırsan sən onu,

Qızım sənin doğum günün mubarək olsun bugün.

Son qələbə dözümdədir, dözür qartal ürəyim,

Gözləyirik gələcəkdə böyük zəfər, toy, düyün.

 

Bugün bayram eləyibsən, çalırsan, oynayırsan,

Hər kim sənin bayramına bir hədiyə gətirir.

Anan yenə kədərimi süzür mənim uzaqdan,

Çünkü baban şe′r payı ilə bu bayrama qatılır!

 

Sənə bugün qoltuğumda bir qalan şe′r gətirdim,

«Şeyx Məhəmməd» həmasəsin, qızım sənə yazmışam.

Mənim bu dövlətim – varım yenə nisgildir sənə

Kəlmələrin, ürəyimin lap dibindən qazmışam.

 

Başı uca alimimiz sərələnərkən yerə

Dedi: «Eşqə, fəzilətə, düzgünlüyə vurulun.

Hər havaya oynamayın əcnəbiyə xoş gəlsin,

Mənim təki eşq oduna yanın, dözün, durulun.»

 

Oxu qızım, oxu qızım, Şeyx Məhəmməd nağılın,

Soruşma day: «niyə baba ağrır sənin ürəyin?»

Ürəyimi ağrıdanlar mənim qızım az deyil,

İndi birin söyləyirəm, dinlə, qulaq as dərin:

 

Xamnə

«Şəbüstər»dən qıraqda, gün batan bölgəsində,

Şeyx Məhmudun sözündə, səsində, nəfəsində,

Yüz illər bundan qabaq verdiyi ilqar üstə,

Qərib bir nəğmə yaşar, qəmli duyğular üstə,

Ürəyinin başından dənizə pəncərə var,

Sonsuz səmani onun üzünə hər gün açar.

«Mişov» qucaqlamışdır, dərya qədər qussəsin,

Qoynunda saxlamışdır zəman sarsıdan səsin.

Min dörd yüz illik çinar nəğməsidir bu şəhər,

Qərib qəmli duyğunun gur səsidir bu şəhər.

Öz əyninə geyəndə qəriblik yapıncını,

Göz önünə gətirir düşmənin qaxıncını.

Mişov bütün islanır, gözlərindən yaş axır,

İldırımlar şaqqıldlr, çinar göylərə baxır.

Göylər bütün qapqara, nə ulduz var nə də ay,

Nə ağlayış duyulur, nə səs səmir, nə bir hay.

Susğunluq bürüyübdür bütün qayalıqları,

Qəm kərvanı yüksəlir «Xanmə»dən dağa sarı.

Mişov dağı, şimaldan, Urmu gölü cənubdan,

Qoynunda becərirlər Xamnəni, sanki bir can.

«Təsuc» gilanarlığı solda, «Şəbüstər» sağda,

Qıvrım-qıvrım bəzəyir göyçək üzün hər çağda.

Dalını vermiş dağa üzün dənizə açmış,

Ağır qara matəmin düzəngahlığa saçmış.

Şeyx Məhəmmədi doğmuş, becərtmiş, həm itirmiş,

Həm sevinc, həm bərəkət, həm də sukut gətirmiş.

«Baqir Abad», «Hac Hüseyn» məscidlərin savuşdum,

«Hac Əhməd» küçəsinin başında atdan düşdüm.

Deyirlər ki o şeyxin burada idi evi,

Burda doğmuş yaşamış, burda sürümüş ömrünü.

Qanalıqlar, almalıq, armudluqlar, güllüklər,

Bürümüş bir baxçada, onu görərmiş ellər.

Sən bu dar küçələrdə şair nə axtarırsan?

Tə′zim et, qoy sarsılsın həqqə bağıran şeytan.

Həqq hara, həqq söz hara, Allah hara, din hara,

Ürəyimə vurur o, yara üstündən yara.

Otur, axşam çağıdır, gün yönəlir batmağa,

Səni aparacağam yüz il qabaqki çağa.

Sil könlünün pasını axıt gözün yaşların,

Bax qızaran şəfəqə, düyünləmə qaşların.

Səksən il bundan qabaq Xamnə günəşi batdı,

Bir satqın dinsiz köpək, Şeyx Məhəmmədi satdı.

Ürəyində nə aşub, ay şair! nə üsyan var,

Darıxma, otur ağla, yoxsa vaxtın daralar.

Sən hələ yazmalısan qəhrəmanlıq dəstanın,

Həmasələr yaradan şanlı Azərbaycanın.

Yaz, xainlərdən danış cinayətlərdən söz aç,

Günəş əsrarın söylə, qaranquluqlardan qaç.

Otur burda, bu küçə müqəddəsdir sənin çin,

Bu ana caddəsidir, şahrahıdır vətənin.

Şeyx Məhəmməd Xiyabani addım basmış buraya,

Otur ağla, heç tərpənmə, hara gedirsən, hara?

Üsyanlı imanların caddəsidir bu küçə,

Saf eşqin şərbətidir, badəsidir bu küçə.

Düşüncənin, arzunun diləklər səhifəsi,

Azadlıq əsrarıdır, fəzilətlər nəğməsi.

Öpmüşdür ayaqların Şeyx Məhəmmədin bu topraq,

Duymuşdur ümidlərin dutmuşdur ondan soraq.

İki rək′ət namaz qıl, alnını toprağa qoy,

Təkəbbür qabığını gəl ürəyindən soy.

Qoy aparım tarixin əngin küçələrinə,

Qulaq as Şeyx Məhəmmədin üsyan dolu sinəsinə.

Gör necə me′rac etdi savaşlar meydanından,

Cəbrail qanadın da ötdü, keçcək canından.

Urmu gölün bəzədi, Mişovdan qanı axdı,

Xamnə qanlı çiçək tək qəmli-qüssəli baxdı.

Qərib bir nəğmə kimi verdiyi ilqar üstə,

Qəmli duyğularını dağıtdı dəstə-dəstə.

Gedək tariximizin gəl bir döngələrinə,

Qulaq asaq zamanın gizli təranəsinə:

 

Doğum

Köksündə həyəcən, gozündə ümid,

O gün sevinirdi Hac Əbdülhəmid.

Otaqda gedirdi oyan buyana,

Bilmirdi neyləsin, baxsın hayana.

Bayırdan gözünü tikdi Mişova,

Boğazından qopdu qəmli bir nəva.

Sələvat çevirdi, oxudu dua,

Bərəkətlər gəlsin, savuşsun bəla.

Üfüqdə saralıb günəş batırdı,

Səhənd ətəyində dünya yatırdı.

Xamnə əhli kəndə gəlirdi dağdan,

Səs səmir kəsilib susurdu həryan.

Gecə sallanırdı, qaş qaralırdı,

Qaranlıq ətrafı sarıb alırdı.

Qadınların hayı gəlirdi yandan,

Ağrılar çəkirdi «Rüqəyyə Sultan».

Bir qadın oyandan sevincək qaçdı,

Hac Əbdülhəmidin qapısın açdı.

Dedi: «- muştuluq ver, bir oğlun oldu»

Hac Əbdülhəmidin gözləri doldu.

Qaldırdı göylərə sarı başını,

«Şükür Allah!» dedi, töküb yaşını.

Yerinə gətirdi şükür səcdəsi,

Ayələr oxudu, ucaltdı səsi:

«- Fətəbarəkəllah» dedi: «- Ya Allah,

Sənin öz bildiyin yaxşıdır, Billah»

Dünyada yaratmaq işindir sənin,

Sənin əbdin olmaq borcu bəndənin.

Xəyalda göyləri ziyarət etdi,

Birdən huşdan çıxıb özündən getdi.

Allah bəxş etmişdir, bir oğul ona,

Allahın vergisi gələrmi sana?

 

Ad qoyma

İki üç gün sonra qohum qonşunu,

Bir araya yığdı Hac Əbdülhəmid.

Şadyanalıq etdi çay şirni verdi,

Gözlərində sevgi könlündə ümid.

 

Xamnənin ən alim mallası gəldi,

Səlavat göndərsin, oxusun Qur′an.

Hac Əbdülhəmidi dua eyləsin,

Ona çox görməsin uşağı dövran.

 

Adını «Məhəmməd» qoydu uşağın,

Oxudu əzanı sağ qulağına.

Qədəmi xeyrdir, yeydir söylədi,

Dedi iqaməni sol qulağına.

 

Seçmişdir o malla ən gözəl adı,

Anası bir rahat nəfəs çəkirdi.

Gözlərini yummuş rüyalarında,

Gələcək həyat çün çiçək əkirdi.

 

Ana bir gerçəkdir, danılmaz gerçək,

«Ana həqqi Tanrı həqqi» demişik.

Ana həqqin ayaq altına salsaq,

Zülm edib Tanrının həqqin yemişik.

 

Seyr eylə rütbəsin bax məqamına,

Tanrı analara vermiş cənnəti.

Oğlu boya-başa çatana qədər,

Ana qəbul edir hər əziyyəti.

 

Ananın kəmalı, ana idrakı,

Me′raca yüksəldər oğulu qızı.

Ana sütü təmiz olarsa, oğlu,

Fəth edər günəşi, ayı, ulduzu.

 

Fəzilətli ana, təqvalı ana,

Müqəddəs arzusun toprağa verməz.

Nur yağar ananın yan-yörəsindən,

Şeytan saf sevginin qoynuna girməz.

 

Hekmət bulağımış sözü anamın,

Nağıllı nəğməsi, təranələri.

Öyüdü, duasi, hərbə-zorbasi,

Qulağımda qalıb illərdən bəri.

 

Mə′nəvi dünyası, həyatı parlaq,

Nəğməsi ilahi, sözü ilahi.

Yüksək zirvələrdə yaşayır anam

Diləyi ilahi, özü ilahi.

 

İlahi movhibət, ilahi vergi,

Sənindir, mənimdir bacım, qardaşım.

Belə bir zirvədən qopub gəlirik,

Yadlar qarşısında ucalır başım.

 

Ana ilə tək başına

Gün bə gün yüksəldi Məhəmməd, qızım!

Dörd yaşlı, beş yaşlı bir oğlan oldu.

Köksü söhbət dolu xan anasının,

Hikayətlərilə qulağı doldu.

 

Yazın o selləmə yağışlarında,

Qışın çovğun dolu çən havasında,

Yayda, güzdə, yazda, payızda, qışda,

Hər nəyi görürdü öz anasında.

 

Təqvalı anası lap tək başına,

Üç-dörd il oğlunu tərbiyə etdi.

Bir neçə il sonra, «Maxaç Qala»da,

Atanın ticarət işləri bitdi.

 

Xamnəyə gəlincə oğlun çağırdı,

Üzün gözün öpüb bağrına basdı.

«- Dağıstana baba məni də apar»

Məhəmməd ağladı, o qulaq asdı:

 

«- Baba, dünən səni yuxuda gördüm,

Mənə dərs deyirdin məktəb xanada.

Dövrə oturmuşduq həsirlər üstə,

Bütün uşaqlarla, mən də, ana da»

 

Məktəbdə

Xamnənin büsbütün məscidlərində,

Uşaqlar dərs oxur həsirlər üstə.

Məscidlərdə hər gün şərbət verilir,

Axundun altına xalça sərilir.

Əbcəd, həvvəz, hütti bir-bir oxunur,

Gələcək çün canlı xəyal toxunur.

Dərslər üç səthdə məsciddə gedir

Uşaq bir-birilə rəqabət edir.

Birinci səthdə: oxur Cüz Əmmə,

Hərəkəni, hərfi öyrənir birdə.

İkinci səthdə: «Ana dili»ni,

Oxuyur, tanıyır şanlı elini.

«Rüşdiyyə» yazmışdır gözəl xəttilə,

Yaymışdır hər yana oxunsun deyə.

Üçüncü səthdə: Qur′an deyirdi,

Axund hekmət verir, din öyrədirdi.

 

Ata Məhəmmədi qoydu məktəbə,

Yönəlsin Qur′ana, elmə, ədəbə.

Məhəmməd bir ildə həm Cüz Əmməni,

Oxudu, bitirdi həm Çərəkəni

Uşaqlardan bütün qabağa keçdi,

Cəhalət kökünü bilgiylə biçdi.

«İki səthə» keçdi səkgiz yaşında,

«Ana dil» oxudu, kürsü başında.

«Hac Mirza Həsən Rüşdiyyə» kimi,

Danışdığı təki bütün sözləri,

Yazırdı lövhəyə, ney qələmilə,

Dilin öyrənirdi axund əlilə.

Məhəmməd gəl oğlum, oxu bu sözü,

Bir gün ona dedi axundun özü.

Məhəmməd oxudu: uşaqlar, hazir!

«Həsənebne Məhdi Rüşdiyyə» yazır:

 

«Bir çəmənzar, bir gözəl otlaq,

Olmuş idi iki öküzə yataq.

Otlamaq istəsə, otu var bol,

Ərsəlan oldu haldan agah,

İstədi olsun onlara həmrah.

Yə′ni otlaqda məqam etsin,

Anları öldürüb təam etsin.

Vermədilər öküzlər ona məcal,

İttifaq etdilər, olub həm-hal,

Şir həmlə edəndə şəb ya ruz,

Göstərirdi olar ona buynuz.

Şir gördü ki olmayır çârə,

Hiyləyə üz çevirdi biçarə

Yanlayıb anların birini yavaş,

Dedi: «- Bənd olma yoldaşa, qardaş!

Otla səhrayı, gəz gilən tənha,

Sənə məndən olur himayətha!

Əsər etdi öküzə şir sözü,

Yağlı sözlərlə axdı pil gözü.

Oldu bu sözlə yârdan tənha,

Etmədi meyl yoldaşa, əsla.

Şir çün yâri eylədi əğyar,

Tək bə tək etdi onları murdar.

Budu məqsud qissədən hissə,

Müttəfiq qovm çəkmədi qüssə.»

»

 

Axund dedi ona: «-Oğlum, afərin

Dərsini oxudun çox şirin, şirin.

Atava anava mubarək olsun,

Onların ürəyi sevinclə dolsun.

Səni xələf etsin həqq-i təala

Bərəkətlər olsun, sənə, ay bala.»

 

Sonra axund ona dedi nifaqdan,

İttifaq, ittihad, həm də şiqaqdan.

Qur′anda ayələr gətirdi ona,

Allahın buyruğu gələr mi sana?

Həm zülmdən danışdı həm də ədldən,

Məhəmməd axunddan öyrəndi hər fənn.

Üçüncü səthdə, «Muxtar namə»ni,

«Nisabi», «Mö´cəmi», həm də «dürrə»ni,

Oxudu, öyrəndi Əcəm dilini,

Xidmətə, bağladı o öz belini.

Əcəmcə öyrənmək fərz olmuş bizə

Keçmişdən bu imiş adət Təbrizə.

Əcəmcə yazanlar böyük şâirlər,

Hər fəndə elmdə dildə mâhirlər,

Türklər arasında yetişmiş, çıxmış.

Özgiyə ev tikmiş, öz evin yıxmış!

İşin bir üzündə sevinc olsada,

Dalğalı ürəyim razı qalsada,

O biri üzündə bir acı qəm var:

«Yanıq Kərəm» ilə bir də «Dilqəm» var.

Özgiyə «Nizami» bəsləmiş elim,

Dillərə sərkərdə olmuşdur dilim.

Vəlakin çox murdar satqın novçələr,

Düşmənliyə Türkü-Əcəmi çəkər.

Türk-Fars düşmənliyin təbliğ edirlər,

Novçələr, «Kəsrəvi» yolun gedirlər.

 

Bir hekmət söylənir min ildən bəri:

«Farssız Türk olanmaz!» dillər əzbəri.

Bir-birə bağlanmış taleimiz bax,

Bunu duymalıyıq dərindən, ancaq.

Atalıq etmişdir babalarımız,

Farsa da, Kürdə də, gəl inan, ay qız!

Amma ki kimsənin dilin kəsməmiş,

Tarixin danmamış, elin basmamış.

Yaratmış Kürdə də tarix, Farsa da,

Mədəniyyət vermiş, o, köçmüş hara.

Başların əyməmiş heç zaman yada,

Satqınlar onlara dönük çıxsa da.

Məzlumdan himayət etmiş babamız,

Sığınma qalası olmuşdu Təbriz.

Tarix addımlamış sabaha sarı,

Türk addımlarilə hər ilk baharı.

Hər Türk insanlığın dadlı mivəsi,

Cəsarət nəğməsi, şücaət səsi,

İyidlik rəmzidir, həyat qoxusu,

Düşüncə ağacın bir suvaran su.

Qolları qandalda olsa da belə,

Azad ilqarını verməmiş ələ.

 

Ürəyim doludur, yazaram sonra,

Keçək Şeyx Məhəmməd uşaqlığına.

On iki yaşına çatan zamanda,

Məktəbi qurtardı baba yurdunda.

Qur′an öyrənmişdi, bilirdi əhkam,

Şe′r söyləyirdi, alırdı çox kam.

Ədəbiyyat, tarix, əxlaq oxumuş,

Biz oxuyanları, çoxdan toxumuş.

Görcək bu haləti Hac Əbdülhəmid,

Oğluna bağladı dəryaca ümid.

Savadlı, bilikli yeni yetməni,

Çağırdı yanına söyləsin bunu:

«- Sən oğlum olubsan yetgin bir cəvan,

İndi ticarətə əl qoymalısan.

Dağıstana sarı, Maxac Qalaya,

Gedəlim orada zövqünü sına.

Ticarət işinin öyrən əsrarın,

Çoxalsın bu işdə qazancın, varın.»

«- Atası sözündən çıxmaz o», dedi

Anası, başmağın geyimin verdi.

Xamnədən səfərə çıxdı Məhəmməd,

Səfər əsnasında pişəcək əlbət.

 

Ticarət xanada

Bir neçə ay qaldı Maxac Qalada

Ticarət işinə baxırdı orda.

Hesabın saxlırdı alış verişin,

Seyr edirdi orda zaman gedişin.

Ruslara yanaşı Dağıstanlılar,

Çeçenlər, Tatarlar, həm Osmanlılar,

Azərbaycanlılar ilə birlikdə,

Gəmilər salırdı hər gün dənizə.

Məhəmməd zəkali bir cəvan kimi,

Sezirdi baş verən hər mərasimi.

Sünnini, şiəni, vəhhabiləri,

Orda seyr edirdi gözətçi təki.

Nahəqqi ataraq, həqqi seçirdi,

Həqiqət şərbətin çəkib içirdi.

Uca əzan səsi minarələrdən

Yüksəlirdi hər gün göyə şəhərdən.

«Dərbənd» şəhərindən gələn şiələr

Orada, məktəb də tə′sis etmişlər.

Şəriət elmini oxuyuyurdular

Təfsir edirdilər Qur′an, şar-ha-şar.

Həm «Kəşf əl-Həqayeq», «Təfsir əl-Bəyan»

Həmi də «Təfsir ən Nəkt əl-Qur′an»

Təməli qurulur, sözü yazılır.

Ürəklər içində şərhi qazılır.

Gözləyirdi gələn əyyam bunları,

Çap olsun, yayılsın hər yana sarı.

Gözləyirdi dövran «Ne′man zadə»ni.

Yaxşı dinləməli oxucu bunu.

Dağıstan «Şeyx Şamil» yurduna dönmüş,

İndi xəsm əlilə çirağı sönmüş.

 

Dağıstan İslamın bayraqdarıdır,

Təqva dünyasının ilk baharıdır.

Fəzilət mülkünün mərkəzi olan

Dağıstan yada ki Azərbaycan,

Əskidən dayanmış düşmən önündə,

Rusa, Erməniyə dözmüş, o gündə.

Dağıstan mülkünə gedəndən bəri,

Məhəmməd gəzirdi bütün yerləri.

Məscidi, kilsəni, camei gördü,

Zehnində düşüncə dünyasın hördü.

Oxumaq həvəsi, öyrənmək meyli.

Onu eyləyirdi narahat xeyli.

Düşmən qarşısında dayanmaq üçün,

Məzlumlar oduna həm yanmaq üçün.

Dərin biliklərə yiyələnməyi,

Zəhməti, yazmağı həm də əməyi.

Sevirdi Məhəmməd, şirin can kimi,

Bunu bəsləyirdi bir iman kimi.

Bir neçə ay sonra, dedi ucadan:

«Qala bilmirəm mən burda, atacan!».

Atası duymuşdu ruhiyyatını,

Acılı etmədən heç ovqatını,

Dedi: «- olsun oğlum, aparram səni,

Görərsən bir daha gözəl Xamnəni.

Təbrizə yollaram birdə səni mən,

Orda oxuyarsan hər nə istəsən...»

 

Anaya qavuşma

Bir neçə ay sonra gördü anası,

Məhəmməd dir gəlir, könül aynası.

Gəlib öpdü əlin, opdü ətəyin,

O zaye′ edərmi ana əməyin?

Aradan çox ötmüş, yay getmiş qışa,

Ananın ürəyi düşmüş təşvişə.

Çoxdan ayrılmışdı pak qucağından,

Sığmırdı ruhuna onun dağıstan.

Ana qucağına döndü Məhəmməd,

Özünə qayıdar saf ruhlar əlbət.

«- Anacan, ağlama, göz yaşların sil,

Məni öz yanında, öz qoynunda bil!»

Deyərək Məhəmməd, güldü, ağladı,

Anayla bir daha peyman bağladı:

«- Sənin yanındayam gözəl anacan,

Anasız yaşamaz dünyada insan.»

Dedi Əbdülhəmid xanımına: «- Bax!

Məhəmməd Təbrizdə dərs oxuyacaq.»

Sevindi bu sözdən Rüqəyyə Sultan,

Dedi: «- Həqq saxlasın səni hər zaman.

Oğlumu gətirən əlin sağ olsun,

Ürəyin sevinclə-şadlığla dolsun!»

Məhəmmədi alıb bağrına basdı,

Hirmanın, qüssənin yolların kəsdi.

 

Təbriz biliyurduna səfər

Ağ geyinmiş idi bütün təbiət,

Badam ağacları güllənən zaman.

Xəyallar üzürdü yaşıl dağlarada,

Zirvələr başını almışdı duman.

 

Eyni açılmışdı Mişov dağının,

Dənizə baxırdı güllər içindən.

Turağayı qalxıb seyran edirdi,

Yam-yaşıl çöllərin ənginliyindən.

 

Ləpələr qalxırdı «Urmu» gölündən,

Yamacı alırdı, düzü alırdı.

Qaynayıb çağlayan nəğmələr kimi,

Düzəngahlıqlara səs-küy salırdı.

 

Namazın qılmışdı Rüqəyyə Sultan,

Duaya durmuşdu səhər şehində.

Allaha yalvarır dolu gözüylə,

Deyirdi: «- Allah mən müqəssir bəndə,

 

Oğlumu bax sənə tapışırıram,

Qadadan bəladan sən onu saxla.

Oğlumu dərədən zirvəyə çatdır,

Caysa, elə orda ilahi haxla!»

 

İnsanı saxlayar hər bir bəladan,

Ananın tədbiri, xeyir duasi.

Deyirlər hər gecə, hər səhər axşam

Zirvəyə yüksələr ana sədasi.

 

Hündür dağlardan da yuxarı qalxar,

Ağardar göyləri dan yeri kimi.

Ana ürəyindən qopan ağlayış,

Tərpədər zirvəni titrədər simi.

 

O gündə oğlunu yola salırdı,

Bir ana Xamnədən Təbrizə sarı.

Örpəyin başına atıb çıxmışdı,

Su səpsin dalınca oğlunun barı.

 

Ərkim

Təbrizə yollandı on dörd yaşında,

Bir bahar çağında, yazın başında.

Dərvazadan keçib içəri girdi,

Ərkin qabağında, atası durdu.

Gözləri yaşardı, qəlbi döyündü,

Nəğmə oxumağa qalxıb öyündü.

Ərkin tarixini yadına saldı,

Dərin təlatümli fikrətə daldı.

Keçdi «Xudabəndə» gözü önündən,

Baxdı Ərkə sarı «Sultaniyyə»dən.

«Şah Xətayi» qalxdı «Sayın» dağına,

Gözündən yaş axdı Ərkin bağına.

«Əbdülhəmid» yavaş tərənnüm edir,

Məhəmməd dalınca yolunu gedir:

 

Ey sinəsi minlər yara ilə dolu Ərkim,

Yüzlərcə ilin xatirəsi ey ulu Ərkim!

Qeyrətli oğullar vətəni, məskənisən sən,

Minlərcə müqəddəs cəsədin mədfənisən sən.

Onlarca şəhənşəhləri soydun yola saldın,

Ömrün başa verdin uca, başı uca qaldın.

Allaha baş əydin, cəlalın şə′nin ucaldı,

Oğlun böyüdü Qeysər-i Rumdan da bac aldı.

Şahlar şahı əydi başını oğlun önündə,

Sən fəxr ilə qaldın əbədi, dün də, bugün də.

Sərraf ilə Lə′l ilə Şukuhiləri doğdun,

Namərdləri hər təngədə, hər dömgədə boğdun.

Sarsıtdı dəni düşməni kibrin uca Ərkim,

Hər bir oyuna tənz ilə güldün qoca Ərkim,

Alnım ayağın toprağına qoymağa gəldim,

Şeytan gözünü səcdə ilə oymağa gəldim.

 

Göy məscid

Atasının dərdin sanki duyurdu,

Məhəmməd, ağlırdı gözün oğurdu.

İkisi keçdilər Ərkin önündən,

«Göy Məscid»ə sarı yollandı həmən.

«Xiyavan»da onun qohumu varmış,

«Seyid Hüseyn» adlı molla olarmış.

Xamnəli bir seyid, təqvalı seyid,

Bilikli, elmli, çox ali seyid.

Peşnamazı «Kərim Xan» məscidinin,

Fiqahəti, elmi, dəniz tək dərin.

Atası söylədi: «- Gəl gedək ora,

Haci Seyid Hüseyn evinə, bala!»

«Xiyavan» ağzında, üstündə yolun,

Görəndə caddənin arxada solun.

«Göy məscid»ə sarı yenə çatanda,

Karvanı saxladı söylədi ata:

 

«Cəhanşah həqiqi» yadigari, yarmış ədvarı,

Budur, Təbriz içində göylərə qalxmaqda ənvarı.

Fəzasi bir ilahi nur ilə dolmuşdu göy qəbbə,

Buraxmış heyrətə əqmarı, şəmsi, çərxe dəvvarı.

Şaxanda ildırımlar qısqanan çərxin həvasından,

Söküb yandırmaq istərmişsə göy günbəzdən asarı,

Təbiət titrəmiş, xilqət ayaqlanmış, fəğan etmiş,

Amandır yaxma qəlbin Təbrizin, yığ tiğe qəddarı.

İşıq qaynağını qarət edənlər səf-bə-səf durmuş,

Qaranlıqlar içindən tərpədib qalxızmış əşrarı.

Keçirtmək çün, bütün şərqə ilahi nur saçan şəm′i,

Müsəllət eyləmiş bu məscidə hər şahı, tərrarı.

Bu gün həm, bax Məhəmməd! Sinə gərmiş batil uğrunda,

Bu göy məsciddir oğlum, gəl qoru bu gənc-i əsrarı.

Əlin Allaha açmış bir işıq dəryasıdır oğlum,

Mənim tək sən də baxsan nur görərsən burda əhcarı.

Amandır qoyma təhqir eyləsin yad, qalx özün göstər,

Təkan ver zülfəqarə qav gilən ovbaşı, əşrarı.

Bura Təbrizdir, dünya boyu tarixi fəth etmiş,

Yuxuya getməz əlbəttə bu şəhrin bəxt-i bidarı.

Onun «Düzgün» kimi evladı vardır, qorxu yox, qəm yox,

Şücaət meydanın qoymazlar onlar sidqdən arı.

 

Bura fəzilətin işıq bulağı,

Saiblər ölkəsi Xətiblər yurdu.

Qoca Təbrizdir bu, hər zaman, hər vaxt

Düşmən qarşısında aslan tək durdu.

 

Yetginliklər evi, kəmal obası,

Qəhrəmanlıqların beşiyi Təbriz.

Qeyrətin, ismətin uca zirvəsi,

Bəşər tarixinin keşiyi Təbriz.

 

Səni çeynətmərəm namərd yadlara,

Ulu əcdadımdan qalan məkanım.

Necə mən yaşayım adsız, nişansız,

Tarixim, şərəfim, iliyim, qanım.

 

Mücəssəm qeyrəti islamiyyətin,

Qurqudlardan qalan öyüd qaynağı.

Təbrizim, bir sözlə söyləsəm qızım:

Elimin obamın yanar çirağı.

 

Vətən darol′elmi, el bili yurdu,

Ayələri təfsir eyləyən şəhər.

Düzləri arxada qoyub gəlmişəm,

Eşq ilə axmışam bax gör, nə təhər!

 

Xamnədən gəlmişəm qucağına mən,

Bura vətən dedim Füzuli sayaq.

Pənahım, yurd-yuvam, anam, amanım,

Durdum keşiyində ər kimi oyaq.

 

Talibiyyədə

Təbrizə gələndən neçə gün sonra,

Məhəmməd yollandı «Talibiyy»yə.

 

Orda bir hücrəyə yerləşdirildi

Dərsə başlayaraq oldu tələbə.

 

Orda bir neçə il qalıb dayandı,

Oxutdular ona «Lüm′ə», «Əmsilə».

 

«Haci Mirza Əbülhəsən Əngəci»,

Ona «fiqh» öyrətdi, həm «usul» dedi.

Bir də «Haci Mirza Həsən Müctəhid»,

Ona «Şeyx Məhəmməd» adını verdi.

 

Şəriət elmindən qıraqda ona

Mirza Əbdüləli «hekmət» öyrətdi.

«ərismatiq», həm də «həndisə», «hesab»,

Bir də «əruz», «nucum», «heyət» öyrətdi.

 

Burda Şeyx Məhəmməd xamnəli cəvan

İctihad mərzinə yaxınlaşırdı.

Maxaç Qala gəzən, dərbəndi görən,

Elmin zirvələrin bir-bir aşırdı.

 

«Təbiiyyat», «tarix», «rical» öyrənmiş,

Oxumuş «fəlsəfə», oxumuş «kəlam».

«Ədəbiyyat», «bədi′», «münşəat» görmüş,

Yazırdı «risalə», yazırdı «əhkam».

 

Xoş gələcək

Haci Seyid Hüseyn, Xamnəli alim,

Daha çox sevirdi Şeyx Məhəmmədi.

İnqilabçı ruhlu, ulu peşnamaz,

Daha çox sevirdi Şeyx Məhəmmədi.

 

Yanında bəslirdi bir tahir kimi,

Ummandan ayrılmış cəvahir kimi.

Onu yetirmişdi bir şair kimi,

Daha çox sevirdi Şeyx Məhəmmədi.

 

Ürəyinin barın yedirdəcəkmiş,

Ona Şeyx Məhəmməd xoş gələcəkmiş.

Ümidlər yığınağı, birdə diləkmiş,

Daha çox sevirdi Şeyx Məhəmmədi.

 

Ayna bulaqlardan duru axanı,

Şücaət qaynağı, məhcub baxanı.

Verdi ona qızı «Xeyr-ü-Nisa»ni,

Daha çox sevirdi Şeyx Məhəmmədi.

 

Mövizə illəri

Beləliklə, «Şeyx Məhəmməd» evləndi

«Xiyavan»ın böyük mallası oldu.

«Xeyr-ü-Nisa» onun ağır günlərdə

Dözümlə yanında qalası oldu.

 

Vəfatından sonra «Seyid Hüseyn»in,

Peşnamazlıq etdi rəsmiyyət ilə.

Həm gündüz, ham axşam namaz qılırdı,

O, öz məscidində cəmaət ilə.

 

«Kərim Xan» məscidin onun adilə,

Tanırdı cəmaət Təbrizdə bütün.

«Xiyavan» tərpənib dalğalanırdı,

Minbərə qalxanda həftədə bir gün.

 

Meydan oxuyurdu minbərdə hər vaxt

Deyirdi şeytana: «- Baş əy insana!»

Zalimi, şahları, qəsb-karları,

Çağırırdi hər vaxt ulu meydana.

 

Yuxusuz qoyurdu qəsb-karları,

Minbərdə mövizə edən zamanda.

Tehranda lərzəyə salırdı şahı,

Minbərin üstündə həqq danışanda.

 

Ona «Xiyabani» deyirdi millət,

Minbərinə mindən çoxu gəlirdi.

İşıqlı gözləri, odlu sözləri,

Məsciddə zülmətin bağrın dəlirdi.

 

Mövizə illəri, elin qəminə,

«Xiyabani» qaldı, qayğısın çəkdi.

Şər′i məs′ələlər, siyasəti də,

Deyib xəlqə, həqqin toxumun əkdi.

 

Həm də dərs deyirdi Talibiyyədə,

Fiqh, usul, riyazi oxudurdu o.

Nucim da, hey′ət də tədris edirdi,

Durmadan yazırdı həm pozurdu o.

 

Əncümən qurulur

Çox olmuş Təbrizin qanlı günləri,

Şanlı sənələri, şanlı günləri.

Bölgəyə ruh vermiş can bağışlamış,

Tarixi dirçəltmiş canlı günləri.

 

Qışın çovğununda yay bürküsündə,

Düşmənlərə sarı gərmişdir sinə.

Sabaha boylanan qanlı illərdə,

Azadlıq talein yazmış diz üstə.

 

Min üç iyirmi dördüncü ildir,

Təbriz dalğalanır yerdə dayanmır.

Yağdırır bəlalar, tökür bombalar,

Qəhrəman şəhərdən düşmən utanmır.

 

Siyasi həyati Xiyabaninin,

Yeni bir axında başlamaqdadır.

Əncümən qurulmuş Azərbaycanda,

Düşmən hər tərəfdən daşlamaqdadır.

 

Ədalət, musavat, birlik istəyir,

Xiyabani hər gün minbərə çıxır.

Hiddətli nütqilə, gündə yüz kərə,

İstibdad qəsrini dağıdır, yıxır.

 

Budur Şə′ban ayı, mubarək bir gün,

Mubarək saatda dedi ucadan:

«- Təbrizdə qurmuşuq «milli əncümən»,

Bizə yol göstərib söyləyib Qur′an:

 

Allah yardım etməz heç bir zalimə,

Məzlumun naləsin eşidər, bilər.

Halətin dəyişmək istəyən elin,

Dəyişər halətin, ona rəhm edər.»

 

Xiyabani oldu rəhbər orada,

Ümumi, xususi məclislər qurdu.

Danışdı hər axşam, nütüq söylədi,

Zülmün qarşısında dayanıb durdu.

 

Qurdu bir neçə də fər′i əncümən,

 «Musavat», «İttihad», «Həqiqət» adlı,

Bir də ki «Xiyavan əncüməni»ndə,

Özü danışırdı hər axşam çağı.

 

Təbrizdə məşrutə təbli çalındı,

Şahı Tehranda da təslim eylədi.

Müzəfərəddin şah üç aydan sonra,

Baş əydi şahlığın atın peylədi.

 

Xiyabani o gün Təbriz şəhrində,

Əncümənlilərə nütüq söylədi.

Məşrutə fərmanın imzalamağı,

Onun bu işini təhsin eylədi.

 

İki il sonra

Məhəmməd Əli Şah təxtə çıxandan,

Azâdi-xahlara vermirdi aman.

Təb′id etdirirdi, şəhid edirdi,

Əcəm şahlarının yolun gedirdi.

«Xosrov Pərviz» kimi, «Ənuşirvan» tək,

Olaydı tarixdə o «adil» gərək!

Bütün babaları şah olmuş onun,

Gedirdi durmadan onların yolun.

Tarix qarşısında baxsan şahlara,

Hamısının olmuş üzləri qara.

Babası Daryuş fəxr edirdi: «- Bəh!

Misrdə öldürdüm pişikləri də.»

Kuruş söyləyirdi: «kimsə qoymadım,

Diri Babildə mən, diriltdim adım!»

Şapur isə bütün yazan pozanın,

İp keçirtmək üçün, dəlirdi çiynin.

Hamısı fəzilət, bilik düşməni,

Havaya savuran gözəl vətəni.

Məhəmməd Əli Şah «xələf!» oğul tək,

Baxalım tarixdə nə etdi görək:

Bağlatdırdı bütün gündəlikləri,

Öldürdü Tehranda həqq söz deyəni.

«Liyaxof» əmrilə topa bağladı,

Şura məclisini, hər kəs ağladı.

Öldürdütdü bir çox mucahidləri,

Təxti-tacı ələ aldıqdan bəri.

Sonra da Təbrizə həmlə əmrini,

Verdi qazaqlara, sarsıltsın dini.

Hər gün püsgürürdü ağzından qan, qan!

Daha bilməyirdi: Allah qoruyan-

Çiraği kimsənə söndürə bilməz,

Ləkəni nə bomba nə də top silməz.

 

Təbriz, şahlar şahın heçdə saymadan,

Öz qurduğu yeni müqəddəs dövran,

Müqəddəs arzular məskəni şəhər,

Görəlim pusquda durdu nə təhər:

Qoy ilkcə Təbrizi öyüm qızım çin,

Təbrizə yazmışdım bu şe′ri bir gün:

 

***

 

Sən mənim şe′rimin ruhuna döndün,

Muqəddəs arzulu Təbrizim mənim.

 

Mən səndə tapmışam Babək inadın,

Bahar günlərinin qoxusun, dadın.

Çıxmaz xatirimdən heç zaman adın,

Muqəddəs arzulu Təbrizim mənim.

 

Sən mənim həyatım, boyük amalım,

Eşqim, iftixarım, cah o cəlalım,

Səndən ayrılmazdır fikrim, xəyalım,

Muqəddəs arzulu Təbrizim mənim.

 

***

 

Təbriz qurdu o il yeni bir dövran

On bir ay dayandı, durmadı, inan!

İnqilabçıları işə çağırdı,

İstibdadçılara qalxıb bağırdı.

Məhkəmə yaratdı, qaraqol qurdu,

Məhəmməd Əli Şah önündə durdu.

Səttar Xan, Bağır Xan yarandı o gün,

Təbriz macərasın yaxşıca düşün.

Xiyabani olmuş onlara rəhbər,

Hər nə yazsan şair, yaz ona, dəyər.

Dəyər, dəyər əlbət, Xiyabani çün,

Can fəda edənlər, çox idi o gün.

«Xiyabani» deyə, hayğırdı millət,

Səngərlər yaratdı eylədi himmət!

 

Xiyabani səngərdə

Yetişdi Təbrizə şahın ordusu,

On bir aylıq savaş başlanacaqdır.

Belə zənn etmə ki ordu udacaq,

Şahçıların qəsri daşlanacaqdır.

 

Vuruşqan, döyüşcü, savaşçı ərlər,

Qafqazdan da gəlmiş çoxlu müsəlman,

Təbrizə dolmuşlar dəstə-bə-dəstə,

Qorxuya düşürdü gün bə gün Tehran.

 

«Səttar Xan», Əmrəqız məhəlləsində,

Bayraqları bir-bir yerə salırdı.

«Bağır Xan», xiyavan küçələrində,

«Xiyabani»dən çox ilham alırdı.

 

Gecələr məsciddə nütq söyləyir,

Gündüzlər səngərdə tüfəng atırdı.

Şeyx Məhəmməd burda örnək olmuşdu,

Məscidi səngərə gəlib qatırdı.

 

Gecələr cəhaddan danışan malla,

Gündüzdə səngərdə cəhad edirdi.

Zülm ilə vuruşur, durmadan, Billah!

Movlasi Əli(S)nin yolun gedirdi.

 

Cəmaət namazı iqamə edir,

Əncüməni bütün imana çəkir.

Qeyrət qanlarını coşduran bu şeyx,

Azadlıq toxumun səngərdə əkir.

 

Odlu sözlərilə, iradələrin,

Polad tək edirdi mucahidlərin.

Düzgün yaşayanı ana yurduna,

Tapırdı, öyüdlər verirdi dərin.

 

***

 

Tüfəngi çiynində öndə gedən gün,

Bağır Xan ruhlandı, ellər ruhlandı,

Rəhim Xanı basdı bircə həmlədə;

İngilis, odlandı, Rusiyə yandı.

 

Qorxudan «Rəhim Xan» elə qaçdı ki,

Qazanlarını da aparanmadı!

«Paxitanof» Rusun gobud qonsulu,

Ondan sonra orda day dayanmadı.

 

Əncümənə tikdi göz bütün İran

Dedilər bir gecə Xiyabaniyə,

Eynüddövlə gəlir, nə yatıbsan, dur!

Bu cəllad, aslanlar yurduna girir,

Onun da qulağın Rəhim Xan tək bur!

 

Otuzmin Tehrandan ordu çəkirmiş,

Təbrizi yandırdı, qanlar axıtdı.

Dörd tərəfdən şəhrə bomba yağdırdı,

Bazarı, evləri, yurdu dağıtdı.

 

Bu nədir? Hər yerdən göylərə qalxan?

Analar naləsi qızlar səsidir!

Təbriz od püsgürür, kimdir od vuran?

Təbrizdir, döz, bura, həq nəfəsidir.

 

Muqəddəs geyimin əyninə geyib,

Tüfəngin çiyninə salan bir malla,

Şahin kimi uçan, sərv tək gedən,

Uca boylardan bac alan bir malla.

 

Reyhanlar ətrini səngərə yayır,

Şəhidlərə bir-bir namaz qılırdı.

Gözlərin işıqlı sabaha tikib,

Ənyin səmalardan ilham alırdı.

 

Şah Eynöddövləyə telğıraf etdi:

«- Sən Rəhim Xan kimi özünü yorma!

Daşı daş üstündə qoyma Təbrizdə,

Alt üst eylə gilən bu şəhri, durma!»

 

Amma Şeyx Məhəmməd rüsvay eylədi,

Eynöddövləni də, şahlar şahın da.

Qoy bilsin, bilməsə Əcəm dünyasi,

Aslanlar yatıblar Azərbaycanda.

 

Eynöddövlə qaçdı Vasmınca sarı,

Əncümənə tikdi göz bütün İran.

Tehran, Məşhəd, Qəzvin, Rəşt, birgə dedi:

Amandır, dayanma, qalx Azərbaycan!

 

Bir daha rüsvayçılıq

Qulaq as qəlbimin nisgili qızım,

Ürəyimdən axır kağıza sızım.

Şahın el uşağı geri dönsə də,

Rus ilə İngilis gəldilər yenə.

«- qırx min qoşun göndər» şahlar şahına,

Dedilər ki: «- yardım edərik sana!»

Şahın nökərləri Parisə getdi,

Şahlar şahı ordan «istiqraz» etdi.

O pul istədi ki Təbrizi bassın,

Xiyabaniləri darlardan assın.

Nəfəsini kəssin Hüseyn Bağvanın,

Ürəyin dağlasın Azərbaycanın.

Lakin Xiyabani, buna dözmədi,

Heçdə küsgünləşib dodaq büzmədi.

Telğıraf xanaya düz getdi birdən,

Paris məclisinə tel vurdu ordan:

 

«- Məclisin izni, bax, olmadan, bilin!

Şaha pul verilsə, millət ödəməz!

Sabah şahlar şahı, yurddan qaçanda,

Şahın borcu, yükü bizimdir, deməz!»

 

***

 

Şaha pul vermədi Fransa, lakin,

Ruslara söylədi: «- İrana girin!»

İngilis cənubdan, Ruslar şimaldan,

Vətən işğal oldu, quşandı İran.

Qatil Eynöddövlə qırx min qoşunun,

Götürüb, əmr etdi: «- Tehrana sürün!

Təbriz Ruslarındır, qoy işğal olsun,

Niqolay saldatı qoy şəhrə dolsun! »

 

Bu da rüsvayçılıq, şahlar şahı çin,

Üzü qaralıqdır, eybdir, bilin.

 

Əcnəbi bəlasi

At çapırdı Ruslar Təbriz içində,

Qulaq ver deyirəm sözüm yerində.

Mərsiyə yazıram burda mən qızım!

Qəlbimdə ağrı var, dilimdə sızım.

Ellər ağlasalar qəhrəmanlara,

Qan alarlar bütün gedən qanlara.

Rusu gətdi eşqin ucuza satan,

Eşqə söz verməyən, vicdanın atan.

Eşqdir xilqətin, təməli-daşı,

Sədaqətdir onun doğma qardaşı.

Sidqi tanımayan eşqi qanmayan,

Cəhl yuxusundan oyanmaz, inan.

Vətəni də satar, eli də satar,

Əcnəbi köşkündə yaşayar, yatar.

Tülkü daldasında gizlənən namərd,

Xiyabani qəlbin etdi dərdmənd.

Alimin ürəyin ağrıya saldı,

Alim yenə durub fikrətə daldı.

Rusları qoymadı milləti əzsin,

Gələcəyə baxıb düşündü dərin.

Sabahı görürdü, yola baxırdı,

Qara zülmətlərə nur tək axırdı.

 

Əcnəbi bəlası Təbrizi sardı,

Vətən evladının günü qarardı.

Sındıra bilmədi lakin şəhəri,

Nə şah satqınları, nə Rus nökəri.

Ağ bayraqlar yenə bir-bə-bir yendi,

İyidlər atlanıb yəhərə mindi.

Tüfəng əllərində küçə-bə-küçə,

Rusları qırdılar lap ürəyincə.

«Qonaq qırdı» qopdu Təbrizdə qardaş,

Qaçırdı şəhərdən ərazil, ovbaş.

Sanki bir də qaynır «Kəlantər Küçə»,

Daha kəsmir kimsə Ruslara beçə!

 

***

 

Xiyabani Usyan qldırdı burda,

Səltənətə qarşı çıxdı bu malla.

Bəndər Əbbas, Gürgan, Həmədan, Şiraz,

Qalxırdı dalınca o şeyxin az-az.

Tehran da tərpəndi Təbrizə dayaq,

Hayğırdı, «- Sağ olsun!» dedi, nə sayaq!

 

 

Tehran fəth edildi bir gecə nagah,

Səltənət təxtindən xəl′ oldu o şah.

«Adəsa»ya getdi təb′idgahına,

Milləti buraxdı şah öz halına.

Girmək istədisə yurda doğudan

Dəf′ oldu həmləsi, düzəldi dövran.

Xəl′ oldu dir biblik o üzü qara,

Bağlandı dosyəsi, həm düşdü dara.

Məkr edəni Allah məkr ilə yıxdı,

Bir an dayanmadan boğazın sıxdı.

 

Millət vəkili

O, kənd yollarının qəhrəmanidi,

Xəlqin ürəyində məkan salmışdı.

Palçıqlı yollarda, tozlu yollarda,

Şahların başından taclar almışdı.

 

Qalxmışdı ayağa xoruz banında,

Dağ, gəlirdi ona düzənlər kimi.

Başını əyirdi bir tək Allaha

Nə′rələr çəkirdi şaha nər kimi.

 

Güllü güneylərdə lalə bağında,

Şəhidlər qanından sorağ alırdı.

«- Bu yolun yenişi yoxuşu olar»

Deyirdi gəzərək fikrə dalırdı.

 

Ömür-gün dolandı, savuşdu illər,

Xiyabani oldu millət vəkili.

Kəndlilər, fə′lələr, əli yalınlar,

Ona səs verdilər bir rəhbər kimi.

 

Təbrizli deyirdi: «- Uca boy bu Şeyx,

Mubariz, müdəbbir, diyanətlidir,

Mömün dür, şüca′ dır, sâdiq dir, tək dir,

Qorxmaz baş, savaşqan, çox himmətli dir.»

 

Sözü də, işi də düz olmuş onun,

İmami Əli(s) tək yaşamış məzlum.

Cəmâət imami, hovzə ustadi,

İşləri Təbrizin əhlinə mə´lum.

 

Təbriz əhsən deyir Xiyabaniyə,

Otuz yaşında bu alim mallaya.

Şura məclisinə vəkil seçilir,

Mirza İsmaillə gedir Tehrana.

 

Rədd olsun oltimatom!

Tehrana gələndən iki il sonra,

Yeddi Azər günü, gün orta çağı,

Məclisdə oxundu bir oltimatum,

Rusiyyə İrana demişdir: «- yağı!

 

Gəlirik qəzvinə ordu salmağa,

Saldatlar, qazaqlar cənuba axır!

Körfəzin, Ümmanın isti suyundan,

İngilisdə durub Şiraza baxır.»

 

Ölülərə tapan qorxaq Əcəmlər,

Məclisdən çıxaraq getdilər evə.

Alçaqlar şə′ninə xətər gəlməmiş,

Əymişlər şeytana, əymişlər devə.

 

Minlər arvad kəfən geyib gəlirdi,

Qorxaqlar məclisi tərk edib getdi.

Xiyabani birdən ayağa qalxdı,

Tiribun dalında gör nələr etdi:

 

«- Dinlədim mən Rusun oltimatomun,

Nədən oturubsuz böyləcə susğun?

Mən bir İranlı tək edirəm heyrət,

Siz nədən etmirsiz zərrəcə himmət?

Cəvabı verilmiş oltimatomun,

Üç-dörd yüz il qabaq, bunu siz bilin!

Muzakirəyə mi qoyubsuz bunu?

Durun yığışdırın bəsatınızı!

Millətin əldəki istiqlaliyyəti,

Vergidir, yıxanmaz kimsə milləti.

Mən vergi sayıram, Allah vergisi

Təbii həqləri, fitri nəfəsi.

 

Kafir Rus bu işlə haraya gedir?

Bu oltimatom, bu həqqi nəfy edir.

Ucadan deyirəm cəsarət ilə,

Sizə söyləyirəm mən qeyrət ilə,

Verməz istiqlalın əldən bu millət,

Rus bağırmasa nə olmuş illət?

Qoy Ruslar da yığsın ağlın başına,

Bir baxsın ölkəmin qoca yaşına.

Qoy Tezar düşünsün, bir fikr eyləsin,

Kimsə ağıl qoysun, ona söyləsin,

Geri alsın bugün oltimatomun,

Dünyada qılmasın Rusları zəbun...

Düşmənin başına yendirrəm batum,

Rədd olsun həmi Rus, həm oltimatom!»

 

***

 

Xiyabani yendi, «Hacı Şeyx Riza»,

Sonra «Şeyx İsmail» çıxdı minbərə,

Göylərə yağırdı atəşin sözlər,

Solmuş bir tərəfdə «Vüsuquddövlə»!

 

Oltimatomu rədd etmişdi məclis,

Millət dayanmışdı Tezar önündə.

Vırnıxırdı hər gün Rus nökərləri,

Bəlkə xəfələsin milləti birdə.

 

Qartal qanadı

İki həftə sonra məclis bağlandı,

Erməni «Yeprim Xan» sərkərdə oldu.

Təbrizdə Tehranda qanlar töküldü,

Yenə azadlığın gülləri soldu.

 

Güllələr yağırdı xiyavanlarda,

Qız oğlan sinəsin gərib gedirdi.

Mərmilər deməz ki geri qayıdın,

Yeprim Xan, etdiyin burda edirdi.

 

Nəzmiyyəni Qacar Yeprimə verdi

«- Analar, bacılar!» demədi, deməz.

Bilmirdimi məgər Vüsuquddövlə,

«- Bizim evladımız!» Yeprim söyləməz?

 

Özündən saymaz o müsəlmanları,

İnsanlıq düşünməz, anlamaz şərəf.

Yeprim qırar bir bə bir insanları,

«Şeyx» ilə o özün bilirmiş tərəf.

 

«Fəzlullah Nuri»ni öldürən qatil,

Xiyabanini də axtarmaqdaydı.

Onun görüşüncə şərr baxışınca,

Xiyabani cayır bir neçə aydı.

 

İslamdan danışır, təqvadan deyir,

Ədalət sözünü dilə gətirir.

Minbərlərə qalxır, mövizə edir,

Millətə Qur′andan peyğam yetirir.

 

 Yeprim Xan zirvədən qorxan Erməni,

Onca ölməlidir belə bir malla.

Yeprim Xan, bir alçaq – qaranlıq dərrə,

Qanad göstərənməz qartallar ona.

 

Eşitdi, gələcək «Səbzə Meydan»a,

Bugün xiyabani nütq eyləyəcək.

Hənnânə üstünə çıxacaq o şeyx,

Millətə atəşin söz söyləyəcək.

 

Xiyabani gəldi bir saat yarım,

Danışdı Tehranda, Səbzə Meydanda.

Yeprim muzdurları gizlənirdilər,

Qartal qanadını açan zamanda.

 

Kimsə tutanmadı Xiyabanini,

Aradan çıxartdı millət rəhbərin.

Yeprim, alçaq, zəbun bir köpək kimi,

Heç fürsət tapmadı düşünsün dərin.

 

Hiylə-kar, keyd etdi, hiylə eylədi,

Özünə qaytarır Allah hiyləsin.

Bitmir bu mâcəra, qan ağlır Təbriz,

Görəlim nə olur, nə olur, deyin!

 

Həqqə baş əyən ulu

Acı xəbər vardır Təbriz şəhrindən,

Atəş atəş üstə yağdırır düşmən.

Rus qonsulu yuva orada salmış,

İngilizlə birgə bir qərar almış:

Öldürəcək bütün azad-xahları,

Xoş bir rəqs edəcək «Kreml»ə sarı.

Tasua günüdür yer-göy qan ağlır,

Təbriz kəfən geyib ürəklər dağlır.

Deyir: «- Heyhat! Heyhat! Boyun əymərik

Zillətə, xarlığa sarı getmərik!»

Hər yandan qalxıbdır novhələr səsi,

Köksündə həbs edir hər kəs nəfəsi.

Siqət-ul İslami qonsul çağırır,

«- İmzala kağızı!» deyib, bağırır.

Baxir bir kağıza, Siqət-ul İslam,

Yazıb: «- Təsdiq edir hər əhl-i kəlam,

Ki Rus saldatları təbrizdə qalsın!

Allahda Ruslardan qoy razı olsun!»

Dedi: «- Mən kəsərəm öz əllərimi,

İmzalasa bunu bil, bir gəl bəri!»

Rus qonsulu gəlib yaxınlaşanda,

Siqət-ul İslam vurdu bir silli ona.

Dedi: «- Mən azadə imam quluyam,

Həqqə baş əymək çün, belə uluyam.

Nahəqqə sarı bil əl uzatmaram,

Həqqi üç-beş günlük ömrə satmaram.

Vəlov muqtədama qavuşam bugün.

Dur yığışdır donun, Təbrizdən sürün!»

Qonsul Əmr eylədi «- Həbs edin bunu!

Görəcək nə olar bu işin sonu!»

 

***

 

Aşura gecəsi saat iki di,

Dedi Siqət-ul İslami vurdu cəlladlar.

Ən ülvi məhəbbət sarmış könlünü,

Bunu bilməyirlər o qəsb-karlar.

 

Su da vermədilər dəstnamaz alsın,

Təyəmmüm edir o, qılır namazın.

Qonsul yeddi yuxu içinə cummuş,

Allahla edir o raz o niyazın.

 

Aşura şəhidi

Səhər olur, səhər, Aşura günü,

Onu gətirdilər bir aslan kimi.

Elə durmuşdu ki qonsulxanada,

Qullədən görünən asiman kimi.

 

Bir də Şeyx Səlimi, Məhəmməd Qulu,

Ağa Məhəmmədi, Sadiq-ol Mülkü,

Ziya′-ol Üləma, Qədir, Həsəni,

Çəkdi dara, orda, o gün, o tülkü.

 

***

 

Dar ağacı altda dedi o ulu:

«- Şâhid ol gilən sən Ya Rəsul Allah!

Dinivi saxlamaq üçün ölürəm,

Bundan başqa məndə yoxdur bir günah.»

 

O vaxt qırx günədək ağlaşdı Təbriz,

Aman, dayan yenə qan yaşdı Təbriz:

 

«- Ürəyimdir yanır, göz yaşım axır,

Acı əhvalatım yandırıb yaxır.

Necə dözmək olar bu fəzâhətə,

Dözüm daşır ürək köksümdə çaxır...

«Rizayi»dir deyir bu mâtəm içrə:

«Siqət-ul İslam» məslub olmuş, dik baxır...»

 

***

 

Xəbərdən sarsıldı çox, Xiyabani,

Göz yaşı axıtdı, acıdı canı.

Ailəylə birgə Məşhədə getdi,

Dərgəhinə qərib imamın yetdi.

Üç ay qaldı orda qərib kimsəsiz,

Onsuz da qurbətə düşmüşdü Təbriz.

«Səməd Xan» at çapıb şəqqələyirdi,

Rusa sığınmışdı, yeyin gedirdi.

 

Səfər və siyahət

Xiyabani çıxdı səfərə ordan,

Bakıya Tiflisə getdi durmadan.

Ordan Dağıstana, Maxaç Qalaya,

Hər şəhrə, hər kəndə, hər bir obaya,

Getsədə Təbrizi düşünürdü o,

Təbriz havasilə üşünürdü o.

Qalmışdı oğulsuz, qalmış kimsəsiz,

Rusun atəşində yanırdı Təbriz.

Bir gün birdən dedi Maxaç Qalada:

«- Təbrizə gedirəm!» durdu ayağa.

Kimsə qabağını ala bilmədi,

Ona boyunduruq sala bilmədi.

 

***

 

Dünyada utuzan utan da olar,

Bir çox güllər olur, açmadan solar.

Vəlâkin yanılmaz ulu qəhrəman,

Uduzmaz sədaqət, uduzmaz vicdan.

Ürək eşq evidir kimsəyə satmaz,

Qəflət yuxusundan oyanan yatmaz.

«Qəhrəman gözləyir yaralı Təbriz»

Xiyabani dedi: «- Day sağ qalın siz!»

Bir baş ordan getdi «Badamçı» gilə,

Rusun qəddarlığın o bilə-bilə.

 

***

 

Təbrizə gələndən neçə ay sonra,

O e′tiraz etdi qəsb-karlara.

«Protesto» yazdı, yaydı hər yana,

Aşiqlık salmışdı onu gümana!

«Ədəbi əncümən» Təbrizdə qurdu,

Şe′rlər yazırd, qızdırırdı yurdu.

 

Üç il sonra qaçdı Şuca′ü ddövlə,

Tiflisə yerləşdi, bitdi vəlvələ.

Tezar da yıxıldı, inqilab oldu,

İmpiratorluğun gülşəni soldu.

Həqqin dönməz üzü qələbə çaldı,

O gün müstəz′əflər öz həqqin aldı...

 

Hələ qalsın, bunu yazaram sonra,

Bizim məktəbimiz uludur, bala!

Həqdən qaynaqlanmış, millət yoludur,

Əli(s)nin qılıncı, həqqin qoludur.

Mən də əyri getdim keçmiş günlərdə,

Çox qusur etmişəm bu az ömrümdə.

Mən öz millətimdən əfv istəyirəm,

«- Məni bağışlasın Allah!» deyirəm.

Qələmim yorğundur, ürəyim xəstə,

Gəl keçək gül qızım, tez mətləb üstə.

 

Təcəddüd

Dörd yüz səksən nəfər gəldi Təbrizə,

İstibdad çökmüşdü o zaman dizə.

Xiyabani yığdı onları həmən,

Dünyanın hər bir yer, hər nuqtəsindən.

Beş il qabaq tə′til olan firqəni,

Bir daha diriltdi, qurdu binəbi.

Konfrans eylədi Təbriz şəhrində,

Eyalət məclisi qurmuşdu firqə.

«Təcəddüd» yarandı bir orqan kimi,

Seçildi böyük şeyx, nigəhban kimi.

«Təcəddüd» bürüdü hər kəndi, şəhri,

Birinci sayının beləydi titri:

«- Həqiqət işığı parlayacaqdır!

Dünyanı azadlıq, həqq alacaqdır.»

 

İbrət aynası

Doxsan altıncı il xurdad ayında,

Beş il can yanğısı çəkdikdən sonra,

Şəhidlər məzarın ziyarət etdi.

Xəlq hamı yollanıb qəbr üstə getdi,

Sarmışdı vətəni sanki ilk bahar.

Dəstələr bir səslə oxuyurdular,

«Safi»nin qoşduğu qəmli novhəni

Təhrik edirdilər hər dinləyəni:

 

«- Ey vətənə bəzl eləyən nəqde can,

Millətə dar üstə verən imtəhan.

Məhv ola müşkildi bu nam o nişan,

Qanla səfa tapdı bəhar-i vətən!»

 

Xiyabani qalxdı Hənnanə üstə,

Millət yanın aldı, çox, dəstə-dəstə.

Dedi: «- Bugün məslək qələbə çaldı,

Əqidə hər nəyi altına aldı.

Qovmiyyət, milliyyət, daha nə demək,

İnsaniyyət yolun biz gərək gedək.

 

İbrət aynasıdır bugün, intibah,

Şəhid məzarına çiçək qoyulur.

Dünən Təbrizlini güllələyən Rus,

Bugün təkəbbürdən, kindən soyulur.»

 

Təbrizdə qıtlıq

Xiyabani oldu firqə başçısı,

Bu bir məqam idi millət seçgisi.

Firqəni dəyişdi, tövseə verdi,

Bir neçə şura da o tə′sis etdi.

Təbrizdə baş verdi ölümcül qıtlıq,

Ölüm çökdü şəhrə hey qırıq-qırıq.

«Âzuqə şurası», «Dar əl-Məsâkin»

Xiyabani qurdu, o idi əmin.

Buğda toplayırdı, çörək yapırdı,

Hər yeri gəzib bir az un tapırdı.

Qoymurdu qırılsın kasıb, kusubu,

Həqq fağırlarındır, bilirdi bunu.

Lakin əngəllədi «Şərifüddövlə»,

Firqənin işini, həqq bilə-bilə.

O difa′ edirdi möhtəkirlərdən,

O qanmaz nə namus, nə el, nə vətən!

Lakin namussuzun hərəkətləri,

İyidləri çəkir hər vaxt irəli.

O zamanda Təbriz bir daha qalxdı,

Dərədən yüksəlib zirvəyə baxdı.

Qoymadı dayansın daş daşın üstə,

Millət çıxdı çölə çox, dəstə-dəstə.

«Şərifüddövlə» də Tiflisə getdi,

Şoca′dövlə kimi it təki itdi.

Seçgilər başlandı iki il sonra,

Səs verdi Təbrizli bu səsə, haya.

Doqquz nəfər vəkil, həmvətən seçdi.

Onların altısı firqə üzviydi.

Aldı Xiyabani doqquz min səsi,

Ələ gətirmişdi güclü nəfəsi.

Bir daha tapıldı «Vusuquddövlə»

İngilizlə verdi birdə əl ələ.

Min doqquz yüz on doqquz ad ilə,

Tanınan anlaşma almışdı ələ.

Şeyx Məhəmməd bunu bilcək atlandı,

Yenə də töhmətə-şərrə qatlandı.

Adlandırdı onu: «- bir vərəq parə

Day qoya bilməzsiz xəlqi avârə!»

Rüşvət önərmişdi Xiyabaniyə

Ol vusuquddovlə, on beş min lirə!

İngiliz salmışdır onu lap ələ,

Tanımırdı Türkü bu tülkü dövlə!

Türkün şərəfini hər topraq deyir,

Hər kəs Türk önündə başını əyir.

Xiyabani yurdun əsil Türk oğlu,

Ürəyi eşq ilə həm kinlə dolu.

 

Təmiz vicdan

İlhamın almışdı peyğəmbərlərdən,

Ona güvənirdi bu böyük vətən.

Qur′an yolçusuydu, təqva rəhbəri,

Hər günahdan iraq, hər suçdan bəri.

Əbədi bir məktəb ona ruh vermiş,

Şeytan qarşısında sinəsin gərmiş.

Əli(s) haraylamış, Hüseyn(s) çağırmış,

Azadlıq səsləmiş, həqqi bağırmış.

İnsan səadəti onun şuarı,

Və′də vermiş xəlqə ilkin baharı.

Necə birgə olar yəzdanla şeytan?

Huş elə, sən qızım, düşün bircə an:

Ədalətdən, həqdən doğulan insan

Yönəlməz nahəqqə, şərrə heç zaman.

Xiyabani yə′ni: ədalət səsi,

Məhəmməd(s)in savı, Qur′an nəfəsi.

Ülvi bir səmadan gəlmişdir adı,

Təbrizli vermişdir ona inadi.

Dayanmışdır ona, inanmış ona,

Xəyanət mi edər o rəhbər buna?

Təmiz vicdanına mən də heyranam,

Bir Təbrizli Türkəm, âdi insanam.

Nə yalnız yazıram mən ona nəğmə,

Dünya heyran qalmış əməllərinə.

Vuqarın önündə dağ da baş əyir,

Göylər yerə yenir, «əhsəntüm!» deyir.

 

Əlqərəz, dövlənin önərdikləri

Rədd oldu, əlində qaldı rüşvəti.

O salih bəndənin təmiz vicdanı,

Tanımaz dövləni, şahı, sultanı.

 

Major Biyorlinq!

Təbrizə bax gilən, Tehran neylədi,

Bir murdar kafiri hakim eylədi.

Major Biyorlinqi bura göndərdi,

Çərxin gedişini sanki döndərdi.

O, «Fukul Kulu»nu etdi muavin,

Müsəlman irzinə olmuşlar əmin!

Gəlmirdi təbrizdən həyat nəfəsi,

Hər yerdən qalxırdı e′tiraz səsi:

Xiyabani çıxdı minbər üstünə,

«Məhəlli məclisi» qurmuşdu yenə:

«- Təbrizə ihanət edibdir Tehran,

Bunu unudamaz heç bir qəhrəman.

Vusuquddövləyə dözənməz Təbriz,

Didim-didim edib dağıdarıq biz.»

Bu sözlərdən sonra qopdu ulu hay,

Küçələrdə qalxdı səs-küy, hay, haray.

«Xiyabani», «Rabit», bir də «Fıyuzat»,

Düşmənin üstünə çapırdılar at.

«Sultan əl-odəba»da həmrah oldu,

«Təcəddüd» yerində hey′ət quruldu.

«Qardaşlar dinləyin» dedi o malla:

«Biz hara, Vusuquddövlələr hara?

On dörd il vuruşmuş qocaman Təbriz,

İstibdaddan burda qalmamışdır iz.

Necə indi gəlsin Vusuquddövlə,

Alsın bu şəhəri bir daha ələ?

Major Biyorlinqi hakim mi qılsın?

Təbriz evladı da dayanıb dursun?

Məhəmməd Əli Şah, Şoca′oddövləni

Bu şəhərə xor baxan hər bir gələni,

Dizə çökdürmüşük, indi susaq mı?

Bu da bir rəngdir mi? Bu da boyaq mı?»

 

Qiyam

«Təcəddüd» evində hər gün danışır,

Xiyabani coşur, ürəkdən daşır.

Tarix fərvərdinin on yeddisiydi,

Min iki yüz doxsan doqquz iliydi.

Təcəddüd evində toplandı hamı,

Ki nə olacaqdır rəhbər pəyamı?

«Nobar»da tutmuşlar «Mirza Bağır»ı

Major almamışdır əmrini geri.

Silahlı cəvanlar bağladı dəstə,

Birdən yügürdülər Biyurlinq üstə.

O azadi-xah da azad olundu,

Majorun heybəti bərbad olundu.

Sabah çərşənbəydi cəlallı bir gün,

Bax, Təbriz Majora söylədi: «Sürün!

Dur tökül eşiyə, qiyam olacaq,

Vusuquddövlənin rəngi solacaq!»

Bazar da bağladı, mədrəsələrdə,

Gəldi şəhrə hamı çox, dəstə-dəstə.

Silahlar göylərdə o gün oynadı,

Şö′lələndi Şeyxin dərin inadı.

Major titrətməyə düşdü qorxudan,

Bir daha qalxmışdı Azərbaycan.

Çərşənbə gecəsi «Fukul Kulu»la,

Tehrana süründü o, qorxa-qorxa.

Qiyamın sabahi, cumə axşamı,

«Təcəddüd»ə doldu bir daha hamı.

Xiyabani seçdi «Müdirə Hey′ət»,

İşıqlar saçırdı, şəhərə, qeyrət.

Günəş saçaqların açmışdı o gün,

Təbriz diri idi, gəl bircə düşün,

Hər yerdən gəlirdi həyat nəfəsi,

Azadlıq, hüriyyət, istiqlal səsi.

Əzan verilirdi minarələrdən,

«Allah-u Əkbər» ilə dolmuşdu vətən.

Müdirə Hey′əti verdi bir e′lan:

«Ağlın başa yığsın!» dedi: «qoy, Tehran!»

Belə deyilirdi bəyaniyyədə:

«Əcnəbi nökərin saldıq biz çölə.

Əsasi qanunu icra etməsə,

Tehran məşrutənin yolun getməsə.

Təbrizdən Tehrana at çapacağıq,

Həqqin gur səsini biz tapacağıq.

Ulusa asayiş, ölkəyə izzət,

Istəyir təcəddüd, istəyir himmət.»

Bu bəyanəni tez «Təqi Rəf′ət»,

Çevirdi Fıransız dilinə, əlbət.

Yaydı hər bir yerə, yolladı nəşrə,

Göndərdi büsbütün səfirliklərə.

 

Şanlı Türkcəmiz

Hər gün Xiyabani nütq söyləyir,

Arzusun, amalın hey bəyan edir.

Türkcə danışırdı fəsahət ilə,

Varlı Türkcəmizdə bəlağət ilə.

Dinləyənlər bütün heyran olurdu,

Əcəm hənasının rəngi solurdu.

Gözəl danışırdı Türkcəmizi o,

Ucabaş edirdi hər gün bizi o.

Könlü də, dili də maliydi elin,

Düz evlad unudmaz, danmaz öz dilin.

Qiyam qaldırmışdı şanlı Türkcəmiz,

Əymirdi Tehrana qəhrəman Təbriz.

Tehranlı özünə əydirəcəkdir,

Atlanıb Tehrana o gedəcəkdir.

Təzyiqlərə mə′ruz qalmış dilimiz,

Batil caynağında əsir elimiz,

Çiçəklənir indi, gülürdü indi,

Əhsən deyənlər, on yox, yüz yox, min di...

O, hər gün Təbrizdə bir nütq edirdi,

Məclisə «Rəf′ət»lə birgə gedirdi.

Dəyişirdi xəlqin mə´nəviyyatın,

Hər gün hiss edirdi səsin həyatın.

«Mə´nəvi təhəvvül gərək millətə,

Toplanın!»

Deyirdi hər gün ümmətə.

Bəliğ natiq idi, fəsih bir xətib

Türkcə-farsca yaza bilən bir ədib.

Birinci nütqündə opurtonizmi,

İfşa etdi dərin filosof kimi.

Birlikdən danışdı ikinci gündə,

İttihad qoxurdu onun sözündə.

«Milli hakimiyyət» üçüncü misdaq,

Olmuşdu nütqünə, onun sən bir bax,

Nə deyir? «- xaindir.» deyir: «- millətə.

Pul ilə seçilən hər nümayəndə!»

«Rə′y, polad qoludur, millətimizin,

Duracaq başında dövlətimizin!

Milli hakimiyyət əzəmətli dir,

Bu qudrət, bu izzət çox heybətlidir.»

Başqa bir nütqündə dedi: «- El! Öyün!»

El iradəsindən danışdı o gün.

«- Millət molududur.» dedi: «hukumət.»

«- Ona görə hakim olmalı millət.»

Dedi: «cəmaət bir mə′lum quvvədir»,

«- Kim deyir anonim bir məchulədir?»

«Tehran qorxacaqdır bizdən o gün ki,

Ondan hesab çəkib deyək: bəs hanı?»

«- Biz ilkcə Təbrizi, Azərbaycanı,

Sonra da Tehranı, bütün İranı.

Təcəddüdə sarı sovq verərik,

İrana əmniyyət biz gətirərik.»

 

Öcək-böcək!

Xiyabani «casus» adlandırıldı,

Ədəbsiz-kəmalsız dillər ucaldı.

Millət lakin buna qulaq asmadı,

Rusdan Almandan da gəlib bac aldı.

 

Özünü öldürdü «Kurət Vestru»

Rus girdi qınına, Fıransa qaçdı,

Alman binasına girən namərdlər,